Erməni siyasi xadim: “Bu baxımdan çox ciddi proseslər gedir və Ermənistanda bu, ümumiyyətlə işıqlandırılmır”

2026/04/1775201096.jpg
Oxunub: 416     09:10     10 Aprel 2026    
“ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, İranın 10 tələbi onların təəssüratına görə süni zəka ilə hazırlanıb”.

Ordu.az xəbər verir ki, bunu “İşıqlı Ermənistan” partiyasının lideri Edmond Marukyan deyib.

“İran İslam Respublikası iddia edir ki, bu prosesdə qalib gəlib, çünki 10 şərt irəli sürüb və ABŞ bu 10 şərti müzakirə etməyə, danışıqların əsasına çevirməyə razılaşıb. Danışıqlar sabah başlamalıdır və fiziki görüş baş tutmalıdır, bundan əvvəl müharibə başlayandan bəri heç bir fiziki əlaqə olmayıb”, - deyə o qeyd edib.

Marukyan bildirib ki, atəşkəs elan edildikdən dərhal sonra İsrail Livanın bir bölgəsini kütləvi bombardmana məruz qoyub.

“İsrail Livanın bir bölgəsini tamamilə dağıdır və bunun hesabına öz ərazisini genişləndirir, deyir ki, bufer zona yaradacaq. İran müxtəlif kanallarla ABŞ-yə bildirir ki, atəşkəsin şərtləri pozulub, çünki atəşkəs Livanı da əhatə etməli idi, yəni Livanda da bombardman olmamalıdır.

Təbii ki, sabahkı görüşü gözləmək lazımdır ki, görək baş tutur, ya yox. İndi əsas məsələ budur ki, nə baş verəcək. Qayıdaq Ermənistana. Ermənistan bu prosesdən nəticə çıxarmalıdır, çünki müharibənin nəticəsindən asılıdır ki, məsələn, Ermənistanın cənub qapısı sayılan Zəngəzur vilayətində artıq “Tramp yolu” (Zəngəzur dəhlizi-red.) layihəsi ilə bağlı məsələlər fonunda nə baş verəcək. Bu çox mühüm məqamdır, müharibənin necə başa çatacağı həlledicidir.

Daha da irəli gedim, əgər bu müharibə elə başa çatsa ki, İran bəlkə də ABŞ-yə yox, amma regionda şərtləri diktə edən tərəfə çevrilsin, o zaman bütün regionun siyasi xəritəsi yanaşmalar baxımından dəyişə bilər. Fars körfəzi ölkələri artıq nəticə çıxarıb Qərbin, xüsusilə ABŞ-nin potensialına arxalanmamağa və ABŞ ilə münasibətlərdə daha ehtiyatlı davranmağa başlaya bilərlər”, - deyə erməni siyasi xadim bildirib.

O qeyd edib ki, yəni bu baxımdan çox ciddi proseslər gedir və Ermənistanda bu, ümumiyyətlə işıqlandırılmır.

“Mən çalışacağam bu sürətlə dəyişən regional prosesləri izləyim və sizi məlumatlandırım ki, nə baş verir. Mən sizə deyirəm ki, bu proseslər bütün regionun siyasi yanaşmalarının yenidən nəzərdən keçirilməsinə gətirib çıxaracaq, əvvəlki təsəvvürlər dəyişəcək.

Çox maraqlı proseslər baş verir. Ona görə də başı quma soxub dəvəquşu kimi davranmaq olmaz və düşünmək olmaz ki, bu bizə aid deyil, bizə təsir etməyəcək. Əvvəlki çıxışlarımda demişəm ki, Ermənistan üçün ciddi imkanlar yaranacaq və bizə beynəlxalq vəziyyəti qabaqcadan görə bilən, savadlı və bacarıqlı insanlar lazımdır ki, düzgün nəticələr çıxarsınlar, qərarlar qəbul etsinlər və bu qərarlardan Ermənistan faydalansın”, - deyə Marukyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Marukyan   Ermənistan  


Bizi "telegram"da izləyin