Ordu.az xəbər verir ki, bu barədə Yunanıstanın “Parapolitika” agentliyi məlumat yayıb.
Konfrans zamanı Dendias bildirib ki, Yunanıstan çəkindirmə imkanlarını əhəmiyyətli dərəcədə gücləndirməyi və raket sistemləri, pilotsuz uçuş aparatları və müasir texnologiyalar əsasında qurulan yeni müdafiə modelinə keçməyi planlaşdırır.
“Biz Egey dənizini indiyə qədər olduğundan daha yaxşı, lakin daha mürəkkəb üsulla qoruyacağıq”, - deyə nazir vurğulayıb. Onun sözlərinə görə, söhbət raketlərdən, pilotsuz suüstü vasitələrdən, sualtı pilotsuz aparatlardan və daha yığcam dəniz platformalarından gedir.
Dendias həmçinin Afinanın regionda Türkiyənin istənilən hərəkətinə sərt cavab verməyə hazır olduğunu bildirib. Yunan və türk KİV-lərinin məlumatına görə, nazir xəbərdarlıq edib ki, Türkiyənin istənilən “müdaxilə”si və ya Yunanıstanın sərhədlərini pozmaq cəhdi ölkənin genişlənən raket imkanları sayəsində son dərəcə ağrılı cavabla qarşılanacaq.
Eyni zamanda, Yunanıstanın müdafiə qurumunun rəhbəri qeyd edib ki, Afina bütün xarici və müdafiə siyasətini yalnız Türkiyə üzərində qurmamalıdır.
“Türkiyə bizim əsas problemimiz deyil və belə olmamalıdır. Biz sadəcə qonşudan gələn istənilən təhlükəni çəkindirmək üçün kifayət qədər güclü olmalıyıq”, - deyə Dendias bildirib.
Yeni müdafiə konsepsiyasının əsas elementi “Axillesin qalxanı” sistemi, yəni dənizi, qurunu, havanı, kiberməkânı və kosmosu əhatə edən çoxsəviyyəli müdafiə arxitekturası olacaq. Dendias bildirib ki, Yunanıstan artıq orbitə iki mikropeyk çıxarıb və hərbi kəşfiyyat və məlumatların operativ təhlili üçün 13-14 aparatdan ibarət peyk qruplaşması yaratmağı planlaşdırır.
Nazirin sözlərinə görə, Yunanıstanın silahlı qüvvələri tədricən iri gəmilərə əsaslanan ənənəvi modeldən pilotsuz texnologiyalar, peyk müşahidəsi və yüksək dəqiqlikli silahlar üzərində qurulan “ağıllı çəkindirmə sistemi”nə keçir. O vurğulayıb ki, yeni strategiya Egey dənizinin təhlükəsizliyini “keçmişlə müqayisədə daha qənaətli və effektiv şəkildə” təmin etməyə imkan verəcək.
Sevinc Əliyeva
Ordu.az