Ordu.az olaraq cəbhənin şimal istiqamətində xidmət keçən əsgərlərimizlə müsahibəni təqdim edirik.
Komandirlə düşmən mövqelərini müşahidə edən əsgərlərimizin durduğu məntəqəyə gəlirik. Qarşıya gələn əsgər özünü və vəzifəsini təqdim etdikdən sonra ümumi müşahidələri haqqında məlumat verir. Komandir “buyurun hansı əsgərimizlə istəyirsinizsə, söhbətləşin” deyir. Sanki bununla əsgərə bir az sərbəstlik və öz fikrini açıq ifadə etməyinə işarə edir. İlk müsahibim isə bütün diqqəti müşahidə qurğusunda, qarşı tərəfdən nəzərlərini yayındırmamaqla bizimlə həm söhbət olur. Ön xətdə budəfəki səfərimin ilk müsahibi Bakı şəhər Binəqədi rayonundan həqiqi hərbi xidmətə çağırılan əsgər Ağahüseyn Gülüşovdur.
- Salam Əsgər! Təmas xəttində xidmətinin ilk günlərini necə xatırlayırsan, sənin üçün çətinlik olmadı?
- Mən bir neçə aydır ki, təmas xəttində xidmət edirəm. Bura gələnə qədər ümumiyyətlə təmas xətti barəsində heç bir anlayışım yox idi, heç təsəvvürümə belə gətirmirdim ki, təmas xətti necə bir yerdir. Lakin bura gəldikdən sonra ilk olaraq komandirlərimiz bizimlə söhbətlər apardıqda, düşmən haqqında kifayət qədər məlumat aldıq. Bu səbəbdən də bizdə düşmən barəsində ilkin təsəvvür oyandı. Amma tədricən xidmət keçdikcə, ümumi ərazi barəsində məlumatları aldıqca hər şey normal axarına düşür. Yəni həm məkanı, həm düşmənin əsas hiyləsini öyrənirsən.
- Necə yəni, normal axarına düşür deyəndə nəyi nəzərdə tutursan?.
- Bəzi məqamları, təbii ki, deyə bilmərəm. Lakin onu deyə bilərəm ki, təmas xəttində xidmətimin ilk günləri idi, təxminən 4 ya, 5 gün idi ki bura gəlmişdik. Mən ilk dəfə düşmən tərəfdən atəşin açıldığının o zaman şahidi oldum. Bu da elə bir vaxtda təsadüf elədi ki, o zaman komandirlərimiz bizə düşmənin əsas xisləti haqqında məlumat verirdilər (gülür). Elə bil ki, sözümüzün üstünə düşmən gülləsinin atılması, bizə bir təcrübə oldu. Gənc əsgər olduğumuz üçün güllə vıyıltısı təbii ki, bir az maraqlı gəlirdi. Bura gələnə qədər elə bilirdim ki, güllə səsi gələndə, mərmi vıyıltısı eşidiləndə gizlənmək lazımdır. Amma burda tam əksini gördüm. Çünki komandirimiz güllə səsini və mərminin başımızın üstündən vıyıltıyla keçməsini olduqca soyuqqanlı qarşıladı. Düzü, komandirin bu qədər sakit bir tərzdə davranışı, sanki bizə bir güc və keçilməzlik səddi verdi. Bundan sonra elə hey ermənilərin yerli-yersiz mövqelərimizi atəşə tutmalarının şahidi olduq. Amma onu sizə deyim ki, bu müəyyən vaxtlarda olsa da, bizi heç bir zaman sarsıtmır. Əksinə bir az da daha mətinləşdirir.
- Güllə atışı zamanı komandirin də soyuqqanlılıq gördüyünü dedin, bu hal sizdə maraq oyatdımı?

- Əlbəttə ki, ilk günlər çox maraqlı gəldi. Hətta bəzən eşitdiyim bir deyim vardı, deyirdilər “kimsə güllənin üstünə yeriyir”. Bax, bu həmin komandirlərdəndir deyə düşündüm. Amma xidmət günləri keçdikcə, ermənilərin hər bir təxribatının şahidi olduqca, bu soyuqqanlılığın hardan qaynaqlandığını və komandirlərimizin hər birinin bu cür soyuqqanlı olduğunu dərk elədim. Elə onu da sizə deyim ki, komandirlərimizin bu cür mətinlikləri bizdə bu Vətənə məhəbbət, xalqa xidmət məsuliyyətini daha da artırır. İndi inanın ki, can atırıq irəli getməyə. Çünki biz özümüzü real olaraq o müharibənin içində hiss edirik. Komandirlərimizin belə davranışları bizə də irəli atılmağa, düşməni məhv etməyə güc verir. Qalır bu hisləri real həyata keçirmək. O da İnşallah bir kəlmə sözə bağlıdır ki, onu da səbrsizliklə gözləyirik. Ali Baş Komandanın "İrəli" əmri.
- Sevdiyin qız varmı?
- Var əlbəttə!
- Ailənə və sevdiyin qıza sözün varmı, burdan onlara nə demək istəyərdin?
- Vallah bura ilk gələndə onlar üçün çox darıxırdım. Amma indi inciməsinlər, yalnız bir şey üçün darıxıram, Qarabağa doğru getmək, Vətən torpaqlarını azad etmək.
Əsgərimizə uğurlu xidmət arzulayıb, sağollaşıram. Yolumuz daha bir müşahidə məntəqəsinədir. İkinci müsahibimlə də söhbətimiz olduqca maraqlı və yadda qalan oldu. Rüfət Ağdadaşzadə Astara rayon Kicəbə qəsəbəsində doğulub, həmin rayon səfərbərlik xidmətindən hərbi xidmətə çağrılıb. O, təmas xəttinə xidmətə gəlməsini eşidəndə çox sevindiyini deyir.
- Salam, əsgər, xidmətin necə gedir?

- Salam, xoş gəldiniz, sizi aramızda görmək çox xoşdur.
- Təmas xəttində xidmət etmək necədir?
- Əslində xidmətim barədə çox danışa bilərəm. Amma öncədən onu deyim ki, mən əslən Astaradanam. Aprel döyüşləri zamanı mənim ellim Pəncəli Teymurov da bu torpaqlarda şəhid olub. Mən eşidəndə ki, təmas xəttində xidmət edəcəm, inanın çox sevindim. Niyəsini də deyim. İlk olaraq təmas xəttində xidmət etmək şərəfli xidmət yeridir. İkincisi isə mən elə bir şəhidin sözündən özümə dərs götürmüşəm ki, o toyu günündə özünə şəhidlik zirvəsi arzulayıb. Mən onun yarımçıq qalan arzusunu yerinə yetirmək, onun başladığı missiyanı davam etdirmək üçün burdayam. Təbii ki, öz vətənimə, xalqıma və bu müqəddəs yolunda özünə şəhidlik arzu edən şəhidlərimizin qisasın almaq uğrunda xidmətimə davam edirəm, edəcəm də.
- Xidmətin dövründə ən çox istəyin nədir, nəyi görmək istəyərdin?
- Xidmətimdə, çox şükür olsun ki, heç bir problem yoxdur. Xidmətimizin normal olması üçün bütün təminatımız var. Əsgərlikdə əsgərin əsas işi nə ola bilər, Vətəni qorumaq, xalqına layiqli bir övlad kimi yetişmək. Biz də çalışırıq bunun öhdəsindən gələk. Ən böyük arzum da az öncə dediyim kimi, bu torpaqlarımızın azadlığı uğrundan canını fəda edən şəhidlərimizin ruhu rahat olsun deyə onların başladığı missiyanı şərəflə davam etdirməkdir. Biz buna hazırıq. Bizdən sonra gələn nəsillərimizin rahat yaşaması üçün, düşməni yuvasında əzməliyik.
Əsgərlərimizin mənəvi-psixoloji hazırlıq səviyyəsinin yüksək olması, onların Vətən yolunda hər an döyüşə hazır olmaq əzmləri gözlənilən qələbənin elə də uzaq olmadığına bir daha əminlik yaradır.
Daşqın Güneyli
Ordu.az