ABŞ B-21 “Raider” bombardmançı təyyarələri üçün 44 milyon dollarlıq qoruyucu sığınacaqlar inşa edəcək

2026/06/1782625416.jpg
Oxunub: 279     09:34     28 İyun 2026    
ABŞ Ordusu Mühəndislər Korpusu B-21 “Raider” strateji bombardmançı təyyarələri üçün 44 milyon dollar dəyərində ətraf mühitdən mühafizə sığınacaqlarının inşası məqsədilə “Conti Federal Services” şirkəti ilə müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, sığınacaqlar Cənubi Dakotadakı “Ellsvort” Hərbi Hava Qüvvələri bazasında yerləşdiriləcək B-21 təyyarələrini əlverişsiz hava şəraitindən qorumaq, texniki xidmətə olan tələbatı azaltmaq və əməliyyat hazırlığını artırmaq məqsədi daşıyır.

ABŞ Hərbi Hava Qüvvələrinin ilk əməliyyat B-21 “Raider” təyyarələrinin 2027-ci ildə “Ellsvort” bazasına yerləşdirilməsi planlaşdırılır. Layihə çərçivəsində tikiləcək qoruyucu sığınacaqların 2028-ci il oktyabrın 3-də tamamlanacağı gözlənilir. Tikinti 2026-cı maliyyə ilinin hərbi inşaat büdcəsi hesabına maliyyələşdiriləcək.

Yeni sığınacaqlar B-2 “Spirit” bombardmançıları üçün istifadə edilən tam qapalı və iqlimə nəzarət olunan anqarlardan fərqli olaraq, B-21-in yeni nəsil radar siqnallarını udan örtüyünü günəş şüaları, qar, buzlanma və temperatur dəyişikliklərindən qorumaq üçün layihələndirilib.

ABŞ Hərbi Hava Qüvvələrinin Qlobal Zərbə Komandanlığının B-21 İnteqrasiya və Sistem İdarəetmə Ofisinin direktoru polkovnik Derek Oukli bildirib ki, bu sığınacaqlar təyyarələrin istismar müddətini uzadır, ultrabənövşəyi şüalar, qar və buzlanmanın təsirini azaldır, texniki xidmət yükünü aşağı salır və təyyarələrin anqara daxil olub-çıxmadan daha sürətli uçuşa hazırlanmasına imkan yaradır.

ABŞ Hərbi Hava Qüvvələri B-21 “Raider” üçün 80 faizdən yüksək döyüşə hazırlıq səviyyəsinə nail olmağı hədəfləyir. Bu göstərici uzun illər ərzində təxminən 50-60 faiz səviyyəsində olan B-2 “Spirit” parkı ilə müqayisədə ciddi irəliləyiş hesab olunur.

“Ellsvort” bazası B-21-in ilk əsas bazası seçildiyi üçün burada ümumilikdə təxminən 1,5 milyard dollar dəyərində genişmiqyaslı infrastrukturun modernləşdirilməsi həyata keçirilir. Layihə çərçivəsində ağır texniki xidmət anqarı, uçuş simulyatoru mərkəzi, yanacaq sistemi texniki xidmət obyekti, radio tezlik mərkəzi və sursat hazırlığı obyektləri də inşa edilir.

“Northrop Grumman” tərəfindən hazırlanan B-21 “Raider” ABŞ-nin yeni nəsil aşağı görünmə xüsusiyyətinə malik strateji bombardmançı təyyarəsidir. Platforma nüvə və adi sursat daşımaq, qabaqcıl hava hücumundan müdafiə sistemlərini aşaraq uzaqmənzilli zərbə əməliyyatları yerinə yetirmək üçün hazırlanıb.

ABŞ Hərbi Hava Qüvvələri ən azı 100 ədəd B-21 “Raider” tədarük etməyi planlaşdırır. ABŞ Strateji Komandanlığı isə gələcəkdə donanmanın 145 təyyarəyə qədər artırılmasını dəstəkləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   B-21   Raider  


Bizi "telegram"da izləyin