“Lockheed Martin” bildirir ki, Süni Zəka (SZ) dəstəkli texnologiyalarla təchiz edilmiş F-35 ABŞ Hərbi Hava Qüvvələrinin (HHQ) gələcək birgə döyüş təyyarələri parkı (Collaborative Combat Aircraft – CCA) da daxil olmaqla, bir çox PUA-ları idarə edə biləcək. Şirkət bu texnologiyanı uğurla sınaqdan keçirdiklərini açıqlayıb.
ABŞ 5-ci nəsil təyyarələrlə PUA-lara nəzarət edəcək
Bu yaxınlarda keçirilən nümayişdə “Lockheed Martin” SZ texnologiyaları ilə inteqrasiya olunmuş sistemlə uçuş zamanı PUA-nı uğurla idarə edib. Bu nümayişdə istifadə edilən aparat və proqram arxitekturasının gələcək F-35 uçuş sınaqları üçün işlənib hazırlandığı bildirilir. Şirkət bildirib ki, bu texnologiya ABŞ HHQ-nin “sistem ailəsi” vizyonunu reallığa çevirərək, PUA-ların və pilotların koordinasiyalı işləməsini təmin edir. Sınaqlar 2024-cü ildə aparılıb, lakin şirkət bunu 2025-ci ilin yanvarında elan edib.
“Lockheed Martin”in sınaqları F-35 və ya F-22-nin kokpitindən çoxlu PUA-ları idarə etməyə imkan verən interfeys nümayiş etdirib. Bu texnologiya sayəsində pilotlar sensor ekranlı planşet vasitəsilə PUA-ları düşmən hədəflərinə yönəldə bilirlər.
“Lockheed Martin Skunk Works” vitse-prezidenti OJ Sançez hava üstünlüyünün növbəti səviyyəsinə yönəlmiş sərmayələri davam etdirdiklərini və asimmetrik üstünlükləri inkişaf etdirmək üçün artıq “SZ-nin avtonom agentləri” ilə uçduqlarını deyib. Burada agent anlayışı təlimatlara uyğun olaraq insanlardan asılı olmayaraq müəyyən vəzifələri yerinə yetirən SZ sistemlərinə işarə edir.
“Lockheed”: Köhnə günlər geridə qaldı
“Lockheed Martin”ə görə, gələcək hərbi münaqişələrdə hava üstünlüyü təkcə qabaqcıl döyüş təyyarələri və PUA-ların mövcudluğundan deyil, həm də bu sistemlərin təhlükəsiz və qüsursuz inteqrasiyasından asılı olacaq. Şirkət bildirir ki, SZ dəstəkli texnologiyalar insan bacarıqları ilə maşın zəkasını birləşdirərək, döyüş meydanında sürətli qərarların qəbul edilməsini və çevikliyi təmin edir.
“Lockheed” açıqlamasında qeyd edib: “Düşməni böyük bir güclə əzmənin hava üstünlüyünü təmin etdiyi günlər geridə qaldı. Döyüş meydanında işləyən bütün sistemlər düşmənləri məhv etmək və məğlub etmək üçün birlikdə işləməlidir”.
On il əvvəl “Lockheed Martin Skunk Works” döyüş təyyarələri və PUA-ların təhlükəsiz əlaqə saxlamasına və mürəkkəb tapşırıqları birlikdə yerinə yetirməsinə imkan verəcək texnologiya yol xəritəsi hazırladı. Şirkət vurğulayır ki, bu təməl gələcək onilliklər ərzində ABŞ və müttəfiqləri üçün üstün hava hökmranlığı təmin edəcək.
Sevinc Əliyeva
Ordu.az