ABŞ Senatında İran əleyhinə hərbi əməliyyatların dayandırılması barədə qətnamə qəbul olunmayıb

2024/11/1730873844.jpg
Oxunub: 359     09:23     01 May 2026    
ABŞ Senatı artıq altıncı dəfədir ki, İran əleyhinə ABŞ hərbi əməliyyatlarının Konqres tərəfindən rəsmi təsdiq olunana qədər dayandırılmasını tələb edən hərbi səlahiyyətlər haqqında qətnaməyə qarşı səs verib.

Ordu.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.

Kaliforniyadan demokrat senator Adam Şiff tərəfindən təqdim olunan qətnamə qəbul edilməyib: 50 senator əleyhinə, 47 senator isə lehinə səs verib.

Qətnaməyə qarşı səs verən yeganə demokrat Pensilvaniyadan senator Con Fetterman olub. Sənədi isə iki respublikaçı, Meyn ştatından Syuzan Kollinz və Kentukkidən Rend Pol dəstəkləyib.

Kollinzin səsverməsi xüsusi diqqət çəkib, çünki bu, onun belə bir qətnaməni ilk dəfə dəstəkləməsidir.

“İranla bu hərbi əməliyyatların başlanğıcından etibarən dediyim kimi, prezidentin ali baş komandan kimi səlahiyyətləri məhdudiyyətsiz deyil”, - deyə Kollinz “X” sosial şəbəkəsində yazıb.

“Konstitusiya müharibə və sülh məsələlərində Konqresə əsas rol verir, Hərbi səlahiyyətlər haqqında qanun isə 60 günlük dəqiq müddət müəyyən edir ki, bu müddətdə Konqres ya ABŞ-nin xaricdə aparılan döyüş əməliyyatlarında iştirakını təsdiqləməli, ya da onu dayandırmalıdır. Bu müddət tövsiyə deyil, məcburi tələbdir”, - deyə senator vurğulayıb.

O əlavə edib ki, “İran əleyhinə gələcək hərbi əməliyyatlar aydın missiyaya, çatmaq mümkün olan məqsədlərə və münaqişənin başa çatdırılması üçün konkret strategiyaya malik olmalıdır”.

“Mən bu mərhələdə hərbi əməliyyatların davam etdirilməsinin dayandırılmasının lehinə səs vermişəm, çünki belə əsaslandırmalar təqdim olunmayıb”, - deyə Kollinz bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Senat   İran  


Bizi "telegram"da izləyin