Ordu.az xəbər verir ki, “Piaggio Aerospace” brendi altında fəaliyyət göstərən iki şirkət olan “Piaggio Aero Industries” və “Piaggio Aviation” şirkətlərinin biznes komplekslərinin pilotsuz uçuş aparatı sistemlərinin və qabaqcıl aviasiya texnologiyalarının inkişaf etdirilməsi və istehsalında lider olan “Baykar”a təhvil verilməsi üçün ilkin müqavilə imzalanıb.
İtaliyanın Müəssisələr və “Made in Italy” Nazirliyi 2024-cü il dekabrın 27-də sözügedən satış əməliyyatını təsdiqləyib.
İtaliya şirkətinin verdiyi açıqlamaya görə, İtaliya Nazirlər Şurasının (Golden Power) təsdiqi də daxil olmaqla, bir sıra şərtlərin yerinə yetirilməsindən sonra əməliyyatın yazda tamamlanacağı gözlənilir.
Qeyd edək ki, “Piaggio Aerospace” 1884-cü ildə Rinaldo Piaggio tərəfindən İtaliyada əsası qoyulan, aviasiya sahəsində fəaliyyət göstərən 140 illik bir şirkətdir. İlk təyyarəsini 1915-ci ildə istehsal edən şirkət dünyanın ən qədim təyyarə istehsalçıları arasındadır.
Şirkətin obyektləri İkinci Dünya müharibəsindən sonra yenidən qurulub və o, dəniz, təlim, nəqliyyat təyyarələri də daxil olmaqla, müharibədən sonrakı bir neçə orijinal dizaynını təqdim edib. Daha sonra şirkət 1960-cı illərdə reaktiv mühərriklər də istehsal etməyə başlayıb.
Sevinc Əliyeva
Ordu.az