Dərada "tələ": Suriyada kartlar yenidən paylanır – ANALİZ

2018/04/u5yktsqswiuby599yfxe43543_1523002856.jpg
Oxunub: 3310     16:09     06 Aprel 2018    
Aprelin 2-də xəbər yayıldı ki, Fəratın qərbində yerləşən Ayn-İsa şəhərindəki ABŞ və YPG-nin nəzarətində olan 93-cü hərbi bazanın ərazisinə minaatanlardan zərbə endirilib. Bu bazada YPG-dən başqa ABŞ Xüsusi Əməliyyatlar Komandanlığının "Yaşıl beretlər"dən ibarət məhdud kontingenti və Fransanın Xüsusi Əməliyyatlar Komandanlığının (Commandement des Operations Speciales) tabeliyində olan silahlı bölmələrin yerləşməsi, bu hadisəyə daha ciddi bir don geyindirdi.

Hamı bu aksiyada Suriya ordusundan şübhələnsə də sonradan Əsədi dəstəkləyən "Şərq Regionunun Xalq Müqaviməti" (ŞRXM) təşkilatının üzvlərinin atəş açdığı məlum oldu. 2018-ci ilin fevralın 28-də 6 nəfərlik bir qrup silahlı şəxsin "Youtube" vasitəsilə Rakka vilayətində ABŞ Silahlı Qüvvələrinə, Qərb koalisiyasına və YPG-yə müxalif olan yeni partizan təşkilatının yaranması haqqında məlumat verəndə, heç kim onları ciddi qəbul etmədi.

Bu gün isə artıq ŞRXM hərəkətə başlayıb və ABŞ bazasının nəzarət buraxılış məntəqəsinə deyil, Həma şəhərinin ölçüsünə bərabər olan, ərazisində ətrafı tam nəzarətdə saxlamağa, bazaya bütün yaxınlaşmaları müşahidə etməyə imkan verən yüksəkliyin də mövcud olduğu bütün bazanın ərazisinə hücum edib. Maraqlıdır ki, bazanın mühafizəsində istifadə olunan, infraqırmızı diapazonda işləyən optik-elektron nəzarət sistemləri və hərbiləşdirilən təhlükəsizlik bölmələri ŞRXM kimi tanınan qüvvələrin bazaya minaatan məsafəsinə, yəni 3-7 km qədər yaxınlaşmasını aşkar edə bilməyiblər. Bu isə koalisiya qüvvələrinin kifayət qədər ciddi silah və texniki vasitələrlə təchiz olunmasına baxmayaraq, sayca kiçik mobil qruplara qarşı heç bir hazırlıq görə bilməməsi fonunda, artıq Suriyada yeni yaranan anti-Amerika istiqamətli yeni bir qrupun taktiki üstünlüyü hesab edilə bilər.

Məsələn, əgər bu qruplar adi minalar ilə deyil, nizamlanan 120 mm-lik KM-8 "Qran" minaları, lazer məsafəölçəni və hədəf göstərməyə sahib kiçik PUA ilə təchiz olunsaydılar, 93-cü bazada bir çox vacib hədəflər qısa müddətdə sıradan çıxarıla bilərdi. Bu minalarda istifadə olunan 9E430 yarım aktiv lazer tuşlama başlığının hədəfdən yayınma əmsalı 1-2 metrdən artıq deyil. Yaddan çıxarmayaq ki, "Şərq Regionunun Xalq Müqaviməti" silahlıları 65 kilometr əməliyyat dərinliyində sərbəst fəaliyyət həyata keçiriblər. Demək ki, ABŞ, Fransa xüsusi təyinatlılarının və YPG silahlılarının yerləşdiyi 93-cü bazanın müdafiə və mühafizə qabiliyyəti yox səviyyəsindədir. Rakkanın cənub sərhədlərini qoruyan YPG-nin, ABŞ-a görə patrul fəaliyyəti adekvat deyil.
Məlumatlara görə, ABŞ-ın Münbicdə ikinci hərbi baza inşa etməsi ilə bağlı xəbərlər gəlməyə başladı. Münbicdə olan 500 nəfərlik ABŞ dəniz piyada qüvvələrini Fransa Ordusu daha 120 nəfər artırdı. Aprelin 1-də göndərilən bu qruplaşmanın 50 nəfəri zabitlərdən ibarətdir. Bu şəxsi heyətin Fransadan yoxsa digər bazalardan göndərildiyi dəqiqləşdirilmir. Bilinən isə yalnız odur ki, Fransa prezidenti rəsmən Münbicdə YPG-yə yardım edəcəyini bildirib. Dərininə getsək, bunun, Makronun ilk YPG/PKK sevgisi olmadığını görərik. Əvvəllər də Fransanın YPG maraqlarında aviasiyadan istifadə etdiyi məlumdur. Qisası bu bəyanat Fransanın bundan sonra terrordan danışmaq və ya şikayət etmə haqqını tamamilə itirir. Əvvəlcə hücumun Türkiyənin dəstəklədiyi ASO tərəfindən həyata keçiriləcəyinə dair fikir formalaşdırmağa çalışsalar da, tezliklə hər şey aydınlaşdı. ASO, indiki vəziyyətdə TSQ ilə bərabər sadəcə İŞİD, PKK və YPG terrorçularına qarşı nizamlı döyüş əməliyyatlarında iştirak edir.

Suriya mənbələrinin məlumatlarına görə, Suriya ordusunun bir neçə zirehli briqadası artıq cənub "yarımqazanı"na yaxın Küneytrə cəbhə xəttində dislokasiya olunub. Bu bəhanə koalisiya tərəfindən Suriya ordusunun bütün digər istiqamətlərdə döyüş potensialının əhəmiyyətli dərəcədə zəiflədilməsi məqsədlə seçilərərək Əsəd qüvvələrinə zərbə endirmək üçün istifadə edilə bilər. Bu gün Əs- Suveyda-Dəra-Əl-Küneytrə xəttindəki ASO-nun plasdarmı heç bir halda Şərqi Quta və Duma ilə eyni səviyyəyə qoyula bilməz.

Çünki, Dəra ətrafındakı cənub "yarımqazanı"nın ümumi sahəsi Şərq Quta və Dumanın ərazisindən 35-40 dəfə böyükdür.

Bir çoxları əvvəlki ŞRXM-in hücumunu koalisiya tərəfindən Suriya qüvvələrinə zərbə endirmək üçün bəhanə kimi istifadə ediləcəyindən ehtiyatlanırdı. Əslində ABŞ bunsuz da kifayət qədər bəhanə tapa bilər. Ən azından Əsəd qüvvələrinin İsrail ilə sərhəddə təmizləmələrə başlaması ilə onlara zərbə endirə bilər. Amma hələlik koalisiya gözləməyə üstünlük verir.

İkincisi, bu ərazilərdə Azad Suriya Ordusunun sərəncamında Dəməşqin yeni təmizlənən şimal-şərq ətrafında olandan daha böyük qüvvələri mövcuddur.
Üçüncüsü, ASO döyüşçüləri ciddi coğrafi və topoqrafik üstünlüklərə malikdir. Onların nəzarətində olan ərazilərdə 25 ədəd yüksəklik mövcuddur. Dəməşqi Dəra ilə birləşdirən M5 avtomobil maqistralı ASO-nun nəzarətində olan ərazinin iki kilometrliyindən keçir. Bu isə Dərada Suriya Quru Qoşunlarının hərəkət imkanlarını ciddi şəkildə məhdudlaşdıracaq. Belə bir xoşagəlməz vəziyyətin aradan qaldırılması üçün hökumət qüvvələrinin tədbir görməsi məqsədilə səy göstərməsi də müşahidə olunmur.

Dördüncüsü, müxalifət qüvvələrinin nəzarətində olan ərazilər koalisiya ilə müttəfiq olan İordaniya və İsrail ilə həmsərhəddir. Bu isə istənilən müxalifətin Bəşər Əsəd rejiminin devrilməsində maraqlı olan ABŞ, İordaniya və Səudiyyə Ərəbistanı tərəfindən hərbi-texniki dəstək almasına imkan yaradır.

Sonuncusu isə, ASO üzərinə hücuma Türkiyənin münasibətidir. Türkiyə istənilən halda ASO-nu dəstəkləməkdə davam edəcək. Kreml ilə münasibətləri heç vaxt indiki qədər yüksək səviyyədə olmayan Ankara Əsədə Moskva vasitəsilə təzyiq göstərəcəyi və ASO üzərinə hücumdan daşındırmağa çalışacaq. Əgər Rusiya sərhəd əməliyyatlarında iştirak etməyəcəyinə Türkiyəni inandıra bilsə, Ankara təmkinli davranaraq Əsədin cilovlanmasına təşəbbüs göstərməyəcək. Yuxarıda göstərilənlərdən belə bir qənaətə gəlmək olar ki, minniatür ölçülərə malik, mühasirədə olan Dəməşqin ətrafındakı Şərqi Quta və Duma ərazilərini Rusiyanın Hərbi Kosmik Qüvvələrinin dəstəyi ilə, iki ay bombaladıqdan sonra azad edən Suriya Ordusu, bu ərazilərdən 40 dəfə böyük, 25 hakim yüksəkliklərə sahib və ən azı 2-5 dövlətdən texniki dəstək almaq şansı olan ASO güclərinin nəzarətində olan Əs-Suveyda-Dəra-Əl-Küneytrə plasdarmını ən yaxşı halda bir neçə ildən sonra azad edə bilər. Əgər bu əməliyyatlara Rusiya qoşulmaqdan imtina edərsə, o zaman Suriya Ordusu tam bir fiaskoya uğramaq şansı dəfələrlə artar. Rusiyanın İordaniya və İsrail sərhədlərində əməliyyatlara dəstək verməsinə yəqin ki, Dəməşqin özü də inanmır. Çünki Rusiyanın hərəkətləri həmsərhəd ölkələr tərəfindən dərhal aqressiya aktı kimi dəyərləndiriləcək. Ən qorxulan hadisələr də bundan sonra baş verə bilər.

İndi isə ümumiləşdirməyə çalışaq

İordaniya-Suriya və İsrail- Suriya sərhədlərinin mövcudluğu və hakim yüksəkliklər sayəsində cənub "yarımqazanı"nda ASO müntəzəm olaraq ətraf və müttəfiq ölkələrdən hərbi texniki dəstək alaraq, Suriya ordusuna müəyyən müddətdə müqavimət göstərə biləcək. Nəticədə, hazırda "cənub yarımqazanı"na hücum nəinki faydalıdır, hətta itirilən ərazilər sahəsinin genişlənməsinə səbəb ola bilər. Reallıq odur ki, Dəraya hücum Moskva və Dəməşq üçün əsl taktiki "tələ"dir. Bu baxımdan, rəsmi Dəməşq xırda toqquşmalar istisna olmaqla, cənuba nisbətən şimal və mərkəzdə əməliyyatları genişləndirir.

Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Dəra   Fransa   YPG  


Bizi "telegram"da izləyin