Ceyhun Bayramov: "Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları sülhə maneədir" (YENİLƏNİB)

2024/07/9ca3d-1720619598.jpg
Oxunub: 960     18:09     10 İyul 2024    
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov NATO Zirvə görüşündə iştirakı çərçivəsində Belçika Krallığının xarici işlər, Avropa məsələləri, xarici ticarət və federal mədəniyyət institutları üzrə naziri Hadja Lahbib ilə görüşüb.

Bu barədə Ordu.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.

Görüş zamanı ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin perspektivləri, habelə postmünaqişə dövründə mövcud regional vəziyyət müzakirə olunub.

İki ölkə arasında qarşılıqlı səfərlərin, beynəlxalq tədbirlər zamanı təmasların əməkdaşlıq məsələlərinin müzakirəsinə mühüm töhfələr verdiyi diqqətə çatdırılıb. Mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin əhəmiyyəti qeyd edilib.

Cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsinin iqlim dəyişikliyi ilə mübarizə sahəsində əməkdaşlığın perspektivlərini aktuallaşdırdığı vurğulanıb.

Regional və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq imkanları, xüsusilə Avropa İttifaqı (Aİ) ilə münasibətlərdən ətraflı bəhs olunub.

Mövcud regional vəziyyət və reallıqlar, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi, geniş mina təhdidi barədə qarşı tərəfi ətraflı məlumatlandıran nazir Ceyhun Bayramov, Ermənistanın hərbiləşmə siyasətinin sülh gündəliyinə təhdid törətdiyini diqqətə çatdırıb. Sülh sazişi üzrə danışıqlar barədə məlumat verən nazir Ceyhun Bayramov sülh sazişi mətni üzrə əhəmiyyətli irəliləyişə baxmayaraq, Ermənistan Konstitusiyasında ölkəmizə qarşı davam edən ərazi iddialarının davamlı sülh üçün maneə olduğunu diqqətə çatdırıb.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

***

NATO Sammiti çərçivəsində Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov belçikalı həmkarı Hadja Lahbib ilə görüşüb.

Ordu.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in "X" hesabında paylaşım edilib.

Qeyd edilib ki, görüşdə Azərbaycan-Belçika ikitərəfli münasibətləri, ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya və Azərbaycanın COP29-a sədrliyi çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

"Həmçinin münaqişədən sonrakı regional vəziyyət və Azərbaycan-Ermənistan sülh prosesinin hazırkı vəziyyəti müzakirə olunub",-məlumatda qeyd edilib.



Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Belçika  


Bizi "telegram"da izləyin