Ordu, onun mahiyyəti və inkişaf qanunauyğunluqları - EKSPERT

2019/04/77th--1555913795.jpg
Oxunub: 14694     15:43     22 Aprel 2019    
Müharibələrin aparılmasının əsas vasitəsi ordudur. Onun meydana gəlməsi tarixən müharibələrin meydana gəldiyi dövrə təsadüf edir. Yəni, istər müharibələrin, istərsə də ordunun yaranması öz tarixini cəmiyyətin sosial parçalanmasından, dövlətlərin meydana gəlməsindən götürür.

İbtidai icma quruluşu dövründə ordu yox idi. Dövlətin mövcud olmadığı bir vaxtda xüsusi təşkil edilmiş silahlı quruma ehtiyac yox idi. Cəmiyyətdə insanları yalnız yaşayış üçün təbiətlə mübarizə məşğul edirdi və bu mübarizədə icmanın bütün üzvləri birgə mübarizə aparırdılar. Təbiətlə, vəhşi heyvanlarla mübarizə üçün heç şübhəsiz ki, icma üzvləri silahlardan istifadə edirdilər və silahlanırdılar. Lakin onların bu silahlı dəstəsi siyasi məqsədə xidmət etmirdi. Yəni bu dəstə icmanın daxili hakimiyyətinin təmin edilməsi və ya başqa bir icmanın istismar edilməsi xatirinə yaradılmamışdı. İbtidai insanlar sadəcə olaraq kollektiv şəkildə onları təhdid edən təbiət təhlükələrindən birgə qorunurdular.

İcma quruluşunun dağılması, iqtisadiyyatın inkişafı ilə əlaqədar olaraq getdikcə bir sıra adamlar, qəbilə başçıları əllərinə daha çox sərvət keçirir və öz qəbilə üzvlərindən fərqlənirdilər. Meydana gələn və mökəmlənən bu sosial təbəqə başqalarının üzərindəki üstünlüyü saxlamaq üçün xüsusi bir quruma ehtiyac duyurdu. Beləliklə də dövlət və onun atributlarından olan ordu meydana gəldi. Çünki, varlanan sosial təbəqə ətrafındakıları itaət altında saxlamaq, qonşu ərazilərə hücum etmək, öz ərazilərni genişləndirmək və ya onu kənar təcavüzlərdən qorumaq üçün xüsusi silahlı quruma ehtiyac duyurdular ki, ordu da belə qurum idi. Buna görə də ordu silahlı adamların dövlət tərəfindən saxlanılan nizami birliyi olduğu üçün onun meydana gəlməsi də dövlətlərin yaranmasından edir. Dövlət təşkilatı olması ordunun başlıca əlamətlərindən biridir. Onun formalaşması, inkişafı, xarakteri və digər xüsusiyyətləri də dövlətin formalaşması, inkişafı, xarakteri və digər cəhətləri ilə şərtlənir. Ordu dövlətin atributu olduğundan dövlət olmayan bir quruluşda ordu da ola bilməzdi. O, hər şeydən əvvəl dövlətin orqanı, dövlət siyasətinin xüsusi vasitəsidir. Məlumdur ki, tarixin müxtəlif vaxtlarında müxtəlif üsyançı qüvvələrin silahlı dəstələri və qurumları olub. Məsələn, Babəkin hərbi qüvvəsi, Babəkdən əvvəl və sonra istər ərəblərlə, istərsə də yerli və xarici istilaçılara qarşı qaldırılmış üsyanların aparılması üçün istifadə edilən hərbi dəstələr belə qurumlar olub. Lakin, onlar dövlət tərəfindən yaradılmadığı üçün ordu sayıla bilməz. Bir sözlə dövlətin sanksiyası olmadan yaradılan silahlı qurum ordu adlana bilməz.

Eyni zamanda o də məlumdur ki, dövlətin sanksiyası ilə dövlət daxilində bir neçə silahlı qurum yaradıla bilər. Məsələn, polis, təhlükəsizlik, ədliyyə orqanları və s. Lakin, ordunu onlardan fərqləndirən və bütünləkdə ordunun bir qurum kimi başqa bir fərqləndirici əlaməti ondan ibərətdir ki, o, dövlətin əsas silahlı qüvvəsidir. Bu qüvvələr xüsusi şəraitlərdə müəyyən daxili vəzifələr yerinə yetirsələr də, əsasən müharibələrin aparılması üçün nəzərdə tutulur. Ordunun tərkibində həm yüksək hazırlıqlı insanlar, həm də ən müasir silahlar cəmlənir ki, onlar da bu orqanın qüdrətini xüsusil artırır.

Ölkələrin iqtisadi, siyasi inkişaf səviyyəsindən asılı olaraq orduların maddi-texniki bazasında baş verən dəyişikliklər onun daha da təkmilləşməsinə zəmin yaradıb. Tarixən Azərbaycanda piyada və süvari qoşun növləri üstünlük təşkil edib. Lakin, məlumdur ki, ən qədim zamanlarda cəng arabalarında vuruşanlar müstəqil qoşun növü kimi mövcud olub. Orta əsrlərdən başlayaraq Azərbaycanda dəniz qüvvələri də yaradılmağa başladı. Lakin, bu qoşun növü elə böyük çoxluq təşkil etmirdi.

Cəmiyyətin tərkib hissəsi olan ordunun ümumi inkişafı bütünlükdə cəmiyyətin ümumi inkişaf qanunauyğunluqları çərçivəsində baş versə də, o, dövlətin xüsusi orqanı kimi öz inkişafında nisbi müstəqilliyə malikdir. Bu nisbi müstəqillik onun qarşısında dayanan vəzifə ilə - müharibə aparmaq vasitəsi olması ilə izah olunur. İcra etdiyi vəzifə və daxili rejimi baxımından dövlətin başqa orqanlarınldan fərqləndiyi üçün ordunun özünəməxsus inkişaf qanunları da var.

Bu qanunlardan biri ordunun inkişafının dövlətin, hakimiyyətdə olan qüvvələrin ordu quruculuğu sahəsində apardığı siyasətin xarakterindən asılılığıdır. Ordu dövlətin orqanı olduğu üçün onun təşkili, təkmilləşdirilməsi və inkişaf etdirilməsi də dövlətin istiqamətverici rolu sayəsində mümkündür. Dövlət yeritdiyi düzgün və əsaslandırılmış siyasət ilə ordunu daha da möhkəmləndirə və inkişaf etdirə bilər. Eyni zamanda, əksinə, ordu quruculuğu sahəsində aparılan siyasət lazımi tələblərə cavab verməzsə, onda ordu dərin böhrana düşə bilər. Ordunu möhkəmləndirib inkişaf etdirə biləcək siyasətin yeridilməsi isə dövlətin rəhbərliyindən böyük səriştə tələb edir.

Ordunun inkişafının başqa bir qanunauyğunluğu onun ölkənin mövcud iqtisadi vəziyyətindən asılı olmasıdır. Ordunun inkişaf səviyyəsi ilk növbədə onun malik olduğu madditexniki bazanın xarakteri ilə müəyyənləşir. Ehtimal olunan müharibələrdə qalib gəlmək üçün hər bir tərəf daha müasir və daha geniş təsir gücünə malik silah və texnikadan istifadə etməyə çalışır. Ordunu daha müasir silah və texnika ilə təchiz etmək və bütünlükdə ordunun saxlanılması üçün zəruri olan maliyyə vasitələrini tapmaq isə ölkənin iqtisadiyyatının yüksək inkişaf səviyyəsində olmasını tələb edir. Yalnız yüksək iqtisadi inkişaf səviyyəsinə malik olan ölkə öz ordusunun tələbatını ödəyərək onu müasir maddi-texniki baza ilə təchiz edə bilər.

Ordunun malik olduğu müasir silah və texnika öz-özlüyündə qələbə gətirmir. Silah və texnikanın döyüş imkanları müharibədə insanların vasitəsilə üzə çıxarılır. Xüsusən, qədim və orta əsrlərdə işlədilən silahların hərəkətə gətirilməsi insanlardan böyük iradə və qətiyyət tələb edirdi. Ona görə də ordunun fəaliyyəti qoşun hissələrinin şəxsi heyətinin və bütünlükdə ona dayaq duran xalqın mənəvi əhval-ruhiyyəsindən asılıdır. Yüksək və döyüşgən əhval-ruhiyyəyə malik olmayan ordu ağır döyüşlərin gərginliyinə tab gətirib qələbə əldə edə bilməz. Yalnız qarşıya qoyulan məqsədin ədalətliliyinə, onun əldə edilməsinin fərdi və ümumi mənafelərə cavab verməsinə inamı olan döyüşçü müharibədən qələbə ilə çıxa bilər.

Ordu xalqın tərkib hissəsi olduğu üçün onun mənəvi əhval-ruhiyyəsi də xalqın ümumi əhval-ruhiyyəsinin səviyyəsindən birbaşa asılıdır. Dağınıqlıq, özbaşınalıq, qanunsuzluq, cəzasızlıq, biganəlik, ümumdövlət mənafelərinə laqeydlik hökm sürən bir ordu mənəvi cəhətdən zəif olacaq. Ordudakı mübariz əhval-ruhiyyənin əsas mənbəyi xalqın mübariz iradəsi, əzmkarlığı və qətiyyətidir. Ona görə də orduda yüksək mənəvi əhval-ruhiyyəyə o vaxt nail olmaq mümkündür ki, onun təmsil etdiyi xalq yüksək mənəvi keyfiyyətləri ilə fərqlənsin.

Ordunun inkişaf qanunauyğunluqları obyektivdir və insanların iradəsindən asılı olmayaraq mövcuddur. Cəmiyyətin müxtəlif inkişaf səviyyəsində onlar müxtəlif şəkildə təzahür etsələr də, güclü ordunun yaradılması üçün bu qanunlara mütləq riayət edilməlidir.

Başqa dövlətlərdə olduğu kimi Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin orduları da bir sıra komplektləşdirmə üsullarından istifadə ediblər. Azərbaycan tarixində azad icmaçılardan, könüllü və məcburi şəkildə toplananlardan, muzdlulardan təşkil edilmiş ordular mövcud olub.

Azad icmaçılardan ibarət olan ordunun şəxsi heyəti azad icmaçılar arasından yığılırdı. Belə şəxslər başqa bir fəaliyyətlə məşğul olmurdular. Onlara torpaq sahələri verilir və həmin sahələrdən, habelə hərbi yürüşlərdən əldə edilən sərvətlər hesabına həyat sürürdülər.

Muzdlu ordunun şəxsi heyəti başqa tayfaların və ya ölkələrin təbəələri hesabına formalaşdırılırdı və onlar xidmətləri əvəzində razılaşdırılmış həcmdə pul alırdılar.

Könüllülük əsasında ordu hissələrinin formalaşdırılması ölkə vətəndaşlarının razılığı əsasında həyata keçirilirdi. Xarici təcavüzkarlara qarşı mübarizənin genişləndirilməsi zərurəti yarananda bu üsul xüsusi aktuallıq kəsb edirdi.

Məcburi üsul isə hazırda ordunun komplektləşdirilməsinin əsas üsuludur. Hərbi mükəlləfiyyətli olan hər bir şəxs qanunla müəyyənləşdirilmiş şəkildə hərbi xidmət keçməlidir. Tarixən də bu üsuldan istifadə edilib. Zərurət yaranarkən şahların göstərişi ilə silah tutmağı bacaran şəxslər yaşından asılı olmayaraq ordu hissələrinə cəlb edilirdilər.

Dünya hərb təcrübəsindən orduların daimi və milis formaları da mövcuddur. Ordunun milis forması Azərbaycan dövlətləri üçün xarakterik deyil. Bu formanın tətbiqi əsasən maliyyə problemləri ilə bağlı idi. Bu forma ilə təşkil edilən ordu əsasən müharibə vaxtı cəmləşdirilirdi. Sülh dövründə isə onlar evə buraxılırdılar. Lakin bu ordu heç də qeyri-müəyyən kütlə deyildi. Onların sayı, maddi-texniki bazası konkret şəkildə məlum olurdu və bəzən sülh dövründə də onlar təlim toplanışlarına çağırılaraq müəyyən hazırlıq keçirdilər.

Daimi ordular isə mövsümi olmayan, həm müharibə, həm də sülh şəraitində saxlanılan ordulardır.

Ordular eyni zamanda nizami və qeyri-nizami olmağına görə fərqlənirlər. Nizami ordu daimi ordu olmaqla vahid ştat strukturuna, vahid komplektləşdirmə sisteminə, vahid təlimtərbiyə sisteminə malik olub bütünlükdə dövlət tərəfindən maliyyələşdirilir. Belə ordunun şəxsi heyəti adətən eyni tipli silah, sursat və təchizatla təmin edilir, bir yerdə yerləşdirilir, eyni təlim, xidmət və yaşayış rejiminə riayət edirlər.

Qeyri-nizami ordularda isə adətən bu tələblərə əməl edilmir. Belə ordular müxtəlif üsullarla komplektləşdirilir, vahid ştat strukturuna, təlim-tərbiyə sisteminə malik olmurlar. Onların xidmət, təlim və yaşayış rejimləri də vahid tələb əsasında qurulmur, eyni tipli silah və təchizatla təmin edilmirlər.

Mehman Süleymanov, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:


Bizi "telegram"da izləyin