M23 üsyançıları Qomanı ələ keçirdilər: Konqoda böhran dərinləşir

2025/01/1738052239.jpg
Oxunub: 512     11:59     28 Yanvar 2025    
M23 üsyançıları Konqo Demokratik Respublikasının şərqindəki strateji əhəmiyyətli Qoma şəhərini ələ keçirdiklərini iddia ediblər.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Şahidlər üsyançıların silah səsləri arasında şəhər mərkəzinə daxil olduğunu bildirərkən, Birləşmiş Millətlər Təşkilatı (BMT) hücumları dayandırmağa çağırıb.

Ruanda tərəfindən dəstəkləndiyi iddia edilən M23 üsyançıları BMT Təhlükəsizlik Şurasının atəşkəs çağırışlarına baxmayaraq irəliləyişlərini davam etdiriblər. Qomanın bəzi bölgələrindən atəş səsləri eşidilərkən, şəhərin ələ keçirildiyi xəbəri Konqo Demokratik Respublikası və Ruanda ilə sərhəddə münaqişələrin sürətlə böyüyə biləcəyi ilə bağlı narahatlıqları artırıb.

Konqo hökuməti üsyançıların irəliləyişini Ruandanın “müharibə elanı” kimi qiymətləndirərkən, BMT şəhərin süqutunun iki milyonluq Qomanın əhalisini böyük çaxnaşmaya saldığını bildirib. M23-ün bəyanatı Konqo hərbi qulluqçularına silahlarını yerə qoymaları üçün verilən 48 saatlıq müddətin bitməsinə dəqiqələr qalmış verilib. Təşkilat Qoma xalqını sakit olmağa çağırarkən, ordu mənsublarından şəhərin mərkəzindəki stadiona toplaşmalarını istəyib.

M23-ün irəliləməsi minlərlə insanı minerallarla zəngin şərq Konqoda evlərini tərk etməyə məcbur edib. Regiondakı münaqişələrin onilliklər boyu davam edən etnik və siyasi gərginliyi yenidən alovlandıraraq, daha genişmiqyaslı regional müharibəyə çevrilə biləcəyi ilə bağlı narahatlıqlar yaranıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: M23   Qoman   Konqo  


Bizi "telegram"da izləyin