Yunanıstan və MIT arasında əməkdaşlıq genişlənir

2026/06/Ekran-1782625697.jpg
Oxunub: 320     09:52     28 İyun 2026    
Yunanıstanın müdafiə naziri Nikos Dendias Dəniz Hərb Məktəbində Baş nazir Kiriakos Miçotakisi qəbul edərək Massaçusets Texnologiya İnstitutu (MIT) ilə həyata keçirilən təlim proqramı barədə məlumat verib.

Ordu.az xəbər verir ki, bu barədə “Defence Review GR” nəşri məlumat yayıb.

Nikos Dendias bildirib ki, Yunanıstan dənizdə və dənizdən kənarda avtonom sürülər, yəni insansız platformalar sahəsində bilik bazası formalaşdırmaqla tələbələrini yeni əməliyyat reallığına, Silahlı Qüvvələrini isə yeni dövrə hazırlayır.

Səfər çərçivəsində Baş nazir Kiriakos Miçotakis Dəniz Hərb Məktəbində keçirilən “MIT TRITON Yay Məktəbi: Dəniz Robototexnikası və Avtonom Sistemlər Təlim Proqramı” ilə tanış olub.

Dendias proqramı “ölkə üçün misilsiz addım” adlandıraraq bildirib ki, layihə MIT-in aparıcı professorları tərəfindən yunan tələbələri, eləcə də Hərbi Hava Məktəbi və Quru Qoşunları Hərbi Məktəbinin əməkdaşları üçün keçirilən seminarlar silsiləsindən ibarətdir.

Nazirin sözlərinə görə, MIT professorları baş nazirə yeni texnologiyaların dəniz əməliyyatlarını necə dəyişdirəcəyini və bunun Yunanıstan üçün hansı strateji üstünlüklər yaradacağını nümayiş etdiriblər. O, xüsusilə layihəyə rəhbərlik edən yunan professor Mixalis Triantafilluya təşəkkür edərək MIT ilə qurulan əməkdaşlığın böyük əhəmiyyət daşıdığını vurğulayıb.

Baş nazir Miçotakis müdafiə nazirinin müşayiəti ilə professor Mixalis Triantafillu və MIT-in elmi əməkdaşı Maykl Benjamindən proqram barədə ətraflı məlumat alıb, daha sonra isə insansız dəniz platformalarının imkanlarının nümayiş etdirildiyi təqdimatı izləyib.

Dendias MIT nümayəndə heyətinə göstərdikləri dəstəyə görə təşəkkür edərək bildirib ki, onlar Yunanıstanda yalnız hərbi məktəblərin kursantlarını deyil, həm də özəl sektor və digər hərbi təhsil müəssisələrinin nümayəndələrini hazırlayırlar.

Nazirin sözlərinə görə, Dəniz Hərb Məktəbində MIT laboratoriyasına bənzər qabaqcıl mərkəzin yaradılması gələcək nəsillərə dənizdə avtonom sistemlər sahəsində yeni texnologiyalar və biliklər hazırlamaq imkanı verəcək.

Proqramda Yunanıstanın Quru Qoşunları, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Sahil Mühafizəsi, Dəniz Hərb Məktəbi, Milli Metsovo Politexnik Universiteti və dəniz texnologiyaları sahəsində fəaliyyət göstərən özəl şirkətlərin nümayəndələri iştirak edirlər.

Təlim proqramı nəzəri hazırlıq, laboratoriya sınaqları və robot platformaları ilə praktiki məşğələləri birləşdirir. İştirakçılar dəniz robototexnikası və avtonom sistemlərin layihələndirilməsi, inteqrasiyası, praktiki tətbiqi və əməliyyat istifadəsi sahəsində hazırlıq keçirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   MIT  


Bizi "telegram"da izləyin