Hərb işində dövlət siyasətinin rolu

2019/04/45-1554904681.jpg
Oxunub: 27481     12:55     11 Aprel 2019    
Ölkənin müharibəyə hazırlanması öz başlanğıcını müharibənin başlanmasından xeyli əvvəl götürür və onun məzmunu ölkənin hərbi siyasəti ilə müəyyənləşir. Bu hazırlığın məqsədi, metod və yolları isə dövlətin siyasətinin xarakterindən asılıdır. Əgər ölkənin daxili və xarici siyasəti təcavüzkar məqsədlərə xidmət edirsə sözsüz ki, onun hərbi sahədə yeritdiyi siyasət də ona əsaslanacaq. Ola bilsin ki, ehtimal olunan düşmənə qarşı ölkənin dövlət sənədlərində və aktlarında təcavüzkar xətt pərdələnmiş olsun. Belə hallarda həmin ölkənin həyata keçirdiyi siyasətin dəqiq və hərtərəfli təhlili bu siyasətə qarşı nəzərdə tutulan hərbi siyasətin düzgün formalaşdırılması üçün zəruri qənaətlər çıxarmağa imkan verə bilər.

İctimai-tarixi hadisə kimi siyasət bir-birilə sıx qarşılıqlı əlaqədə olan iki tərəfi-obyektiv və subyektiv tərəfləri özündə birləşdirir. Obyektiv tərəfin xüsusiyyəti ondan ibarətdir ki, o, iqtisadi bazis əsasında sosial təbəqələrin, siyasi qüvvələrin, millətlərin, dövlətin qarşılıqlı münasibətlərindən doğur. Subyektiv siyasət isə hakimiyyətdə olan siyasi qüvvələrin qarşıya qoyduğu proqram məqsədlərinə çatmaq üçün seçdikləri yol, forma, üsul və sairdir. Siyasətin bu xarakterik tərəfini bəzən siyasi strategiya və taktika da adlandırırlar. Hərb işinin subyektiv amillərindən biri kimi siyasətdən danışanda da siyasətin iknci tərəfi, subyektiv tərəfi nəzərdə tutulur. Çünki hakimiyyətdə olan partiyanın və ya qüvvələrin yeritdiyi ümumi siyasət hərb işinin bütün sahələrinə təsir göstərməyə qabildir. Bu təsir dövlətin təşkilati rolu ilə həyata keçirilir. Ona görə də hərbi siyasət dövlət tərəfindən formalaşdırılır və onun səmərəli olması üçün reallığı əks etridməsinə xüsusi diqqət yetirilir. Formalaşdırılan hərbi siyasətin səmərəli və optimal olması üçün isə bu prosesin qanunauyğunluqları mütləq diqqət mərkəzində olmalıdır. Həmin qanunauyğunluqlar əsasında formalaşdırılan hərbi siyasət dövlətin istiqamətləndirici rolu, hakimiyyətdə olan qüvvələrin isə təşkilatçılıq fəaliyyəti nəticəsində həyata vəsiqə alır. Çünki hazırda hərb sənəti, silah və texnika, hərb elmi və s. inkişaf edərək elə bir səviyyəyə çatmışdır ki, müharibənin aparılması və ya müdafiə işinin qurulması cəmiyyətin bütün potensialının səfərbər olunmasını tələb edir. Buna isə dövlətin təşkilatçılıq fəaliyyəti olmadan nail olmaq mümkün deyil. Məhz dövlət müəyyənləşdirir ki, hansı imkanlara malikdir və bu imkanlar necə bölüşdürülməlidir ki, dövlətin iqtisadiyyatı müharibə dövrünün tələblərinə uyğun olaran ahəngdar şəkildə işləsin. Doğrudur, hərbi siyasətin formalaşmasına təsir göstərən və siyasi rəhbərliyin iradəsindən asılı olmayan bir sıra obyektiv amillər də vardır. Məsələn, ölkənin əhalisinin sayı, təbii ehtiyatlarının miqdarı, ərazinin ölçüsü və şəraiti və s. Lakin bununla belə, ölkənin mövcud imkanlarına nəzərən planlaşdırılan tədbirlər heç də qeyri-real xarakter daşımamalıdır. İmkan və qüvvələrin düzgün qiymətləndirilməməsi ciddi səhvlərə gətirib çıxara bilər. Bu cəhət ölkənin hərbi siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində bir daha dövlətin rolunu nümayiş etdirir.

Ölkənin müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsinin təmin edilməsi üçün dövlət tərəfindən bir sıra siyasi, iqtisadi, hüquqi, hərbi və sosial tədbirlər həyata keçirilmələdir. Bu tədbirlərə aşağıdakılar daxildir: təcavüzün qarşısının alınması üçün beynəlxalq aləmdə müvafiq tədbirlərin görülməsi, hərb elminin inkişafı, dövlətin hərbi doktrinasının formalaşdırılması, müdafiə və hərbi quruculuq məsələlərinin hüquqi tənzimlənməsi, silahlı qüvvələrin strukturunun hazırlanması, formalaşdırılması və təkmilləşdirilməsi, ordunun zəruri sayının təmin olunması, onun yüksək döyüş qabiliyyətinin, döyüş və səfərbərlik hazırlığının saxlanması, dövlətin hərbi-texniki siyasətinin hazırlanması və həyata keçirilməsi, silahlı qüvvələrin silah, hərbi texnika, ərzaq, geyim və digər material ehtiyatları ilə təmin olunması, dövlət orqanlarının, iqtisadiyyatın, əhalinin və ölkə ərazisinin səfərbərlik hazırlığı, dövlət sərhədinin mühafizəsi, dövlət sirrinin və hərbi sirrin qorunmasının təmin edilməsi.

Dövlətin hərbi siyasətinin hansı nəticəyə malik olması yuxarıda sadalanan tədbirlərin hansı səviyyədə həyata keçirilməsindən asılıdır. Onların səmərəli şəkildə həyata keçirilməsində isə dövlət orqanlarının rolu böyükdür. Bu isə müvafiq dövlət orqanlarının və qurumlarının mükəmməl fəaliyyət göstərə bilməsini, dövlətin müdafiəsinin əsasını təşkil edən tədbirlər sisteminin bütövlüklə yerinə yetirilməsi mexanizminin işlənib hazırlanmasını və ona lazımi şəraitin yaradılmasını tələb edir.

Hərb quruculuğu dövlət quruculuğunun tərkib hissəsidir. Bu sahə digər sahələrlə dialektik vəhdətdə olmalıdır. Ona birtərəfli üstünlük verilməsi və ya dövlət quruculuğunun digər sahələri ilə qarşılıqlı əlaqələrinin nisbətinin düzgün müəyyənləşdirilməməsi arzuedilməz nəticələrə gətirib çıxara bilər. Ona görə bu məqam da dövlət siyasəti tərəfindən düzgün tənzimlənməli və istiqamətləndirilməlidir.

Ölkənin müdafiəsi naminə zəruri olan tədbirlərin tam həyata keçirilməsi siyasi rəhbərliyin, dövlətin bütün orqanlarının böyük siyasi yetkinliyini və təşkilatçılıq qabiliyyətini tələb edir. Müasir dövrün müharibələri ölkənin iqtisadi, siyasi, mənəvi-siyasi və hərbi imkanlarının sınağı olduğu kimi həm də bu amilləri düzgün əlaqələndirərək müharibənin qələbə ilə başa çatdırılmasına istiqamətləndirməli olan dövlətin, rəhbərlikdə olan siyasi qüvvələrin təşkilatçılıq, yetkinlik keyfiyyətlərinin sınağıdır. Müharibənin gedişinin və başa çatdırılmasının, eləcə də ölkənin müdafiəsinin təşkili mövcud olan iqtisadi, siyasi, mənəvi-siyasi və hərbi potensialın ölkənin siyasi rəhbərliyi tərəfindən necə istiqamətləndirilməsindən, uzlaşdırılmasından birbaşa asılıdır. Əks təqdirdə ölkənin obyektiv imkanları hərəkətsiz qalmaqla son nəhayətdə onun məğlubiyyətinə gətirib çıxara bilər.

Bunun üçün ölkənin siyasi rəhbərliyi nəzəri və praktiki təcrübədən doğan düşünülmüş addımlar atmalı, müharibə qanunlarının obyektiv tələblərindən doğan qərarlar qəbul etməli, bu qanunların yaratdığı real imkanları həqiqətə çevirməyi, müharibə qanunlarının şərtləndirdiyi amillərə məqsədyönlü təsir göstərməyi bacarmalıdır. Deyilənlərə nail olmaq üçün təkcə müharibə qanunlarını dərk etmək və praktiki fəaliyyətdə onlara riayət etmək kifayət deyil. Müharibənin obyektiv qanunauyğunluqlarının həyata keçirilməsi mexanizminin qanunauyğunluqlarına və prinsiplərinə də ciddi əməl edilməlidir. Bu qanunlar və prinsiplər siyasi rəhbərliyin fəaliyyətini tənzimlədiyindən onları siyasi rəhbərliyin qanunları və prinsipləri, bəzi ədəbiyyatdə isə hərbi siyasətin həyata keçirilməsi qanunları və prinsipləri adlandırırlar. Onların təzahür etməsi həm cəmiyyətin inkişafı, həm də müharibə qanunlarının fəaliyyəti ilə müəyyənləşir və obyektiv xarakter daşıyır. Hərbi siyasətin həyata keçirilməsi qanunlarına və prinsiplərinə əməl edilməsi müharibənin planlaşdırılmasına, onun başlıca strateji məqsədlərinin formalaşdırılmasına, onlara nail olunması üçün müvafiq üsulların seçilməsinə və tətbiqinə, Silahlı Qüvvələrə rəhbərliyin səmərəliliyinə, dövlətin potensialının, xalq kütlələrinin maddi və mənəvi qüdrətinin müharibənin uğurla başa çatdırılması üçün səfərbər edilməsinə ciddi təsir göstərir.

Mehman Süleymanov, tarix elmləri doktoru, ehtiyatda olan polkovnik
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Hərb   Dövlət-siyasəti  


Bizi "telegram"da izləyin