Ukraynanın qılınc və qalxanı: 2017-ci ildə müdafiə sənaye kompleksinin əsas nailiyyətləri – ARAŞDIRMA (II Yazı)

2018/03/1_1520584592.jpg
Oxunub: 2020     16:45     09 Mart 2018    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)


Ukraynanın zirehli texnika, aviasiya, yüksək dəqiqlikli silah, radar vasitələri, radiorabitə, hava hücumundan müdafiə sistemləri və gəmiqayırma sənayesində 2017-ci ildə əldə etdiyi əsas nailiyyətləri nəzərdən keçirərək silsilə yazının ikinci hissəsini təqdim edirik.

Təyyarə sənayesi

Təyyarə sənayesi müdafiə sənayesi üçün strateji əhəmiyyət daşıyır. Dövlətin müdafiə qabiliyyətindəki əsas rollardan birini oynayır. Ukrayna, dünyanın inkişaf edən ölkələrindən biri kimi yüksək texnologiyalı aviasiya avadanlığının tam yaradılması prosesinə malikdir. Ukrayna təyyarə sənaye müəssisələri "Ukroboronoprom" şirkətinin aviaklasterinə daxildir, əsas yaradıcı şirkət isə "Antonov" hesab olunur.

Ötən il hərbi nəqliyyat təyyarəsi An-132D istehsalı Ukrayna aviasiya sənayesinin əsas nailiyyəti oldu. 2017-ci ilin martın 31-də təyyarə ilk dəfə havaya qalxdı. Təyyarə "Antonov" Dövlət Müəssisəsi tərəfindən Səudiyyə Ərəbistanının "KACST və Taqnia Aeronautics Co" şirkəti ilə birgə yaradılıb.


Təyyarə müasir avionika ilə təchiz edilib və Rusiya komponentlərindən istifadə edilməyib. Bu, An-32 və An-26 təyyarələrini əvəz edəcək yeni An-132D yüngül yük təyyarəsinin ilk prototipidir. Qısa və orta məsafələrdə yüklərin daşınması üçün nəzərdə tutulub. Uçuş məsafəsi 3700 km olan An-132D-nin yük qaldırılma qabiliyyəti 9200 kq-a qədər artırılıb. Təyyarə germetik yük bölməsi və sürüşən yük rampası ilə təchiz olunub. Standart altlıqlı yüklərlin daşınmasından əlavə 75 nəfər şəxsi heyət və ya 27 nəfər yaralı xərəkdə daşına bilər. Yüngül texnikaların daşınması da mümkündür. 3000 kq-a qədər yüklər yuxarıdan endirilə bilər.

An-132D bir il yarıma, rekord qısa müddətdə inşa edildi. Bu müəsisə Amerikanın "Honeywell", Kanadanın "Pratt & Whitney", Almaniya-Fransa birgə "Liebherr-Aerospace Toulouse SAS" kimi qlobal nəhəngləri ilə inteqrasiya edilərək Ukrayna müdafiə sənayesinin uğurlu nümunəsinə çevrildi.

Beynəlxalq şirkətlər koalisiyasının növbəti məqsədi, yeni avionika ilə təchiz olunacaq modernləşdirilən An-70 təyyarəsinin inşası olacaq. Rusiya komponentlərindən istifadə burda da istisna olunur.


Ukrayna Hərbi Hava Qüvvələri An-70 hərbi nəqliyyat təyyarəsi

"Dubai Airshow 2017" Beynəlxalq Sərgisi zamanı Ukrayna təyyarə sənayesinin gələcək inkişafı üçün dövlət proqramı həyata keçirməyə yardım edəcək strateji müqavilələr imzalanıb. BƏƏ, Səudiyyə Ərəbistanı və Türkiyədən olan şirkətlər unikal təyyarələrin modernləşdirilməsində iştirak etmək arzularını ifadə ediblər. Bu, 2015-ci ildə Ukrayna ordusunun silahlanmasına qəbul edilən təyyarənin texniki xüsusiyyətlərini əhəmiyyətli dərəcədə genişləndirəcək.

2017-ci ildə 410-cu Mülki Aviasiya Zavodunda (MAZ) əsaslı təmirdən sonra Hərbi Hava Qüvvələrinə üç ədəd A-26 hərbi nəqliyyat təyyarəsini təhvil verdi. Onların bütün sistemləri-naviqasiya, elektron və digər avadanlıqları tam bərpa edildi, rabitə sistemi təkmilləşdirildi. Hazırda təyyarələr USQ vəzifələri ilə bərabər NATO birgə təlimlərində də iştirak edə bilər. FHN və Milli Qvadiya bu təyyarələrdən bir ədəd alıb. Toplam 11 ədəd yerli və xarici sifariş yerinə yetirilib.


Bərpa edilən An-26 Hərbi Hava Qüvvələrinə qaytarıldı
29 dekabr 2017

Dünyanın aparıcı avionika istehsalçılarından biri olan Amerikanın "Rockwell Collins" şirkəti ilə 410-cu MAZ arasında imzalanan müqavilə ilin əsas hadisələrindən biri oldu.

Konotop aviatəmir zavodu "Aviakon" 2017 -ci ilin əvvəlində Mi-24PU1 helikopterinin Ukraynada istehsalı olan 30 mm avtomatik top və TƏİRK silahları ilə modernləşdirdi və uğurlu uçuş sınaqlarını keçirdi.


Ukrayna Silahlı Qüvvələri 2017-ci ilin sonuna qədər ən azı daha iki ədəd Mi-24PU1 helikopteri almalı idi.

2017-ci ilin iyul ayında "Aviakon" şirkəti Rusiya komponentlərindən təmizlənən Ukrayna istehsalı Mi-8Mt helikopterinin sınaqlarını keçirdi.


USQ-nin HHQ-nə məxsus Mi-8MT helikopteri

2017-ci ilin sonuna qədər Konotop müəssisəsi orduya yeddi, Milli Qvardiya və FHN-nə isə hərəsinə bir ədəd Mi-8Mt təslim etdi.

"Aviakon" resurs bazasında iki ədəd unikal sualtı qayıq əleyhinə Mi-14 PL helikopterini modernləşdirildi. Onlardan biri Ukrayna Hərbi Dəniz Donanmasına təslim edildi və hazırda o, dəniz sərhədlərinin mühafizəsi ilə bağlı döyüş növbətçiliyi aparır.


Ukrayna Silahlı Qüvvələrinin Mi-14PL helikopteri

2017-ci ildə "Aviakon" şirkəti Ukrayna Silahlı Qüvvələrinin, Milli Qvardiyanın və FHN-nin aviaparkı üçün toplam 12 ədəd helikopter təmir etdi. 2017-ci ilin dekabrında isə 100 milyon qriven məbləğində Mi-8Mt helikopterlərinin əsaslı təmir və müasirləşdirilməsi tenderini qazandı.

75 milyon qriven məbləğində yeni tenderi "NARP" Nikolaev aviatəmir zavodu qazanıb. Onlar İl- 76 MD hərbi nəqliyyat təyyarələrinin nəzarət-bərpa-təmir işlərini, Su-24MR kəşfiyyat təyyarələrinin isə orta təmir işlərini həyata keçirəcəklər.


Ukrayna Hava Qüvvələrinin Su-24MR təyyarəsi

"MiQremont" Zaporojye Dövlət Aviatəmir Zavodunun qüvvəsi ilə ən azı iki Su-27 qırıcısı, bir Su-27UB təmir və bərpa edilərək Silahlı Qüvvələrə təslim edilib.


Ukrayna Hərbi Hava Qüvvələrinin Su-27UB təyyarəsi təmirdən sonra

2017-ci ilin dekabrında müəssisə USQ-nin başqa bir Su-27 qırıcısının orta təmirinə dair tenderin qalibi elan edilib.

"Novator" Xmelnitski Dövlət müəsisəsi 2017-ci ildə 8,7 milyon qriven dəyərində Su-27 və MiQ-29 təyyarələrinin əsaslı təmiri üçün iki tenderi qazandı.

Lvov Dövlət aviatəmir zavodunda MiQ-29 taktiki aviasiya təyyarələrinin təmir və modernləşdirilməsini davam etdirir.


Ukrayna Silahlı Qüvvələrnin Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29UB

Zavodun imkanları hesabına qırıcıları MiQ-29MU2 səviyyəsinə qədər modernləşdirmək üçün çalışmalar davam edir.

Helikopter, aviasiya mühərrikləri və qaz-turbin qurğularının ən böyük istehsalçısı olan Zaporojyenin "Motor-SÇ" zavodu modernləşdirilən və bərpa edilən, yeni yerli mühərriklə və 80 mm idarəolunmayan aviasiya raketləri ilə təchiz edilən Mi-2MSB helikopterini Milli Qvardiyaya təhvil verdi. Eyni tipdə ikinci helikopterdə eyni ünvana bu il çatdırılacaq.


Mi-2MSB helikopterinin Milli Qvardiyaya təhvil verilməsi

Ötən il şirkət 122 mm S-13 aviasiya raketləri ilə təchiz olunan çoxsəviyyəli modernləşdirilən Mi-2MSB və Mi-8MSB helikopterlərini sınaqdan keçirdi. Mi-2MSB, Mi-8 və Mi-24 helikopterləri üçün istehsal ediləcək vint layihəsi davam edir. Belə ortaq istehsal layihələri helikopter istehsalında qapalı dövriyyəyə gətirib çıxaracaq. 2017-ci ilin avqustunda "Motor SÇ" şirkəti "Proqress" Zaporojye maşınqayırma konstruktor burosu ilə bigə hazırladığı "Nadejda" helikopterini təqdim etdi.


Onun seriya istehsalı bu il nəzərdə tutulur. Helikopter Sərhəd Mühafizə Xidmətinin, Fövqəladə Hallar Nazirliyinin və digər təşkilatlar tərəfindən istifadə olunmaq üçün uyğunlaşdırılıb.

"Motor SÇ" şirkəti ilə yanaşı Mi-2MSB helikopterinin təmir və modernləşdirilməsini və orduya təhvil verilməsini Vinnitsa aviasiya zavodunda həyata keçirilir. Mi-2 təyyarələri Mi-2MSB səviyyəsinə çatdırılır. 2017-ci ilin son rübündə şirkət bu modifikasiyanın ən azı iki helikopterini təmir etdi.

"Odessa aviasiya zavodu" Dövlət Şirkəti öz yeni ixtirasını- Y1 "Delfin" adlanan yeni bir dörd yerli yüngül və bir mühərrikli təyyarəsini təqdim etdi


Onun əsas xüsusiyyətləri idarəetmənin rahatlığı və çox funksiyalı olmasıdır. Təyyarə müasir hava döyüş manevrlərinin əsaslarını, təyyarənin "ilgəkdən" çıxarılması qaydalarını öyrətmək üçün idealdır. Eyni zamanda sərhəd mühafizəsində əvəzsizdir. "Delfin" təyyarəsi 385 km/saat sürətə malik Fransanın "Societe de Motorisations Aeronautiques" şirkətinin mühərriki ilə birdəfəyə 1320 km məsafə qət edə bilir. "Delfin"də təyyarə və ekipajı qəza şəraitində endirə bilən xüsusi bir fövqəladə sistemdən istifadə olunur.

2017-ci ildə Ukrayna Silahlı Qüvvələri Polşanın "Air-Pol" şirkəti tərəfindən istehsal edilən "Dedal" paraşüt sistemini silahlanmaya qəbul etdi.


AD-95 "Dedal" paraşüt sistemi ilə enmə

"Dedal" paraşüt sistem təlim, döyüş, standart, tək və qrup halında, silah və ləvazimatla bütün növ hərbi nəqliyyat təyyarələrindən və helikopterlərdən enmək üçün nəzərdə tutulub. Sistemi 100 metrdən 8000 metrədək yüksəkliklərdə tətbiq etmək olar, qübbənin sahəsi 83 m2, paraşütçülərin enmə sürəti 5 m/s-dən çox deyil. Qeyd edək ki, "Dedal" Polşa ordusunun silahlanmasında və hava desant birləşmələrində istifadə olunur.

Pilotsuz aviasiya vasitələri

Ordunun Rusiya Federasiyası tərəfindən silahlı təcavüzü effektli şəkildə dəf etməsi üçün yüksək texnologiyalı hava kəşfiyyat vasitələrinə ehtiyac vardır. Pilotsüz aviasiya sistemləri real zaman rejimində düşmənə dəqiq zərbələr endirməyə imkan verir.

2017-ci ilin dekabrında USQ-nin arsenalına çoxsayda "Fly Eye" pilotsuz uçan aparatlar qəbul edildi. 50 km məsafədən, 4 km yüksəklikdə, 160 km/saat sürətlə və 2-3 saat ərzində kəşfiyyat aparan aparatın tam çəkisi 11 kq, faydalı yük çəkisi isə 4 kq-dır.


Kompleks "ÇeZaRa" Çernıqov Radio Avadanlıq zavodunda Polşanın "WB Electronics" şirkətinin lisenziyası və təchiz etdiyi komponentlər əsasında istehsal olunur. Həmçinin Polşa tərəfdaşları ilə birlikdə onun 10 km məsafədən hava kəşfiyyatı apararaq hədəfləri aşkar edən və onlara zərbə endirə bilən "Sokol" PUA-larının istehsalına hazırlıq davam edir.


"Antonov" Dövlət müəsisəsində hazırlanan "Qorlisa" taktiki pilotsuz kompleksi 2017-ci ilin noyabrında ilk sınaq uçuşunu keçirib

İlk Ukrayna zərbə kompleksi 4 ədəd PUA-dan, yerüstü idarəetmə stansiyasından, qalxma, enmə, təmir və daşınmanı təmin edən vasitələrdən ibarətdir. Kompleks günün istənilən vaxtında, istənilən iqlim şəraitində, 7 saat ərzində infraqırmızı spektrdə optik-elektron kəşfiyyat apararaq məlumatları komanda məntəqəsinə ötürə bilir. "Qorlisa"nın praktiki uçuş məsafəsi 1050 km, taktiki radiusu 120 km, sürəti 230 km/saata qədərdir.

Kompleksin mübahisəsiz üstünlükləri arasında, zərbə atəşi aça bilməsini, real zamanda kəşfiyyat məlumatları ilə təmin etmək bacarığını, hədəflərə yüksək dəqiqlikli silahları yönəltmək imkanını, artilleriya atəşini nizamlamaq xüsusiyyətini, kəşfiyyat orqanlarını əməliyyat rabitəsi ilə təmin etmək funksiyasını və taktiki dərinlikdə təcrid olunaraq döyüş tapşırıqları yerinə yetirən bölmələrin dəstəklənməsini qeyd etmək olar.


Kiyevin "Atlon Avia" elmi tədqiqat mərkəzində hazırlanan və istehsal olunan BpAK A1"Furiya" SM pilotsuz aviasiya komplekslərinin 2017-ci ildə USQ-yə təslim edilməsi üzrə dövlət sifarişini tam terinə yetirib.

Donbas hərbi əməliyyatlar zonasında istifadə edilən komplekslərdə aşkar edilən çatışmamazlıqlar ikinci variantda nəzərə alındı. Hazırda istehsal edilən BpAK "Furiya" kompleksləri ən geniş tətbiq olunan sistemlərdir. Onlar vasitəsilə artilleriya atəşinin nizamlanması ciddi nəticələr verir.

2017-ci ilin dekabr ayında USQ dörd pilotsuz aviasiya kompleksini: Müharibə zonasında artıq istifadə olunan, S.P. Korolyov adına "Meridian" ASC tərəfindən istehsal edilən BpAK-MP-1/003 "Spektator-M", "Ukrayna Aviasiya Sistemləri" MMC tərəfindən hazırlanan BpAK ASU-1 "Valkiriya"; "SA Technology" MMC istehsalı BpAK UA-BETA və "Ukrayna Aviasiya sistemləri" MMC istehsalı BpAK "HAWK" istismara qəbul edib. Komplekslər istənilən zaman elektron-optik hava kəşfiyyatı, monitorinqi, artilleriya atəşinin nizamlanması və izlənməsi üçün nəzərdə tutulub.


Spektator-M PUA-sı

"Meridian" ASC 2017-ci ilin dekabrında öz istehsalı olan beş dəst BpAK-ı Sərhəd Xidmətinə təhvil vermək üçün tenderin qalibi oldu.

Öz pilotsuz kompleksləri ilə yanaşı, Ukrayna istehsalçıları döyüş əməliyyatları zonasında düşmənin PUA-ları ilə mübarizə apara biləcək sistemlərin inkişafına da diqqət yetirirlər. Kiyevin "Ukrspestexnika" kompaniyasının əməkdaşları PUA və yüksək dəqiqlikli silahlara QLONASS/GPS naviqasiya sistemlərinin ötürcüləri tərəfindən verilən idarəetmə və telemetrik siqnallarının basdırılması üçün tezliklərə müdaxilə edəcək "Anklav-UT" kompleksinin texniki imkanlarını genişləndirməklə məşğuldur. Kompleks stasionar hərbi obyektləri dairəvi basdırma üsulu ilə PUA-lardan müdafiə etmək üçün istifadə edilə bilər. İstiqamətli antenlərin fəaliyyət radiusu 40 km-ə qədər, hərtərəfli dairəvi radiusda isə 20 km-ə qədərdir. Hava hədəflərinin aşkar edilməsini və yerinin dəqiq təyin edilməsini həyata keçirən pelenq qurğusu kompleksin imkanlarını böyük ölçüdə genişləndirir.

2017-ci ildə Ukraynanın hərbi hissələrində onlarla pilotsuz vasitələr alınıb. Bunun sayəsində, hava kəşfiyyatının aparılması, düşmən mövqelərinin aşkar edilməsi, artilleriya atəşinin tuşlanması və nizamlanması imkanları əhəmiyyətli dərəcədə artıb.

Ukrayna təyyarə inşası və təmiri müəssisələri 2017-ci ildə 40 ədəddən çox hərbi təyyarə və helikoter, o cumlədən 10 ədəd qırıcını bərpa və ya təmir edərək HHQ-yə təhvil veriblər.

Britaniyanın Strateji Araşdırmalar Beynəlxalq İnstitutunun (IISS) və "The Military Ballance" dərgisi Ukraynanın 2017-ci il üçün hərbi və müdafiə imkanlarını nəzərdən keçirərək qənaətə gəlib ki, HHQ mövcud 37 ədəd MiQ-29 və 34 ədəd Su-27, cəmi 71 təyyarə ilə böyük bir qırıcı hava qruplaşmasına sahibdir. Bu qruplaşma öz atəş gücünə görə bir çox Avropa dövlətlərinin aviasiya qırıcı potensialını üstələyir. Eyni məlumatlarda, toplam qırıcı parkının 80-dən çox təyyarədən ibarət ola biləcəyi deyilir.

2011-ci illə müqayisədə təyyarələrin döyüşə hazırlıq və istismara yararlılıq səviyyəsi bir neçə dəfə artıb. Rusiya istehsalı olan komponentlər, kifayət qədər sürətlə Ukrayna və Qərb analoqları ilə əvəz olunur.

Təyyarə sənaye sektoru müəssisələrindən başqa, döyüş və nəqliyyat vasitələri mövcud donanmanın təmiri, bərpası və modernləşdirilməsi ilə HHQ-nin mühəndis aviasiya xidmətinin bölmələri məşğul olur. Onların əsas vəzifəsi aviaparkı tam döyüş hazırlığı vəziyyətində saxlamaq üçün bütün kompleks tədbirləri həyata keçirməkdir. Bütün bu tədbirlər Ukrayna ordusunun müdafiə qabiliyyətini artırır və Ukrayna ərazisinə kütləvi hava müdaxilələrinin qarşısını almaq üçün bir qalxan kimi xidmət edir.

Yazıda informnapalm.org saytının materiallarına geniş yer verilib
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   HHM   Gəmiqayırma-sənayesi   HHQ  


Bizi "telegram"da izləyin