Silahlanmamızda olan daha bir İsrail ərazi vasitəsi – AIL "Storm" ailəsi (EKSPERT)

2019/04/israe-17102917447.jpg
Oxunub: 28727     15:10     10 Aprel 2019    
Ötən ay 2017-ci ildə Azərbaycanın İsraildən silah və hərbi təyinatlı məhsullar idxal edən ölkələr arasında 3-cü pillədə qərarlaşdığı barədə məlumat verdik. Əldə edilən məhsullardan biri də "Storm" ərazi vasitələridir.

AIL "Storm" (ivrit dilində Sufa, yəni Fırtına deməkdir) İsrail istehsalı olan və ölkənin təhlükəsizlik qüvvələri tərəfindən geniş istifadə edilən ərazi vasitəsidir. "Jeep Wrangler" bazası üzərində "Automotive Industries Ltd." (AIL) şirkəti tərəfindən hazırlanıb və 1990-cı ildən "Chrysler"in lisenziyası ilə Nasaret-İllit şəhərində istehsal edilir. Son üç onillikdə bu zavod yüzlərlə ərazi vasitəsi istehsal edib. Rəsmi zavod CKD dəstlərini (Complete Knock Down) alır, müştərilərin ehtiyaclarına uyğun olaraq maşınları hazırlayır və modernləşdirir.


Avtomobil həm hərbi, həm də mülki bazara təqdim edilir. İndiyə qədər "Storm MultiMission Vehicle" (Çoxməqsədli maşın) bazasında bu maşınların 3 versiyası hazırlanıb:

- "Storm" Mark I
- "Storm" Mark II
- "Storm" Mark III


"Storm" maşınları 5 pilləli mexaniki ötürməli AX154 və ya 4 pilləli avtomatik transmissiyadan istifadə edir.


Xüsusiyyətləri:

- Uzunluğu 4492 mm;
- Eni 1676 mm;
- Yüksəkliyi 2020 mm;
- Təkər bazası 2630 mm;
- Kütləsi 1760 kq (benzin), 1780 kq (dizel).



M-240 "Storm" MultiMission Vehicle" adlanan maşınlar ilk nəsil "Storm" hesab edilir. Bu maşınlarda 1991-ci ilin "Jeep Wrangler YJ" modelinin hissələrindən və köhnə CJ-6/CJ-8 təkər bazasından istifadə edilib. Mühərriklər istisna olmaqla, qalan bütün detallar İsraildə, əsasən "Automotive Industries Ltd" şirkəti tərəfindən istehsal edilib.

İsrailin Müdafiə Qüvvələrinin bəzi ziddiyyətli rəylərinə baxmayaraq, 2006-cı ildə ikinci nəslin 4 qapılı modelinin istehsalı başlanıb. "Jeep Wrangler JK" modelinin bazasında üçüncü nəsil modelinin inkişafı başa çatıb.

"Storm" əsasən İsrailin hərbi ehtiyacları üçün nəzərdə tutulurdu, lakin mülki bazar üçün qısa və uzun təkər bazalı modellər də mövcud idi. "Jeep"in digər modellərində olduğu kimi, burada da altı silindrli, düz cərgəli, 3 litr həcmli və 180 at gücünə (130 kVt) sahib "Chrysler" mühərrikindən istifadə edilirdi. Bu mühərrik dəqiqədə 4700 dövr sayına və 2 mərhələli "Vortox" hava təmizləyicisinə malik idi, lakin 4200 dövr sayına və 118 at gücünə (88 kVt) malik 4 silindrli 2.5 litr həcmli turbo dizel mühərrikindən də istifadə edilirdi. Avtomobil gücləndirilən korpusa malikdir, qısa çərçivədə 40° və 37°, uzun çərçivədə isə 40° və 26.5° səviyyəsində yana əyilmə yaxşı keçicilik imkanını təmin etdi. Çərçivələrin uzunluğu 4150 və 4500 mm idi; ikincisi həm hərbi, həm də mülki vasitə üçün istifadə edilirdi. İsrail bazarı ilə yanaşı, avtomobillər Cənubi Amerika, Asiya və Afrikaya da ixrac edilib.

Zirehli versiyası


"Jeep Wrangler" kimi, "Storm" da əsasən yolsuzluq şəraitində desant və kəşfiyyat əməliyyatları üçün nəzərdə tutulur, pulemyot və ya digər silah ilə təchiz olunurdu. "Storm" maşınlarının bəzi versiyalarına sifarişlə 106 mm-lik M40 təpməsiz toplar da quraşdırılıb.

Daha yüksək korpusa malik olan versiya sərhəd dəstələrinin patrulları tərəfindən istifadə edilir. Onlar ağır pulemyot ilə təchiz edilir, zərurət yarandıqda isə qısa bir zamanda komanda məntəqəsinə çevrilirdi.

İğtişaşlarla mübarizə aparmaq üçün polikarbonat qoruyucu ekranlara və kondisionerə malik versiyalar da mövcuddur. Ekranlar geniş bir ümumi mənzərəni təmin edir və eyni zamanda maye dolu şüşə qabların, o cümlədən daşların maşının üstünə atılmasına mane olurdu.

Ordu versiyası


Əvvəlcə kəşfiyyat üçün nəzərdə tutulan "Storm" tezliklə şəhər döyüşlərində piyadaların zirehli vasitəsi kimi istifadə edilməyə başlandı.

AİL-in mühəndis şöbəsi İsrail ordusunun yüngül zirehli vasitələrinin mühafizəsi üçün, onların keçiciliyi və digər üstünlükləri zərər görmədən yeni bir layihə hazırladı. Bunun üçün 180 at gücündə (130 kVt) kompüterləşdirilmiş mühərrik də təqdim edildi.


7.62 mm zirehdələn mərmilərdən qoruyan, ağırlıq və sürət arasında optimal balansı təmin edən və müasir materiallardan istifadə edilən zireh hazırlandı. Ordu avtomobilinin ümumi kütləsi 3000 kq oldu, lakin müxtəlif mühafizə səviyyələri olan bir neçə fərqli variantı da mövcuddur.

"Storm" avtomobillərinin əsas üstünlüklərindən biri də Orta Şərq şəhərlərinin dar küçələrində manevr etməyə imkan verən kiçik genişliyə (enə) malik olmasıdır. Geniş arxa qapılar şəxsi heyətin qısa zamanda döyüş meydanına yerləşməsinə imkan verir.

Mülki versiyası

Mülki "Storm"ların ilk nəsli 1992-ci ildən 2001-ci ilədək açıq satışda mövcud olub. Mülki şəxslər tərəfindən yalnız az sayda avtomobil alınıb; ikinci əl avtomobillərin əsas alıcıları hökumət müəssisələri - İsrail Elektrik Şirkəti, Mekorot şirkəti, polis və milli park idarələri olub. Yenilənən "Storm" yolsuzluq şəraitində ekstrim sürücülük həvəskarları arasında da məşhurdur.

"Storm II"


TJ platformasında hazırlanan M-242 "Storm" Mark II versiyasında 6 pilləli mexaniki və ya 4 pilləli avtomatik transmissiyadan istifadə edilir.

Xüsusiyyətləri:

- Kütləsi 2000 kq;
- Uzunluğu 4463 mm;
- Genişliyi 1750 mm;
- Hündürlüyü 1942 mm;
- Təkər bazası 2931 mm.


2006-cı ildən AIL İsrail ordusuna "Storm Commander" adı ilə tanınan M-242 "Storm II" versiyasının təkmilləşdirilmiş versiyasını təqdim etdi. Yeni avtomobilə İsrail quru qoşunlarının əsgərlərinin və texnoloji idarə rəhbərliyinin tələbi ilə düzəlişlər edildi. Xarici görünüşdə avtomobilin arxa sərnişinlər üçün iki yan qapı əldə etdiyi görünür.


Digər yeniliklər arasında 6 pilləli transmisiya, geniş oxların tətbiqi sayəsində sabitliyin artmasını da qeyd etmək olar. Ressor lövhələr müasir bir asqı ilə əvəzlənib, hava yastıqları, kondisionerlər, CD radio və "Dana"dan körpülər əldə edib.

"Storm II"nin zirehli modifikasiyası 2.8 litrlik VM turbo dizel mühərrikinə, avtomatik transmissiya və şinlərin doldurma sisteminə malik oldu. AIL gündə on avtomobili istehsal edə bilir. Yeni qanunvericiliyə əsasən, yeni model uzun müddət mülki bazara təqdim edilmədi. Avtomobil 2006-2011 illər ərzində istehsal edilib.

"Storm III"


2008-ci ilin iyun ayında "Storm Mark III" təqdim edildi və 2011-ci ilin əvvəlindən etibarən orduya 600 ədəd satılması barədə müqavilə imzalandı. "Jeep Wrangler JK" bazasında hazırlanan yeni Mark III, 5 qapılı korpusa, gücləndirilən amortizatorlara, standart 2.8 litrlik VM turbo dizel mühərrikə və avtomatik ötürücüyə malik oldu.

Sonralar isə "Storm" müasir texnologiyanın gətirdiyi 4.0 litrlik altı slindrli mühərrik, "Dana 60" arxa körpüsü, NP241 paylanma qutusu, 12/24 volt elektrik avadanlıqları və ağır iş şəraiti üçün vacib olan digər müasir avadanlıqlarla təchiz olundu.

"Storm II"də olduğu kimi, "Storm III" də əvvəlcə hərbi strukturlara və polisə satıldı. Mülki versiyalar yalnız vergi kodeksinin dəyişdiyi halda satışa çıxarılacaq, bu halda AIL avtomobilin benzin versiyalarının istifadəsini də istisna etmirdi. "Storm III" zirehli versiyası bir çox xarici ölkələrə ixrac edilir.

Komandir versiyası


Komandir versiyası sürücünün və sərnişinlərin maşına rahat minib enməsinə imkan verən 5 qapılı korpusdan istifadə edir. Böyük həcmdə olan arxa bölmə həcmli yükləri və ya rabitə avadanlıqları daşımağa imkan verir. Bu versiyada isti iqlimlərdə istifadə üçün kondisioner də mövcuddur. Maşının çevrilməsini əngəlləyən (ROPS) qorunma sistemi əlavə təhlükəsizliyi təmin edir.

Zirehli versiya


Yüngül atıcı silahlardan qorunmaq üçün nəzərdə tutulan "Storm III"ün zirehli versiyası, həm şossedə, həm də yolsuzluq şəraitində hərəkətə imkan verən gücləndirilən asqı ilə təmin olunur.

Kəşfiyyat və patrul versiyaları


Bu versiyada yanacaq, su və digər avadanlıqlar üçün əlavə həcm nəzərdə tutulmaqla yanaşı pulemyot yerləşdirmək də mümkündür.

Azərbaycanın əldə etdiyi maşınların modeli və təyinatı açıqlanmasa da, "Storm III" ərazi vasitələrinin zirehli və kəşfiyyat təyinatlı versiyalarının əldə edildiyi ehtimalı daha böyükdür.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Storm   İsrail   Azərbaycan  


Bizi "telegram"da izləyin