İranın ABŞ və İsrailə qarşı sərtləşən mövqeyi - Yaxın Şərq böhranı Cənubi Qafqaza sirayət edir

2026/03/1774451433.jpg
Oxunub: 797     13:22     10 Aprel 2026    
Son günlər elan edilmiş ABŞ ilə İran arasında iki həftəlik atəşkəs, ABŞ ilə İran arasında İslamabadda gözlənilən danışıqlar hələ başlamamış tərəflər arasında ciddi fikir ayrılıqlarına səbəb olub və bu, atəşkəsi, eləcə də gələcək mümkün razılaşmaları sual altına qoyub. Bütün bunlar ona görə baş verir ki, İran-ABŞ atəşkəsi ilə bağlı razılaşma əldə edildikdən dərhal sonra İsrail Livana güclü zərbələr endirməyə başladı və bəyan etdi ki, Livan ABŞ-İran razılaşmaları çərçivəsinə daxil deyil. İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bəyan edib ki, ABŞ danışıqlar başlamamışdan əvvəl artıq İranın 10 maddəlik təklifinin üç əsas bəndini, o cümlədən Livanda atəşkəsin pozulmasını, pilotsuz uçuş aparatı ilə İranın hava məkanına daxil olmanı və İranın uranı zənginləşdirmək hüququndan məhrum edilməsini pozub.

“ABŞ prezidenti açıq şəkildə qeyd etdiyi kimi, İranın 10 maddəlik təklifi danışıqlar üçün işlək əsas və həmin danışıqların fundamental çərçivəsidir. Lakin bu günə qədər həmin təklifin üç bəndi pozulub”, - deyə Qalibaf “X” sosial şəbəkəsində yazıb.

Onun sözlərinə görə, pozuntular sırasında təklifin birinci bəndinin yerinə yetirilməməsi, yəni Livanda atəşkəsin təmin olunmaması, Lar şəhərində pilotsuz uçuş aparatı ilə İranın hava məkanına daxil olunması və İranın uranı zənginləşdirmək hüququndan məhrum edilməsi var. Qalibaf əlavə edib ki, belə şəraitdə ikitərəfli atəşkəs və ya danışıqlar məqsədəuyğun deyil. Aydındır ki, İranın təklifləri ətrafında müəyyən qarışıqlıq var, onların bir neçə variantı dövriyyədədir və tərəflər də bunları uyğun olaraq müxtəlif cür şərh edirlər. İran israr edir ki, atəşkəs Livana, yəni İranın müttəfiqlərinə də şamil olunur, İrana qarşı sanksiyalar ləğv edilməlidir, Tehran Hörmüz boğazına nəzarəti saxlamalı, uranı zənginləşdirməyə davam etməlidir. Lakin ABŞ bildirir ki, atəşkəs Livana aid deyil.

ABŞ prezidenti Donald Tramp bəyan edib ki, İrana uranı zənginləşdirməyə icazə veriləcəyi barədə heç bir razılaşma yoxdur. Hörmüz boğazı da açıq və hərəkət üçün təhlükəsiz olmalıdır. ABŞ-nin vitse-prezidenti də təsdiqləyib ki, ABŞ Livanda atəşkəsə razı olmayıb. “Biz heç vaxt belə vəd verməmişik... biz demişik ki, atəşkəs İran və Amerikanın müttəfiqlərinə, həm İsrailə, həm də Fars körfəzinin ərəb dövlətlərinə yönələcək”, - deyə ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib.

İranın xarici işlər naziri Seyid Abbas Əraqçi özünün rəsmi “X” sosial şəbəkə səhifəsində Pakistan bəyanatını paylaşıb. Həmin bəyanatda Livanın rəsmi şəkildə atəşkəsin dərhal tətbiq olunmalı olduğu ölkələr siyahısına daxil edildiyi qeyd olunur. O vurğulayıb: “İran və ABŞ arasında atəşkəsin şərtləri aydın və sadədir. Amerika atəşkəs və ya İsrail vasitəsilə müharibəni davam etdirmək arasında seçim etməlidir. Bu iki amilin birləşməsi mümkün deyil. Dünya Livanda qırğınların şahidi olur. Top indi ABŞ-nin meydanındadır və qlobal ictimai rəy ölkənin öhdəliklərinə əməl edib-etməyəcəyini izləyir”.

Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas bəyan edib ki, ABŞ və İran arasında əldə edilmiş atəşkəs Livana da şamil olunmalıdır. O əlavə edib ki, İranın dəstəklədiyi Livanın “Hizbullah” qruplaşması tərksilah edilməlidir. “İsrailin hərəkətləri ABŞ-İran atəşkəsini ciddi təzyiq altında saxlayır. İranla əldə edilmiş razılaşma Livana da şamil olunmalıdır. İsrail zərbələri nəticəsində ötən gecə yüzlərlə insan həlak olub ki, bu da belə sərt addımların özünümüdafiə kimi qiymətləndirilməsini çətinləşdirir”, - deyə Kallas “X” sosial şəbəkəsində yazıb.

Bu gün Pakistanın paytaxtı İslamabada İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və ABŞ-nin vitse-prezidenti Cey Di Vens danışıqlar məqsədilə getməli idilər, lakin İran-ABŞ danışıqlarının Pakistanda baş tutub-tutmayacağı barədə hələ dəqiq məlumat yoxdur. Yaxın Şərqin bir sıra KİV-lərinin məlumatına görə, Pakistan vasitəçilik səylərinə böyük fəallıqla hazırlaşır və Pakistan platformasında qlobal danışıqlar üçün ABŞ və İran nümayəndə heyətlərini qəbul etməyə hazırlaşır.

Diqqətçəkən odur ki, bütün bunlar “Financial Times” nəşrinin yazdığına görə, Tramp administrasiyasının həftələr boyu gizli şəkildə atəşkəsin əldə olunmasında israr etdiyi bir vaxtda baş verir. Məqsəd İranın Hörmüz boğazına nəzarəti nəticəsində yaranan iqtisadi yükü yüngülləşdirmək idi və Vaşinqton Pakistanı vasitəçi kimi istifadə etməyə ümid edirdi. Üstəlik, nəşrin yazdığına görə, Pakistan ordusunun baş qərargah rəisi Asim Munir İran rəsmiləri, xüsusi nümayəndə Stiv Uitkof, vitse-prezident Cey Di Vens və hətta prezident çərşənbə axşamı İran sivilizasiyasını məhv edəcəyi ilə hədələdikdən sonra da şəxsən Donald Tramp ilə əlaqə saxlayırdı.

Diplomatik yazışmalarla tanış olan beş mənbəyə görə, Tramp martın 21-dən etibarən atəşkəs istəyib, məhz həmin gün o, ilk dəfə İranın elektrik stansiyalarına zərbə endirməklə hədələmişdi. Eyni zamanda, açıq müstəvidə ABŞ prezidenti tamamilə başqa ritorika ilə çıxış edir, fasiləsiz bombardmanlar və məhv perspektivi ilə hədələyirdi.

“Razılaşma üçün yalvaran onlardır, mən yox. Razılaşma üçün yalvaran onlardır”, - deyə Tramp bildirirdi və əlavə edirdi ki, iranlılar razılaşma əldə etmək üçün yalvarırlar.

Buna baxmayaraq, Pakistanda gözlənilən ABŞ-İran danışıqları böyük nəticələr vəd etmir. Onlar mürəkkəb və çoxqatlı təhlükəsizlik mühitində baş tutacaq, burada çoxsəviyyəli fikir ayrılıqları diplomatik uğur imkanlarını məhdudlaşdırır. İsrailin Livanda əməliyyatları atəşkəsin formal şərtləri fonunda davam etdirməsi elə bir vəziyyət yaradır ki, İran danışıqlar masasına güzəşt yox, müqavimət və çəkindirmə məntiqi ilə gəlir, artıq Tehrandan səslənən bəyanatlarda da gördüyümüz kimi, mövqeyini daha da sərtləşdirir. Klassik “idarə olunan gərginlik” vəziyyəti formalaşıb, burada tərəflər danışıqlarda maraqlıdırlar, lakin real kompromisə nail olmaq üçün yetərli dərəcədə maraqlı deyillər.

Bu fonda Pakistanın vasitəçi rolu mühüm olsa da, strateji yox, daha çox texniki əhəmiyyət daşıyır. İslamabad kommunikasiya platforması təmin edə bilər, lakin əsas ziddiyyətlərə təsir göstərə bilməz. Çünki bu ziddiyyətlər ikitərəfli deyil, regional və hətta qlobal rəqabətlə şərtlənir.

Analitiklər maksimum qismən nəticələr səviyyəsində uğur ehtimalını məhdud qiymətləndirirlər. Söhbət gərginliyin müvəqqəti azalmasından, kommunikasiya kanallarının qorunmasından və ya humanitar xarakterli razılaşmalardan gedə bilər, lakin strateji dönüşü çox az adam proqnozlaşdırır.

İranlı analitiklərin və diplomatların ritorikası göstərir ki, İranın sərtləşən mövqeyi qaçılmaz olaraq Cənubi Qafqaza da təsir edəcək. Son illərdə Tehran artıq aydın siqnallar verib ki, regionda onun Ermənistanla əlaqəsini məhdudlaşdıracaq hər hansı geosiyasi yenidən bölgü “qırmızı xətt” kimi qiymətləndiriləcək.

Mövcud gərginliyin dərinləşməsi şəraitində bu mövqe daha da qabarıq görünür. Lakin bunun Cənubi Qafqazda real İran siyasətinə necə təsir göstərəcəyi hələ aydın deyil. Bir neçə meylin kəskinləşməsini gözləmək olar. İstisna edilmir ki, İran regional digər layihələrə qarşı balans yaratmaq üçün Ermənistanda iqtisadi və infrastruktur mövcudluğunu daha fəal şəkildə gücləndirməyə çalışacaq. Təhlükəsizlik əməkdaşlığının dərinləşməsi də istisna edilmir. Üçüncüsü, Tehran Ermənistanda ABŞ varlığına və TRIPP-ə (Zəngəzur dəhlizi-red.) aid hər hansı təşəbbüsə daha sərt reaksiya verə bilər, bunu öz strateji maraqlarının pozulması kimi qiymətləndirə bilər.

Bu proseslər Cənubi Qafqazı daha böyük geosiyasi rəqabət zonasına çevirir, burada İran qlobal təzyiqlər fonunda daha qətiyyətli və bəzən daha riskli davrana bilər. Bu isə öz növbəsində Ermənistanın xarici siyasət vəzifələrini daha da çətinləşdirir.

Yekun olaraq qeyd etmək lazımdır ki, Pakistanda mümkün ABŞ-İran danışıqları əlverişsiz hərbi-siyasi şəraitdə baş tutacaq və onların uğuru regional eskalasiyaların dinamikasından asılı olacaq. İranın sərtləşən mövqeyi isə Cənubi Qafqazda da öz əksini tapacaq, regionda gərginlik və rəqabət səviyyəsini artıracaq.

Asif Cəfərov
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin