Ordu.az xəbər verir ki, bu barədə “NBC News” məlumat yayıb.
“Düşünmürəm ki, hazırda bizdə aktiv, kinetik hərbi bombardmanlar, artilleriya atəşləri və ya buna bənzər hər hansı bir şey var. Hal-hazırda biz sülhə nail olmağa çalışırıq. Bu qədər həssas danışıqların qızğın mərhələsində administrasiyaya qarşı çıxmaq istəməzdim, buna görə də bunun necə başa çatacağını görməliyik”, - deyə Conson Kapitolidə “NBC News”a verdiyi müsahibədə bildirib.
İranla davam edən hərbi qarşıdurma 1973-cü il tarixli “Hərbi səlahiyyətlər haqqında” qətnamə ilə müəyyən edilmiş 60 günlük müddətə yaxınlaşır. Həmin qanuna əsasən, əgər Konqres bu müddət bitənədək müharibəyə icazə verməzsə, prezident 60 gün ərzində silahlı qüvvələri münaqişədən çıxarmalıdır.
Bu cümə başa çatan 60 günlük müddətlə bağlı suala cavab verən Conson xüsusilə qeyd edib:
“Biz müharibə vəziyyətində deyilik. Biz Hörmüz boğazına nəzarət edirik və sülhə nail olmağa çalışırıq. Prezident və administrasiya mümkün qədər aqressiv fəaliyyət göstərir. Konqres bu işi irəli aparmaq üçün heç nə edə bilməz, buna görə də bunun necə nəticələnəcəyini görəcəyik. Mənim mövqeyim budur”.
1973-cü il qanunu prezidentlərə eyni zamanda müddətin 30 gün uzadılması üçün müraciət etmək imkanı verir, lakin Donald Trampın bu həftə bunu edib-etməyəcəyi aydın deyil.
Ağ Evin yüksək vəzifəli rəsmisi “NBC News”a bildirib ki, administrasiya nümayəndələri və Kapitoli rəhbərliyi 1973-cü il qanununun tələblərinin necə yerinə yetiriləcəyi ilə bağlı “aktiv danışıqlar” aparırlar.
Rəsmi əlavə edib ki, prezidentin İranla müharibə aparmasına icazə verilməsinə qarşı səs verəcək hər hansı Nümayəndələr Palatası üzvü “ABŞ-nin xaricdəki hərbi gücünü yalnız zəiflədəcək”.
Sevinc Əliyeva
Ordu.az