İlkin olaraq düşmənin nümayiş etdirdiyi PUA modellərinə toxunaq. Belə ki, erməni şirkətləri ötən dəfə nümayiş etdirilən 3-4 növ PUA-sına bu dəfə bir neçəsini də əlavə edib. Bu PUA-lar erməni ordusunun zabit heyətinin bir qisminə nümayiş etdirilib.

Şirkətin direktoru Davit Qaloyan bildirib ki, hazırda öz istehsalları olan qurğuların sınaq uçuşlarını həyata keçirirlər.
Ermənilər nümayiş etdirilən PUA-ları aşağıdakı siniflərə bölüblər:
- Kəşfiyyat PUA-sı (3-4 tipdə)
- Kəşfiyyat zərbə PUA-sı,
- Zərbə PUA-sı,
- Kamikadze PUA-sı,
- Kamikadze-zərbə PUA-sı.
Təbii ki, belə bir təsnifatlandırma dünyanın heç bir yerində mövcud deyil. PUA-lar adətən texniki göstəricilərinə görə aşağıdakı kimi təsnifatlandırılır:
1. İdarəetmə tipinə görə (avtomatik, operator vasitəsilə və hibrid);
2. Uçuş kütləsinə, sürətinə və yüksəkliyinə görə;
3. Təyinatına görə (kəşfiyyat və zərbə).
Yeni erməni təsnifatlandırma sistemi barədə ilk dəfə xəbər tuturuq. Əslində kamikadze PUA-ya aid edilmir, bu məqsədlə təyin edilən qurğular sadəcə zərbə PUA-ları adlanır.

Şirkət rəhbəri müsahibəsində bildirir ki, PUA-lardan biri kütləsi 10-15 kq ağırlığında olan döyüş bağlığına malikdir və kifayət qədər güclü bir qurğudur. Qurğunun təcrübə sınaq uçuşları artıq həyata keçirilib, hazırda müqavilə bağlanılması gözlənilir. PUA-ların poliqonlarda uçuş sınaq təcrübəsinin keçirilməsi mərhələsini gözlədikləri və qoşunların bu PUA-nı silahlanmaya qəbul etməyə hazırlıq mərhələsində olduğu bildirilir. Böyük ehtimalla adıçəkilən qurğu “Krunk” PUA-larının bazasında hazırlanır. Videomaterialda buna bənzər konstruksiya nəzərə çarpmır. Mümkündür ki, yeni PUA xarici görünüşünə görə yenilənib, lakin əsas mühərrik və faydalı yüklər qorunub saxlanılıb.
Təqdim edilən PUA-ların digər modelləri ilə iki il əvvəl İrəvanda keçirilən “ArmHiTec 2016” silah və hərbi texnika sərgisindən qiyabi tanışıq. İndiyə qədər Ermənistan şirkətləri əsasən Rusiya istehsalçıları tərəfindən hazırlanan PUA-ların montajı və satışı ilə məşğul olan distributor kimi tanınıb. Əvvəlki sərgilərdə 5-10 kiloqram çəki ilə kiçik sinif dronlara aid “Photobot”, “Supercam S-300M”, “Supercam S-350”, “Krunk”, “Hreeş” və “Baze” modellərinə rast gəlinib.

2016-cı ildə Ermənistan ordusunun məğlubiyyətinin acı nəticələrinin aradan qaldırılması məqsədilə “ProMAQ” şirkətlər qrupu yaradıldı. Onun tərkibinə isə öz məsuliyyət sahəsi olan bir sıra şirkətlər daxil edildi. Bu şirkətin yeddi və ya səkkiz kəşfiyyat və zərbə tipli PUA modelini hazırladığı barədə daha öncə məlumat vermişdik.
İlin əvvəlində Əbu Dabidə təşkil olunan İDEX-2019 sərgisində Ermənistan “ProMAQ” şirkətlər qrupu öz məhsullarından bir neçəsini, o cümlədən gəzən sursat sinfinə aid olan zərbə tipli uçan aparat nümunələrini təqdim etdi. Konstruksiya olaraq istənilən vasitənin korpusunu və ya məhdud imkanlarla prototipini yaratmaq mümkündür. Lakin zərbə tipli PUA-ların bəzi əsas xüsusiyyətlərinin tətbiq edilməsi hələ də “ProMAQ” üçün əlçatmazdır. Məsələn, şirkət nümayəndələri PUA-nın səssiz mühərrikə sahib olması, küləkli və məhdud görüntü şəraitində sınaqları, hədəfə kilidlənməsi və ya hədəf aşkarlanmadıqda geri qaytarılması barədə çox zaman susmağa üstünlük verirlər. Ermənistanın istehsal etdiyi “yüksək imkanlara malik” PUA-lardan hələlik yalnız erməni ordusu, o da məhdud sayda istifadə edir. Əslində Ermənistan Ordusunun başqa çıxış yolu da yoxdur, çünki onları heç kim İrəvana pay vermək niyyətində deyil.
İndiyə qədər istehsalçı şirkət, jurnalistlərin “Xaricdə istehsal edilən bu növ avadanlıqlardan PUA-larımızın üstün cəhəti nədir?” sualına “Müdafiə Nazirliyi onların istehsalı ilə maraqlanır” deyə cavab verməklə kifayətlənib. Tabeliyində olan qurumun, onun sifarişi ilə istehsal etdiyi məhsulla maraqlanmaq Ermənistan Müdafiə Nazirliyinin borcudur! Digər tərəfdən isə erməni rəhbərliyinin digər alternativlərinin olduğunu zənn etmirəm.

“Hreeş” (Monstr) Ermənistanın ilk zərbə PUA-sıdır, dəfələrlə sərgilərdə və tədbirlərdə həm ictimaiyyətə, həm də ordu və ölkə rəhbərliyinə təqdim edilib, lakin onu hələ də yeni zərbə PUA-sı kimi təqdim edirlər.
Digər zərbə tipli PUA-ların da “Hreeş”in bazasında hazırlandığını ehtimal etmək olar.
Zərbə tipli “Hreeş” PUA-sının uçuş hündürlüyü 1 km, uçuş məsafəsinin 40-50 km-ə çatdığı, rəqibin 20 km məsafədə birbaşa görüntüdən kənar olan gizli obyektlərini məhv etmək üçün nəzərdə tutulduğu bildirilir. Döyüş başlığının avtomatik rejimdə zirehli vasitələr də daxil olmaqla, hər hansı bir hədəfə zərbə endirməyə qadir olduğu da iddia edilir. Şirkət mühəndislərinin sözlərinə görə, “Hreeş” zərbə tipli bir modeldir, ağırlığı 7 kq olan PUA 1.6 kq yük qaldıra bilir. Belə bir təvazökar kütləyə və kiçik döyüş başlığına sahib olduğu üçün yalnız və yalnız “mini PUA” sinifinə aid edilə bilən aparatı “Monstr” (heybətli, div, əjdaha kimi tərcümə edilir) kimi, yalnız üzdəniraq qonşularımız adlandıra bilərdi.

Təqdim edilən digər bir PUA növünün tank əleyhinə tətbiq üçün nəzərdə tutulduğu bildirilir, lakin taktiki texniki xüsusiyyətləri və döyüş başlığı barədə məlumat verilmir. Məlumata görə, qurğu 40 km dərinlikdə fəaliyyət göstərə bilər. Tank əleyhinə PUA anlayışının da hərb elminə erməni mühəndislər tərəfindən daxil edildiyini vurğulamaq yerinə düşərdi.
Videomaterialda müsahibə verən şəxs PUA-ların universal olduğunu, yəni döyüş sursatı əlavə edilməklə zərbə PUA-sına çevrildiyini, çantada daşına bildiyini, bir əsgər tərəfindən idarə olunduğunu iddia edir. Təbii ki, universal platformalar daha çox yayılmaqdadır. Lakin PUA-ların partlayıcı elementlərlə birbaşa səhra şəraitində təchiz olunmasının təhlükəli olmasına və bunun acı nəticələrə gətirib çıxarması barədə çox sayda faciəli faktlar mövcuddur. Qeyd edim ki, bu təhlükəli metod yeni deyil, təhlükəli olduğu üçün qadağan edilmiş köhnə metoddur.

Ermənistan Silahlı Qüvvələrinin hərbi hissələrini yeni PUA-larla təchizatına dair bu ilin fevralında məlumat vermişdik. Sonradan məlum oldu ki, hərbi hissələrə verilən bu PUA, daha öncə də istifadədə olan X-55 PUA-sının bazasında hazırlandığı iddia olunan ARMI-55M PUA-sıdır.
Ermənistan KİV-ləri eyni PUA modellərini hər dəfə yeni nümunə kimi təqdim etməyə artıq adət ediblər. 2015-ci ildən işğalçı ölkənin istifadəsində olan X-55 PUA-ları ARMİ-55-in tomsalında yeni aparat kimi təqdim edilir.
Bu PUA barədə çox məlumat vermişik, onun bir çox uçuşlarının qarşısı əsgərlərimiz tərəfindən zamanında alınıb, demək olar ki, bütün hissələri ələ keçirilib.
Xatırladım ki, Azərbaycan Ordusunun 1-ci eşalon bölmələrinin əsgərləri istifadələrində olan atıcı silahlar vasitəsi ilə 2015-2016-cı illər ərzində 20 ədəd, 2017-ci ildə 5 ədəd, 2018-ci il ərzində 4 ədəd, yəni 4 ildə 29 ədəd Ermənistanın “dünyada analoqu olmayan” PUA-sını məhv edib. Sonuncu “X-55” PUA-sı bu ilin mart ayının 3-də Hava Hücumundan Müdafiə qoşunlarımızın bölmələri tərəfindən zərərsizləşdirilib. Hesab edirəm ki, şərhə ehtiyac qalmır.

Qumbaraatandan atəş aça bilən PUA-nı isə “kəşfiyyat və bombardmançı” vasitə kimi təqdim ediblər. Operator hədəfi gördükdə qumbaraları buraxır, PUA isə geri qaytarıla bilir. Əslində bunu şərh etməyə dəyməz. Burada nə dəqiqlikdən, nə zərbə qüvvəsindən, nə də zərərin miqyasından danışmağa dəyməz. Bu metoddan artıq özünə hörmət edən qiyamçılar belə istifadə etmir. 1000 metr yüksəklikdə 130 km/saat sürətlə hərəkət edən PUA-dan yerdəki hədəfə qumbara atarkən dəqiqlik neçə əldə olunacaq? Təpmə qüvvəsi necə neytrallaşdırılacaq? Hədəf hərəkətə keçərsə necə olacaq? Küləyin təsiri necə nəzərə alınacaq? və s. kimi ciddi suallar hələ cavabını tapmayıb. Hələlik çox primitiv və səmərəsiz ideyadır.
Erməni KİV-lərində yayılan digər bir məlumata görə, Ermənistan Müdafiə Nazirliyi yerli istehsal olan zirehli plitələrin ilk partiyasını sifariş edib.
Adı açıqlanmayan erməni şirkətlərindən biri öz layihəsi əsasında istehsal etdiyi zirehli plitələrin, zirehli gödəçələrə yerləşdirilməsi məqsədilə orduya tədarük edilməsinə dair Müdafiə Nazirliyindən sifariş alıb.

Şirkətin direktoru hazırda istifadə edilən zirehli plitələrlə müqayisədə istehsal etdikləri məhsulun üstünlüklərindən bəhs edib. Onun sözlərinə görə istehsal etdikləri zirehli plitələr 5-ci dərəcəli müdafiəni təmin edir, hərbi qulluqçunu 10 m məsafədə SVD gülləsindən qoruya bilir. Zirehli plitələrin çəkisi 2.3 kq-dir. Hələlik orduya qismən tədarük edilib, hazırda yeni müqavilə bağlanması istiqamətində işlərin aparıldığı bildirilir.
Həm zirehli gödəkcə, həm onun plitələri, həm də istehsalçı barədə sayt heç bir məlumat vermir, sanki işğalçı ölkənin yeni və məxfi bir silah sisteminin hazırlamasından söhbət gedir. Lakin Ordu.az saytı hələ 2019-cu ilin fevralı 20-də bu gödəkcənin GS47/1707 markasını daşıdığı və Ermənistanın “Elektro-optik Tədqiqat və İstehsal Mərkəzi” MMC-nin mütəxəssisləri tərəfindən istehsal edildiyi barədə məlumat vermişdi. Həmin gödəkcələrin BƏƏ-də keçirilən sərgidə nümayiş olunması belə marağa səbəb olmadı. Ermənistan məhsuluna tələbat olmadığı üçün gödəkcələr geriyə qaytarıldı.
Ermənistan Milli Elmlər Akademiyasının müxbir üzvləri, kimya elmləri doktorları Sevan Davtyan və Anahit Tonoyanın birgə hazırladığı zireh gödəkçələrin plitələrinin çəkisi 2.2-2.3 kq-dır. İstehsalçı şirkət hazır gödəkçələri keçən il Ermənistanın Müdafiə Nazirliyinin atəş poliqonunda sınaqlardan keçirib. Zirehli gödəkçələrin “Vaqan” adlandırılan plitələrinin 10 metr məsafədə atılan mərmilərə, hətta minalara davam gətirdiyi iddia edilir. Lakin keçən il ərzində bu plitələrin partiyasının sifariş verilməsi gözlənilsə də, bu il yalnız kiçik bir partiya şəklində sifariş baş tutub. Böyük ehtimalla hər ön xətt taboruna 5-10 ədəd paylayıb, həm qoşun sınaqlarını tamamlamağı, həm də “ciddi silah sistemi döyüşlərdə tətbiq edilib” kimi damğanın qazanılması nəzərdən keçirilir.

Əvvəllər zirehli gödəkcələrin hazırlanması üçün əsasən kevlar və metallardan (titan, polad) istifadə edilirdi. Daha sonra onların sırasına keramika da əlavə edildi, hazırda isə UHMWPE adlanan ultra-yüksək molekulyar xüsusiyyətə malik böyük sıxlıqlı polietilendən istifadə edilir.
Əvvəllər erməni zirehli gödəkcələrinin hansı materiala, hansı sinifə və standarta uyğun olduğu barədə məlumat verilmirdi, lakin son məlumatda plitələrin 5-ci sinifə aid olduğu bildirildi.
Ermənistan müdafiə sənayesinin hazırladığı zirehli gödəkcələrdə şüşə kristal əsaslı materialdan istifadə olunduğu ehtimal edilir. Belə gödəkçələr isə texnoloji baxımdan yeni deyil, onlar artıq keçən əsrdən etibarən mövcuddur və heç bir halda müasir texnologiya hesab edilmir.
Son illərdə isə istehsalçılar zirehli gödəkcələrin çəkisinin əhəmiyyətli dərəcədə azaldılmasına, əsgəri xüsusi təzyiqli və zirehdələn mərmilərin zədəsindən və təsirindən qorumağa imkan verən nanotexnologiyalardan-qrafendən, “nanoborudan” və “maye zireh” texnologiyasından istifadə etməyə başlayıblar. Odur ki, belə bir ciddi rəqabətin mövcud olduğu zirehli gödəkçələr bazarında əvvəlki nəsilə aid şüşə kristal texnologiyadan hazırlanan hansısa məhsulun 5-ci nəsil adı ilə təqdim edilməsi heç bir halda xarici müştərilərin diqqətini cəlb etməyəcək. Ermənistan Müdafiə Nazirliyi isə bu addımı tabeliyində olan Dövlət Müdafiə Sənaye Kompleksini ayaqda tutmaq və müflisləşmədən qorumaq üçün atıb.

Ordu.az saytında bu gödəkcələrlə bağlı məlumat dərc edilən gün “Sputnik Armenia” agentliyi Ermənistan tərəfindən fevralın 7-də Suriyaya göndərilən 83 nəfər istehkamçıların fotolarını yaydı. Bu fotolardan da erməni istehkamçıların yerli istehsal olan GS47/1707 zirehli gödəkçələrindən istifadə etmədikləri məlum oldu, bu isə bəzi sualların yaranması ilə nəticələndi. Məsələn, əgər Ermənistanın hazırladığı zirehli gödəkçələr bəyan edilən xüsusiyyətlərə malikdirsə, nədən onlarla döyüş əməliyyatları zonasına göndərilən şəxsi heyəti təmin etmədilər? Əgər Ermənistan zirehli gödəkçə istehsalında 5-ci sinif qorunma səviyyəsini əldə edibsə, o zaman fevralın 7-də Suriyada onlardan niyə istifadə edilməyib?
5-ci sinif qorunma səviyyəli zirehli gödəkçələr qəbul edilən standartlarına görə 10 metr məsafədən 830 m/s. sürətlə uçan snayper tüfənginin 7.62 mm-lik, 9.4 qramlıq polad gülləsindən şəxsi heyəti qorumalıdır. Belə bir gödəkçələr illərdir ki, mövcuddur. Ermənistan müdafiə sənayesinin ən sadə texnoloji prosesə malik məhsulları hazırlaması təəccüblü deyil. Maraqlı olan isə bu gödəkçənin sınaqları barədə videogörüntülərin olmamasıdır.
Ermənistan tərəfi hansı standarta əsasən 5-ci sinif qorunmanın təmin edilməsini də açıqlamır. Qeyd edək ki, hazırda Avropa, Rusiya, ABŞ və s. kimi fərqli standartlar mövcuddur. Məsələn, ABŞ-da cəmi 4-cü sinif qorunma səviyyəsi mövcuddur.

Ermənistan şirkətlərindən birinin yerli snayper tüfəngi və avtomat silah istehsal edərək, orduya satması barədə məlumatlar isə doğru ola bilər. Lakin hansı sayda silahın çatdırılması barədə məlumat verilmir.
Erməni ordusunun yüksək rütbəli zabit heyəti üçün keçirilən nümayiş sərgisi zamanı şirkətin mütəxəssisi istehsal etdikləri silahları iştirakçılara təqdim edərkən yenə də bir neçə dəfə “yeni silah” ifadəsinə yer verib.
Onun sözlərindən belə məlum olur ki, təqdim edilən silahların hamısı Ermənistanda istehsal edilib. Əsasən xüsusi təyinatlı bölmələrdə istifadə edilən bu silah növləri artıq erməni ordusunun bölmələrində də tətbiq olunur. Bütün nümunələrin yerli istehsal olduğu və sınaq təcrübə atışlarından uğurla keçdikləri vurğulanır.
Videoda yeni silah adı ilə təqdim edilənlər:
- 12.7 mm K-15 snayper tüfəngi;
- K-8 snayper tufəngi;
- K-15 snayper tüfəngi;
- K-11 snayper tufəngi;
- Modernləşdirilmiş SVD tipli snayper tüfəngi;
- 3 ədəd avtomat silahı;
- PQ-7V qumbarası.

Qeyd edək ki, 2015-ci ilə qədər Ermənistanın bir şox tanınmış silah istehsalçılarından, məsələn İngiltərənin “Accuracy International” şirkətindən müxtəlif çaplı AX .338/AXMC, Fransadan “PGM Mini-Hecate .338”, CAR-ın “Truvelo” şirkətindən “Truvelo CMS” .50 BMG, Serbiyadan 12.7 mm çaplı М-93 “Black Arrow”, Finlandiyanın SAKO TRG M-10 və TRG-42, Rusiyadan 9х39mm çaplı VSS “Vintorez”, İtaliyadan “Beretta”, Flippindən 40 ədəd .22LR/MRF snayper tüfəngi və Ukraynadan naməlum snayper silahlarını məhdud sayda (bəzilərindən cəmi 3 ədəd) idxal etməsi barədə məlumatlar mövcuddur. Təbii ki, belə bir geniş assortiment kiçik Ermənistan ordusunun tələbatını qarşılamaq məqsədi daşıya bilməz. Hərbi sahədən kənar olan bir şəxs də, belə bir “həftəbecərin” yalnız araşdırma məqsədli ola biləcəyini ehtimal edə bilər. Artıq bu gün Ermənistan şirkətləri bu silahlara əsaslanaraq yerli atıcı silah nümunələrini işğalçı ölkə ordusunun istifadəsinə verirlər. Silahların hamısının real imkanları barədə dəqiq nəsə demək doğru olmazdı, onlardan bəziləri artıq aktual olmayan silah nümunələrinin kopyalarıdır, lakin 12.7 mm çaplı K-15 uzaqmənzilli snayper tüfənginin sələflərinin xüsusiyyətlərini qoruduğu halda təhlükəli ola biləcəyi istisna edilmir.
K-8 tüfəngləri, 1957-63-cü illərdə Yevgeni Draqunovun rəhbərliyi altında SSRİ-də hazırlanan və 1963-cü il iyulun 3-də Sovet Ordusu tərəfindən silahlanmaya qəbul edilən 7.62 mm-lik “Draqunov” snayper tüfənginin (SVD, GRAU indeksi 6B1) modifkasiyasıdır. Burada qətiyyətlə heç bir yeni snayper tüfəngindən söhbət gedə bilməz. Hər iki modelin 7.62 mm çapa, 620 mm lülə uzunluğuna, 7.62X54 mm mərmi tipinə, eyni NSPU geçəgörmə və ya PSO optik nişangahına, eyni çəkiyə, eyni atəş məsafəsinə və s. malik olması ermənilərin yarım əsr bundan əvvəl hazırlanan növbəti rus silahını erməni “nou-xau”su kimi dünyaya sırımağa çalışdığını göstərir. Ermənilərin burada tətbiq etdiyi yeganə yenilik 69 il əvvəl 5.45 mm-lik RPK-74 əl pulemyotunda mövcud olan iki ayaqlı dayağı K-8 tüfəngində istifadə etmələridir.

Ermənistan ordusunun silahlanmasında K-8 snayper tüfənglərindən bu günə qədər istifadə edilməməsi də müəyyən suallar yaradır. Buna səbəb kimi, bəzi mənbələr silahın normal döyüş vəziyyətinə gətirilməsində və lülənin davamlılıq məsələlərində problemlərinin olduğunu qeyd edirlər. Bu silahın xarici konstruksiyasında müəyyən dəyişiklik edərək modernləşdirilən versiyada təqdim edilməsi, onun texniki xüsusiyyətlərinə təsir edib. Ermənistan Müdafiə Nazirliyinin hərbi zavodlarında “Kalaşnikov” avtomatının dizaynı əsasında orta seqmentə aid qatlanan qundaqlı ASS-300 və ASR-300 snayper tüfənglərinin bir neçə versiyası da hazırlanır.

5.45x39mm çaplı K-11 snayper tüfəngləri isə “Kalaşnikov” əl pulemyotunun bazasına əsaslanaraq hazırlanıb və 1996-cı ildən Ermənistanın silahlanmasına daxildir.

Yeni avtomat silahlara gəldikdə isə bunların K-3 və AS-300 tüfəngləri olduğu ehtimal edilir. Onların texniki xüsusiyyətləri ciddi bir üstünlük vəd etmədiyi üçün müzakirəsinə ehtiyac qalmır.
Yuxarıda yazılanları təhlil etdikdə məlum olur ki, Ermənistan məhdud hərbi-elmi və maliyyə potensialına baxmayaq, müharibədə real istifadə ediləcək silahların, avadanlıqların və texniki vasitələrin yerli müəssisələrdə yaradılması üçün ciddi səylər göstərir. Əgər əvvəllər bu səylər komik modellərin ortaya çıxması ilə nəticələnirdisə, artıq bəzi hazır məhsullar, məsələn zərbə PUA-ları, lazer elektron optik sistemli antisnayper, uzaqmənzilli snayper tüfəngləri diqqəti cəlb edə bilir.
Odur ki, bütün proseslər aidiyyətı üzrə qurumlar tərəfindən öyrənilməli və əks tədbirlər görülməlidir. Artıq zaman Azərbaycanın torpaqlarını 27 ildən çox işğal altında saxlayan Ermənistanın ziyanına işləmir. Əvvəllər tək Rusiya Ermənistana kredit və ya silah verirdisə, artıq həm ABŞ, həm Avropa, həm də diaspora İrəvana vəsait ayırmaq, kredit vermək, qırıcı almaq üstündə rəqabətə başlayıb. Yeganə çıxış yolu işğalçını layiq olduğu cəzaya ən qısa zamanda çatdırmaqdan keçir.
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az