Ordu.az xəbər verir ki, bu barədə erməni KİV-i “Zham.am” Türkiyənin “Cumhuriyet” nəşrində dərc olunan təhlilə istinadən yazıb.
Məlumata görə, Ermənistanda keçiriləcək seçkilər Qərblə Rusiya arasında toqquşma meydanına çevriləcək.
Nəşrin analitiki Berktay Deniz qeyd edib ki, ABŞ Azərbaycanı Mərkəzi Asiya ilə birləşdirmək layihəsini həyata keçirməyə çalışır və bundan Türkiyə də faydalanacaq.
Onun sözlərinə görə, Moskvanın regiondakı təsiri yay seçkilərindən sonra asanlıqla güclənə bilər.
Türkiyəli analitik İran ətrafında müharibənin ilk günlərində yazıb ki, bu müharibə Rusiyanı dilemma qarşısında qoyur.
“Bunlardan ən vacibi budur: Rusiya Trampın müharibədə qalib gəlməsini istəmir, amma eyni zamanda Amerika liderinin uğursuzluğa düçar olub bütün siyasi hakimiyyətini itirməsini də istəmir. Çünki Trampın uğursuzluğu onun hakimiyyətə gəlişindən etibarən Ukrayna ətrafında Qərb dünyasında yaranmış parçalanmanın aradan qalxmasına və Rusiyaya qarşı vahid Qərb ittifaqının formalaşmasına gətirib çıxaracaq”, - deyə Berktay Deniz bildirib.
Məqalədə vurğulanır ki, amerikalı liderin Ukrayna məsələsindəki mövqeyi Rusiya üçün daha əlverişli görünsə və Vladimir Putin onu Alyaskada qırmızı xalça ilə qarşılasa da, Trampın Amerikası ilə Rusiyanın maraqları, xüsusilə Qafqazda və Mərkəzi Asiyada toqquşur.
Analitik xatırladıb ki, daha əvvəl həm Rusiyada, həm də İranda “Tramp dəhlizi” (Zəngəzur dəhlizi-red.) layihəsi ilə bağlı narahatlıqlar ifadə olunmuşdu.
“Bu layihə Qafqazda Azərbaycanla Ermənistanı birləşdirməyi hədəfləyir. Ötən həftə Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Baş nazirlər zirvəsində Azərbaycanın Baş naziri Əli Əsədov bildirdi ki, bu dəhliz Bakı üçün prioritetdir və layihə təkcə Azərbaycanın materik hissəsini Naxçıvanla deyil, bütövlükdə türk dünyasını birləşdirəcək. Qazaxıstan və Mərkəzi Asiyanın digər ölkələri də bu marşruta maraq göstəriblər. Nəzərə alsaq ki, Qafqazın Qərb üçün əsas əhəmiyyəti onun Mərkəzi Asiyaya gedən yol üzərində yerləşməsidir, biz “Tramp dəhlizi”ni Rusiyanın təsirinə təkcə Qafqazda deyil, Mərkəzi Asiyada da çağırış kimi qiymətləndiririk”, - deyə müəllif qeyd edib.
Berktay Denizin fikrincə, ABŞ prezidentinin Qafqaz və Mərkəzi Asiyada qurduğu zəncirin ən zəif halqası Ermənistandır.
“Azərbaycandan fərqli olaraq, Ermənistan hakimiyyəti tədricən xalqın dəstəyini itirir, Rusiyanın cəmiyyətə təsiri isə hər şeyə baxmayaraq güclü olaraq qalır. İyunun 7-də Ermənistanda keçiriləcək seçkilərdə rusiyapərəst müxalifətin qalib gəlməsi ehtimalı çox yüksəkdir”, - deyə türkiyəli analitik vurğulayıb.
Məqalədə qeyd olunur ki, məhz buna görə Ermənistanın baş naziri Nikol Paşinyan seçkilər ərəfəsində Rusiyaya açıq qarşı çıxa bilməyəcəyini anlayaraq aprelin 1-də Moskvaya səfər edib.
“Orada o, Vladimir Putinlə isti görüş keçirdi. Bununla belə, Rusiya lideri aydın şəkildə bildirdi ki, Ermənistan Aİ üzvlüyünü seçərsə, ağır bədəl ödəyəcək. Səfərdən dərhal sonra baş nazirin müavini Aleksey Overçuk bəyan etdi ki, Rusiya Ermənistanla münasibətlərdə sözlərə deyil, addımlara baxacaq”, - deyə təhlildə bildirilib.
Nəşr yazır ki, Rusiya tərəfindən verilən siqnallar göstərir ki, Paşinyan Putini tərifləsə də, erməni müxalifətini Rusiyanın dəstəyindən məhrum edə bilməyib.
Bununla yanaşı, Aİ rəhbərliyi seçkilər zamanı mümkün “hibrid təhdidlər”ə qarşı mübarizə aparmaq üçün Ermənistana ekspertlər göndərəcəyini açıqlayıb.
“Son illərdə Aİ Şərqi Avropanın müxtəlif ölkələrində rusiyapərəst namizədləri seçki saxtakarlığında ittiham edib. Buna görə də görünür ki, iyunda Ermənistanda keçiriləcək seçkilər təkcə yerli namizədlərin deyil, həm də Qərblə Rusiyanın kəskin toqquşma məkanına çevriləcək”, - deyə müəllif bildirib.
Sonda Berktay Deniz vurğulayıb ki, iyunun 7-də Ermənistanda keçiriləcək seçkilərin nəticəsi Rusiyanın Qafqaz və Mərkəzi Asiyadakı təsiri üçün həlledici olacaq.
“Bu nəticə ilə razılaşmamaq çətindir, yalnız bunu əlavə etmək olar ki, əgər zəif halqa olan Paşinyan bu seçkilərdə qalib gəlsə, Ermənistan doğrudan da həmin zəif halqa rolunda qalacaq və bundan sonra onun aradan qaldırılması, necə deyərlər, texniki məsələ olacaq. Reallıq budur”, - deyə erməni KİV-i əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az