Ermənistanın keçmiş müdafiə naziri: “Ölkəmiz ciddi təhlükəsizlik və siyasi böhranla üzləşir”

2026/06/1782457152.jpg
Oxunub: 231     21:58     28 İyun 2026    
“Ermənistan ciddi təhlükəsizlik və siyasi böhranla üzləşir”.

Ordu.az xəbər verir ki, bunu “Ümumerməni Cəbhəsi” hərəkatının lideri, Ermənistanın keçmiş müdafiə naziri, general-mayor Arşak Karapetyan onlayn mətbuat konfransı zamanı deyib.

O, ölkənin daxili siyasi vəziyyəti və xarici təhlükəsizlik sahəsində üzləşdiyi çağırışları təhlil edərək hakimiyyətin yürütdüyü siyasəti kəskin tənqid edib.

Karapetyanın sözlərinə görə, rəsmi İrəvanın elan etdiyi “sülh gündəliyi” real təminatlardan və praktiki addımlardan məhrumdur. O bildirib ki, bunun nəticəsində Ermənistan müdafiəsiz vəziyyətə düşüb və yeni ərazi itkiləri, eləcə də dövlətçiliyin itirilməsi təhlükəsi ilə üz-üzə qalıb.

Keçmiş erməni müdafiə naziri qeyd edib ki, hakimiyyətin beynəlxalq arenada apardığı diplomatik siyasət uğursuzluqla nəticələnib. Onun fikrincə, bu, Ermənistanın regiondakı ənənəvi tərəfdaşları ilə münasibətlərinin böhran yaşamasına və ölkənin tam şəkildə təcrid olunmasına gətirib çıxarıb.

“Regionda geosiyasi dəyişikliklər fonunda Ermənistanın maraqları artıq nəzərə alınmır. Birtərəfli güzəştlər və zəiflik nümayiş etdirmək yeni müharibənin qarşısını almır”, - deyə o qeyd edib.

Daxili vəziyyətə və ictimai səfərbərlik məsələsinə toxunan Karapetyan bildirib ki, “Ümumerməni Cəbhəsi” hərəkatının Azadlıq meydanında başladığı imzatoplama kampaniyası davam edir və yaxın vaxtlarda Ermənistanın bölgələrini də əhatə edəcək.

Onun sözlərinə görə, vətəndaşlardan toplanacaq imzalar gələcək siyasi addımlar üçün əsas rolunu oynayacaq.

Karapetyan hesab edir ki, mövcud böhrandan çıxış yolu yalnız milli dövlət maraqlarının üstün tutulması, sistemli korrupsiyanın həqiqətən aradan qaldırılması və ölkənin resurslarının düzgün bölüşdürülməsindən keçir.

Ermənistanın keçmiş müdafiə naziri qarşıdakı aylarda ölkədə yeni seçki proseslərinin keçiriləcəyini proqnozlaşdırıb. O bildirib ki, həmin seçkilər milli hakimiyyətin formalaşdırılması və Ermənistan dövlətçiliyinin dağılmasının qarşısının alınması üçün son imkan olacaq.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Karapetyan  


Bizi "telegram"da izləyin