Almaniya AKSUNGUR sinfinə məxsus yeni PUA hazırlayır

2026/06/1781090895.jpg
Oxunub: 282     15:27     10 İyun 2026    
Almaniyanın “Aerodata AG” şirkəti tərəfindən hazırlanan “AeroForce X” Pilotsuz Uçuş Aparatı (PUA) proqramında mühüm mərhələ başa çatıb.

Ordu.az xəbər verir ki, şirkət MALE (Orta Hündürlükdə Uzun Müddət Havada Qalma) sinfinə məxsus “AeroForce X” prototipinin yekun montajının uğurla tamamlandığını açıqlayıb.

Bununla proqram inkişaf və inteqrasiya mərhələsindən çıxaraq uçuş sınaqlarına hazır vəziyyətə gətirilib. Prototipin ilk uçuşunun 2026-cı il ərzində Almaniyada həyata keçirilməsi planlaşdırılır.

Şirkətin açıqlamasında qeyd olunub ki, uçuş sınaqları zamanı platformanın performans göstəriciləri, uçuş xüsusiyyətləri və tapşırıq sistemlərinin inteqrasiyası yoxlanılacaq.

“Aerodata”nın məlumatına görə, “AeroForce X” 40 saata qədər havada qala və 1300 kiloqram faydalı yük daşıya biləcək. Bu xüsusiyyətlər platformaya uzunmüddətli kəşfiyyat, müşahidə və nəzarət tapşırıqlarını yerinə yetirməyə, eləcə də müxtəlif missiyalarda istifadə olunmağa imkan verəcək.

“AeroForce X” iki quyruq tirli konstruksiyası və arxadan itələyici mühərrik sxemi ilə TUSAŞ tərəfindən hazırlanmış AKSUNGUR platformasını xatırladır. Şirkət bildirir ki, platforma kəşfiyyat, müşahidə, elektron kəşfiyyat, dəniz müşahidəsi, sərhəd təhlükəsizliyi və ağır faydalı yük tələb edən xüsusi tapşırıqlar üçün istifadə edilə bilər.

“AeroForce X” hazırda sürətlə böyüyən və rəqabətin yüksək olduğu MALE sinfinə məxsus PUA bazarına daxil olmağa hazırlaşır. Bu seqmentdə MQ-9 Reaper, “Bayraktar” AKINCI və AKSUNGUR kimi platformalar ön plana çıxır.

“Aerodata” “AeroForce X”i yüksək faydalı yük daşıma qabiliyyəti, modul arxitekturası və ITAR məhdudiyyətlərindən asılı olmayan quruluşu ilə fərqləndirməyi hədəfləyir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   AKSUNGUR   AeroForce-X  


Bizi "telegram"da izləyin