Ordu.az xəbər verir ki, hər zaman hərbi gücü artırmağa istəyini nümayiş etdirən Si 2015-ci ilin noyabrında yeni beş illik hərbi islahat planının tətbiqinə başladı.
Bu plan çərçivəsində Xalq Azadlıq Ordusunda (XAO) artıq böyük yenidənqurmalar həyata keçirilib. Çinin əsas diqqət mərkəzində isə Cənubi Çin dənizindəki süni adaların hərbiləşdirilməsi dayanıb.
Bu ayın əvvəlində Amerika kəşfiyyatı Çinin bu adalardan üçünə yer-hava və gəmi əleyhinə qanadlı raketlər yerləşdirdiyini təsdiqləyib. Çinin Cənubi Çin dənizindəki donanma mövcudluğunun artması ABŞ və müttəfiqlərini narahat edir. Onun Hind okeandakı mövcudluğunun böyüməsi Yeni Dehli, Vaşinqton və digər bir neçə paytaxtda həyəcan təbilinin çalınmasına səbəb olur.
Çinin Yaxın Şərq və Afrikadan neft idxalından asılılığının artması da Hind okeanındakı hərbi mövcudluğuna gətirib çıxarır. Başqa bir səbəb isə dəniz quldurluğu və terrorizmlə mübarizədə beynəlxalq cəmiyyətlə daha yaxından işləmə səyləridir. O, Ədən körfəzində quldurluğa qarşı ABŞ və Avropa ilə yaxından əməkdaşlıq edir.
Ağalar Ağalarlı
Ordu.az