Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə ilə bağlı yeni detallar üzə çıxıb.
Məlumata əsasən, saat 20:31 radələrində “911” xidmətinə Meğri-Tsirani Dzor adlanan yolda Ermənistan MN-ə məxsus “Zil-131” markalı avtomobilin qəza törətməsi, yaralıların olması barədə zəng daxil olub və hadisə yerinə xilasetmə dəstələri cəlb edilib. Burada aparılan ilkin araşdırma nəticəsində məlum olub ki, yolun 22-ci km-də N saylı hərbi hissənin balansında olan “Zil-131” markalı avtomobil yolun hərəkət hissəsindən çıxaraq, qayaya çırpılıb.
Xilasetmə dəstələri hadisə yerinə çatanadək, artıq 18 hərbi qulluqçu Meğri tibb mərkəzinə təxliyyə edilib. Xəstəxanadan bildirilib ki, yaralılardan birinin vəziyyəti orta ağırdır, qalanlarının həyatına ciddi təhlükə yoxdur.
Ermənistan MN-in mətbuat xidməti Artsrun Hovhansiyanın News.am saytına verdiyi məlumata əsasən, qəza döyüş növbətçiliyinin dəyişdirilməsi zamanı baş verib. Hadisənin baş vermə məqamları araşdırılır.
Digər erməni KİV-lərinin yayadıqları məlumatlara əsasən avtomobildə 18 yaşlı, 20-dək hərbi qulluqçu olub. Onlar döyüş mövqeyindən qayıdarkən, Azərbaycan-Ermənistan sərhədindən 1 km uzaqlıqda olan ərazidə qəza baş verib. Buna səbəb isə sürücünün dönmə zamanı idaretməni itirməsi olub. Hərbçiləri xəstəxanaya təxliyyə edənlərdən birinə bildirilib ki, avtomobilin əyləc sistemində qəflətən baş verən texniki nasazlıq da qəzanın səbəblərindəndir.
Alpər Mövludoğlu
Ordu.az