Ordu.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Estoniyanın xarici işlər naziri Marqus Tsaxkna İrəvanda Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birgə mətbuat konfransında bildirib.
"Ermənistan və Azərbaycan arasında sülh son dərəcə vacibdir, çünki bu, xalqların rifahı və işgüzar sahənin inkişafı üçün imkanlar yaradır. Regionda nəqliyyat dəhlizlərinin açılması həm də sülh üçün ilk şərtdir", - o deyib.
Estoniya xarici işlər nazirinin sözlərinə görə, Tallin nizamlanma istiqamətindəki praktiki addımları məmnuniyyətlə qeyd edir. "Bu, təkcə erməni xalqına deyil, həm də bütün regiona aid olan nəhəng geosiyasi dəyişikliklərdir. Biz öz təcrübəmiz və biliklərimizlə dəstək verərək bu prosesin bir hissəsi olmaq istəyirik", - Tsaxkna bildirib.
Estoniya xarici işlər naziri həmçinin bildirib ki, səfəri çərçivəsində Ermənistanla imzalanmış qarşılıqlı anlaşma memorandumu ölkələr arasında praktiki əməkdaşlığı genişləndirəcək.
Onun sözlərinə görə, Estoniya və Ermənistan arasında informasiya texnologiyaları, rəqəmsallaşdırma və kibertəhlükəsizlik sahələrində artıq səmərəli qarşılıqlı fəaliyyət qurulub. Eyni zamanda, Estoniya atom enerjisi sahəsində Ermənistan tərəfindən məsləhətləşmələr almaqa maraq göstərir.
Tsaxkna qeyd edib ki, Estoniya Avropa İttifaqı (Aİ) ilə əməkdaşlıq məsələsində Ermənistanı fəal şəkildə dəstəkləyir. "Biz sizin gözünüz və qulağınızıq, sizin Aİ-dəki ən yaxşı dostlarınızıq. Biz sizinləyik və hərtərəfli dəstək göstərməyə hazırıq", - o vurğulayıb.
Öz növbəsində Ermənistanın xarici işlər naziri Mirzoyan Cənubi Qafqazdakı sülh prosesi çərçivəsində Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşdırılması yolundakı irəliləyiş barədə estoniyalı həmkarını məlumatlandırdığını bildirib. Nazirlər həmçinin TRIPP (Tramp marşrutu) layihəsinin həyata keçirilməsini müzakirə ediblər.
Ordu.az