Ordu.az xəbər verir ki, bu barədə “Intelligence Online” nəşri məlumat yayıb.
Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron Türkiyənin SAMP/T Mamba sistemini tədarük etməsi və birgə istehsalını nəzərdə tutan genişmiqyaslı müdafiə sazişini müzakirə edirlər.
Nəşr bildirir ki, sözügedən razılaşma iyul ayında Ankarada keçiriləcək NATO Zirvəsi öncəsi gündəmin ən mühüm məsələlərindən biri ola bilər.
Parisdə fəaliyyət göstərən Intelligence Online qeyd edir ki, Türkiyənin uzun illər davam etdirdiyi Avropa mənşəli hava hücumundan müdafiə sistemi axtarışında SAMP/T sisteminin birgə istehsalı ilə bağlı planlar artıq konkret mərhələyə keçməyə başlayıb.
SAMP/T sistemi “MBDA France”, “MBDA Italy” və “Thales” şirkətlərinin birgə yaratdığı “Eurosam” konsorsiumu tərəfindən hazırlanıb. Sistem döyüş təyyarələrinə, qanadlı raketlərə və ballistik raketlərə qarşı hərbi hissələrin və strateji obyektlərin müdafiəsi üçün nəzərdə tutulub.
SAMP/T uzun illərdir Türkiyənin qiymətləndirdiyi Avropa mənşəli hava hücumundan müdafiə sistemləri sırasında yer alır.
Ankara 2017-ci ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemini aldıqdan sonra ABŞ tərəfindən F-35 proqramından çıxarılıb. Bu müddətdə Türkiyə Avropa istehsalı olan alternativ hava hücumundan müdafiə sistemləri ilə bağlı danışıqları da davam etdirib.
Türkiyə, Fransa və İtaliya 2017-ci ildə hava hücumundan müdafiə və raket əleyhinə müdafiə sahəsində əməkdaşlığın inkişafı məqsədilə SAMP/T layihəsini də əhatə edən anlaşma memorandumu imzalamışdı. Lakin Suriya, Liviya, Şərqi Aralıq dənizi və Türkiyə-Rusiya münasibətləri ilə bağlı Ankara ilə Paris arasında yaranan siyasi gərginlik layihənin uzun müddət dayandırılmasına səbəb olmuşdu.
Məlumata görə, tərəflər indi bu prosesi yenidən canlandırmağa çalışırlar. Nəşrdə həmçinin qeyd olunur ki, Türkiyə yerli və xarici hava hücumundan müdafiə sistemlərini vahid şəbəkədə birləşdirməyi nəzərdə tutan çoxqatlı “Polad Günbəz” hava hücumundan müdafiə sistemi üzərində işlərini davam etdirir.
“Bloomberg” agentliyi də bu ilin aprel ayında Türkiyənin İtaliya ilə SAMP/T sisteminin tədarükü və birgə istehsalı barədə danışıqlar apardığını yazmışdı. “Intelligence Online”ın son məlumatına görə isə Fransa yenidən danışıqların əsas iştirakçılarından birinə çevrilib.
Sevinc Əliyeva
Ordu.az