Ordu.az xəbər verir ki, bu qənaətə FARAS müstəqil analitik mərkəzi regiona münaqişənin təsiri ilə bağlı dərc etdiyi hesabatda gəlib.
Mərkəzin qiymətləndirmələrinə görə, Ermənistan ticarətinin təxminən 25 faizi İran üzərindən, əsasən Bəndər-Abbas limanı vasitəsilə həyata keçirilir. Eyni zamanda, praktiki olaraq alternativ marşrutlar mövcud deyil: şərqdə Azərbaycanla, qərbdə isə Türkiyə ilə sərhədlər bağlı qalır. Ticarətlə yanaşı, münaqişə enerji dəhlizləri, sərhəd təhlükəsizliyi və mümkün miqrasiya axınları baxımından da risklər yaradır.
Bununla yanaşı, FARAS qeyd edib ki, müharibə Ermənistan üçün müsbət prosesləri də sürətləndirə bilər. Analitiklərin fikrincə, regional qeyri-sabitlik təhlükəsi İrəvan və Bakı arasında yekun razılaşmanın əldə olunmasına və sərhədlərin açılmasına gətirib çıxaracaq, Ankara isə Ermənistanla münasibətləri tam normallaşdıracaq. Türkiyə üçün əsas stimullardan biri Ermənistan ərazisindən keçən “Tramp marşrutu”dur (TRIPP) (Zəngəzur dəhlizi-red.). Bu marşrut enerji, nəqliyyat və rəqəmsal şəbəkələrə inteqrasiyanı vəd edir və Ankaranı regional mərkəzə çevirə bilər.
FARAS-ın məlumatına görə, bu dəhliz Ermənistan üçün Türkiyə və Azərbaycan vasitəsilə beynəlxalq iqtisadi şəbəkələrə çıxış imkanı yaradır və bağlı sərhədlər səbəbindən illərlə davam edən təcridə son qoya bilər.
Alpər Mövludoğlu
Ordu.az