Livan sərhədində gərginliyin mərkəzində 5 yüksəklik – Ərazi mübahisələrinin gələcəyi necə olacaq?

2025/05/1746425656.jpg
Oxunub: 629     21:23     07 May 2025    
Livanın cənub sərhədində bir ildən artıq davam edən İsrail-“Hizbullah” toqquşması 27 noyabr 2024-cü ildə qüvvəyə minən atəşkəs razılaşması ilə sona çatmışdı. Bu razılaşmaya görə, 60 gün ərzində “Hizbullah”ın Litani çayının cənubunu tərk etməsi və İsrailin də Livan ərazisindəki hərbi qüvvələrini geri çəkməsi nəzərdə tutulurdu. 60 günlük müddətin sonunda Livan ordusunun bölgəyə yerləşməsinin gecikməsi atəşkəsin daha bir ay uzadılmasına səbəb oldu.

İsrail ordusu 18 fevrala qədər Livanın cənubundakı qüvvələrini geri çəksə də, sərhəddə yerləşən 5 strateji yüksəklikdə hərbi varlığını qoruyaraq atəşkəs şərtlərinə tam əməl etmədi. Bu yüksəkliklərdə İsrail ordusunun qalacağının elan edilməsi isə İsrail ilə Livan arasında de-fakto sərhəddə yeni bir gərginlik yaratdı.

İsrail qüvvələrinin bu yüksəkliklərdə nə qədər qalacağına dair qeyri-müəyyənlik, Livandakı yeni hökumətin dövlət nəzarətini təmin etmə cəhdlərinin qarşısında böyük bir maneə kimi qalır və “Hizbullah”a silahlarını təhvil verməmək üçün siyasi əsas qazandırır. Belə bir şəraitdə sərhəd müzakirələrinin başlanması bu məsələyə yeni ölçü qazandırır.

Livan sərhədindəki 5 yüksəklik niyə vacibdir?

Lebbune, Balat, Cal əd-Deyr, Merkaba-Hula və Hamamis adlanan bu yüksəkliklər Livanın cənub sərhədi boyunca qərbdə Aralıq dənizi sahilindən başlayaraq şərqdə Colan bölgəsinə qədər uzanır. Hündürlüyü 300-800 metr arasında dəyişən bu ərazilər cənubdakı İsrail yaşayış məntəqələri üzərində dominant mövqe tutur.

Ən qərbdəki ilk yüksəklik Lebbune yaxınlığında yerləşir, 300 metr hündürlükdədir və Şlomi ilə üzbəüzdür. İkinci yüksəklik Zarit və Şatula istiqamətinə baxan və 750 metr yüksəkliyə çatan Balat dağındadır. Üçüncü yüksəklik sərhədin şimala dönən hissəsində yerləşən Cal əd-Deyr yüksəklikləridir. Bu yüksəkliklər 800 metrədək qalxır və Avivim ilə Malkiye yaşayış məntəqələrinə dominant mövqedədir. Dördüncü yüksəklik Merkaba-Hula yolu üzərində yerləşir və buradakı yüksəkliklər də 800 metrə qədərdir. Bu ərazi Marqaliot, Kiriyat Şimona və Hula vadisinə baxır. Beşinci və son yüksəklik Metula və Colan sərhədindəki Gacar istiqamətində yerləşən 600 metr yüksəkliyindəki Hamamis yüksəklikləridir.

İsrailin bu yüksəklikləri önləyici təhlükəsizlik zonası kimi görməsi və burada 250-500 nəfərlik hərbi birləşmələr yerləşdirməsi bu ərazilərin strateji əhəmiyyətini göstərir. Lakin bu hərbi mövcudluğun nə qədər davam edəcəyi qeyri-müəyyəndir. Hətta bu xəttin daha geniş bir tampon bölgəyə çevrilməsi ehtimalı da müzakirə olunur.

Livan tərəfindən edilən reaksiyalar

Livan prezidenti Cozef Aun 18 fevraldan etibarən bu məsələni gündəmdə saxlayır. O, bölgəyə ya Livan ordusunun, ya da BMT-nin Livanda Müvəqqəti Sülh Qüvvələrinin (UNIFIL) yerləşdirilməsini təklif etsə də, İsrail bu təklifə müsbət cavab vermir.

Buna baxmayaraq, prezident Aun problemi hərbi yolla deyil, Qərb dövlətlərinin də daxil olduğu diplomatik yollarla həll etmək istəyindən geri çəkilmir. Livanın mövcud iqtisadi və siyasi vəziyyəti nəzərə alındıqda bu yanaşma rasional görünür. Eyni zamanda, “Hizbullah”ın da məsələyə əvvəlki illərə nisbətən daha təmkinli yanaşdığı müşahidə olunur.

“Hizbullah”ın lideri Naim Qasım İsraili bu bölgələri tərk etməyə çağırsa da, açıq hərbi qarşıdurma ilə bağlı konkret mövqe ortaya qoymur. Ötən dövrdə ciddi itkilər verən “Hizbullah” hal-hazırda özünütoplama mərhələsindədir və birbaşa hərbi qarşıdurmaya getməsi ehtimalı aşağıdır. Təşkilat hazırda daha çox Livanda dəyişən şəraitə uyğunlaşmağa, siyasi mövqeyini möhkəmləndirməyə və qarşısındakı daxili və xarici çağırışlara cavab verməyə çalışır.

Digər tərəfdən, İsrailin bu yüksəkliklərdəki mövcudluğunun davam etməsi “Hizbullah”a ölkə daxilində yeni bir siyasi legitimlik sahəsi qazandıra bilər. Livanın cənubunda əsasən şiə əhalinin yaşadığı nəzərə alındıqda bu bölgə təşkilat üçün xüsusi önəm daşıyır. Bu mənada, “Hizbullah”ın yaxın aylarda açıq müharibə elan etmədən, yüksəkliklərə yaxın ərazilərdə vətəndaş etirazları təşkil edərək təzyiq formalaşdırmağa çalışması mümkündür.

İsrail-Livan sərhəd müzakirələri

Mart ayında İsrail və Livan arasında başlanan sərhəd müzakirələri bu 5 yüksəkliklə bağlı məsələni daha da mürəkkəbləşdirib. ABŞ və Fransanın da iştirak etdiyi bu prosesdə üç əsas məsələ müzakirə olunur:

1. İsrailin bu 5 yüksəklikdəki hərbi mövcudluğu
2. BMT-nin 2000-ci ildə çəkdiyi “Mavi Xətt” çərçivəsində mübahisəli ərazilər
3. İsrailin əlindəki Livanlı hərbi əsirlər


“Mavi Xətt”in hüquqi cəhətdən yekun sərhəd xətti olub-olmaması sual altındadır. Ras Nakura, Şəba Fermaları və Gacar kimi mübahisəli bölgələrin gələcəyi də asanlıqla həll edilə biləcək məsələlər deyil.

İsrail mart ayında 5 livanlı məhbusu azad edərək müsbət addım atsa da, hərbi əsirlər məsələsi müzakirələrin ümumi gedişinə həlledici təsir göstərmir. 5 strateji yüksəklikdəki hərbi mövcudluğun yalnız sərhəddəki təhlükəsizlik məsələsi ilə izah edilməsi çətindir. Burada əsas məqsəd, bu yüksəklikləri müzakirə prosesində Livana qarşı təzyiq vasitəsinə çevirməkdir.

Livan hökuməti İsrailin bölgəni yalnız müharibə ilə tərk etməyəcəyini anlayır. Livan cəmiyyətinin böyük bir hissəsi də yeni bir müharibə istəmir. İsrailin geri çəkiləcəyi ilə bağlı verəcəyi bir söz Livanın sərhəd məsələsindəki mövqeyini yumşalda bilər və iki ölkə arasında sülh razılaşması üçün yeni imkanlar aça bilər. Belə bir ssenaridə “Hizbullah”ın hansı mövqe tutacağı isə qeyri-müəyyəndir. Təşkilat mövcud vəziyyəti və ölkənin durumu nəzərə alaraq bu razılaşmanı dəstəkləyə də bilər, əksinə, buna qarşı çıxaraq ölkə daxilində təxribatlar formalaşdırmağa da çalışa bilər.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Livan   İsrail  


Bizi "telegram"da izləyin