Bu barədə Xaçmazda “Vətən naminə” adlı hərbi-vətənpərvərlik mövzusunda keçirilən tədbirdə danışılıb.

Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin təşəbbüsü ilə açıq səma altında yaradılan “Şəxsiyyətlər muzeyi”ndə təşkil olunan mərasimdə Qarabağ uğrunda döyüşlərdə şəhid olan Vətən övladlarının xatirəsi anılıb, böyük zəfərin başlanğıcı olan Aprel qələbəsindən danışılıb.
Bildirilib ki, ordumuzun 2016-cı il aprelin 2-dən 5-dək davam edən uğurlu əks-hücum əməliyyatları ölkəmizə yüksək hərbi və siyasi üstünlüklər qazandırdı. Həmin döyüşlərdə Xaçmazın qəhrəman oğulları Əmrah Yüzbəyov, Elvin Qayıbov və Elvin Mirzəyev şəhid olublar.

Mərasimdə muzeyin direktoru Pakizə Mehdiyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xaçmaz şöbəsinin nümayəndəsi Rəqib Eyvazov, Xaçmaz Regional Mədəniyyət İdarəsinin rəis müavini Elxan Məhərrəmov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin sədri Şövlət Dadaşzadə, şəhid ailələrinin üzvləri və başqaları çıxış edərək şəhidlərimizin döyüş yolundan, onların gənc nəslə örnək olmasından danışıblar.

Tədbirdə “Şahin” hərbi-idman oyunlarının zona birinciliyinin qalibi olan Gödəkli kənd tam orta məktəbinin komandasının hərbi parad nümayişi, şagirdlərin şeir və mahnı ifaları maraqla qarşılanıb.
Sonra mərasim iştirakçıları Aprel şəhidi Elvin Mirzəyevin qəbrini ziyarət ediblər. (AzərTac)
Ordu.az