“TRIPP-in inşası mərhələsində Ermənistana üçüncü ölkənin köməyi lazım olacaq” - Mirzoyan

2026/03/1774254444.jpg
Oxunub: 400     14:56     10 Aprel 2026    
Ermənistanın xarici İşlər naziri Ararat Mirzoyan bəyan edib ki, “Beynəlxalq sülh və rifah naminə Tramp yolu” (TRIPP) (Zəngəzur dəhlizi-red.) layihəsinin inşası mərhələsində İrəvana tərəfdaş qismində üçüncü ölkənin köməyi lazım olacaq.

Ordu.az xəbər verir ki, Mirzoyan bu barədə Estoniyanın XİN rəhbəri Marqus Tsahkna ilə keçirdiyi birgə mətbuat konfransında bildirib.

“Biz ümid edirik ki, ən qısa zamanda növbəti mərhələyə, tikintiyə keçəcəyik. Məhz burada bizə üçüncü tərəfdaşlar lazım olacaq. Əlbəttə ki, müqavilə ikitərəfli, Ermənistan və ABŞ arasında olacaq, lakin həm tikinti mərhələsində, həm də çox güman ki, sistemlərin idarə olunması mərhələsində tərəfdaşlara ehtiyac duyacağıq”, - deyə Mirzoyan vurğulayıb.

Erməni nazir qeyd edib ki, layihə üzərində işlər intensiv rejimdə davam edir və hazırda işçi sənədlərin, eləcə də hökumətlərarası sazişin razılaşdırılması mərhələsindədir.

Onun sözlərinə görə, TRIPP-in ikitərəfli layihə olmasına baxmayaraq, onun Çindən Portuqaliyaya qədər bir çox ölkənin maraqları ilə diktə edilməsi heç kimə sirr deyil.

“Onun bir ucu Azərbaycanla, digər ucu isə Naxçıvanla həmsərhəd olmalıdır, lakin məntiqi davamı Ermənistanın Türkiyəyə və Mərkəzi Asiya ölkələrinə uzanan dəmir yolu şəbəkəsidir”, - deyə o bəyan edib.

Ermənistan XİN başçısının sözlərinə görə, Yaxın Şərq dövlətləri də layihəyə maraq göstərirlər.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mirzoyan   Ermənistan  


Bizi "telegram"da izləyin