“Kommersant”: Moskva və Pekin Paşinyanı təbrik etməyib

2026/05/1779276359.jpg
Oxunub: 361     11:52     10 İyun 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan seçki dövründə rüşvət alan və ya verən bütün şəxslərin həbs olunmasını tələb edib. Bu fonda müxalif “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan barəsində cinayət işi açıldığı məlum olub.

Ordu.az xəbər verir ki, bu barədə Rusiyanın “Kommersant” nəşrində dərc olunan məqalədə bildirilib.

Məqalədə qeyd olunur ki, Paşinyan seçkilərdə qələbə qazanması münasibətilə təbriklər almaqda davam edir. Bununla belə, Rusiya və Çin hələlik onu rəsmi şəkildə təbrik etməkdən çəkinirlər.

Nəşrin siyasi şərhçisi Dmitri Drizen hesab edir ki, rəsmi İrəvan yaxın perspektivdə Moskva ilə münasibətlərin gərginləşməsindən yayınmağa çalışacaq.

Məqalədə vurğulanır ki, növbədənkənar parlament seçkilərindən sonra Nikol Paşinyan ölkənin xarici siyasətinin praqmatizm prinsipi əsasında şaxələndiriləcəyini bəyan edib.

Onun sözlərinə görə, Ermənistan Rusiya ilə tərəfdaşlıqdan imtina etməyi planlaşdırmır və Avrasiya İqtisadi Birliyində qalmaq niyyətindədir.

“Bununla yanaşı, Azərbaycanla sülh müqaviləsinin imzalanması və hazırda “Tramp yolu” adlandırılan Zəngəzur dəhlizi layihəsinin həyata keçirilməsi istiqamətində də aydın iradə nümayiş etdirilir.

Seçkilərdən bir neçə gün əvvəl ABŞ dövlət katibi Marko Rubio Ermənistana səfər edib və müvafiq niyyət protokolunu imzalayıb. İran bu layihəyə kəskin şəkildə qarşı çıxsa da, həm İran Prezidenti Məsud Pezeşkian, həm də xarici işlər naziri Abbas Əraqçi Paşinyanı qələbə münasibətilə təbrik ediblər.

Abbas Əraqçi hətta erməni dilində paylaşım edərək dostluq münasibətlərinin davam edəcəyinə ümid etdiyini ifadə edib. Paşinyan hüquq-mühafizə orqanlarından seçki rüşvəti almaqda və ya verməkdə ittiham olunan şəxslərə qarşı sərt tədbirlər görülməsini tələb edib”, - deyə nəşr bildirib.

Müəllif yazıb ki, demək olar ki, eyni vaxtda iri iş adamı və müxalif “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyan barəsində xüsusilə böyük məbləğdə vergidən yayınma ittihamı ilə cinayət işi açıldığı açıqlanıb. Bununla belə, onun barəsində ölkədən çıxış qadağası tətbiq edilib.

Məqalədə diqqət çəkilən digər məqam Ermənistanda keçirilən Ermənistan-Polşa biznes forumu olub.

“Forumun nəticələrinə görə, iyunun sonlarında Ermənistan ərikləri ilə yüklənmiş 20 yük avtomobilinin Polşaya göndəriləcəyi açıqlanıb. Söhbət “Rosselxoznadzor”un qərarından sonra Rusiyaya ixrac edilə bilməyən məhsullardan gedir.

ABŞ, Avropa İttifaqı ölkələri və bir sıra digər dövlətlər Paşinyanı seçkilərdə qələbəsi münasibətilə təbrik etsələr də, Moskva və Pekin hələlik belə addım atmayıb. Ermənistanın gələcək xarici siyasət istiqaməti barədə qəti nəticə çıxarmaq üçün hələ tezdir. Şaxələndirmə və praqmatizm siyasəti ölkənin keçmiş metropoliyası ilə əlaqələri qırmağa hazır olması anlamına gəlmir”, - deyə nəşr qeyd edib.

Bundan əlavə, yaxın gələcəkdə Ermənistanın Avropa İttifaqına inteqrasiya və ya Avrasiya İqtisadi Birliyində qalmaq məsələsi ilə bağlı referendum keçirmək niyyətində olmadığı da vurğulanır.

Nəşr hesab edir ki, belə bir referendumun ümumiyyətlə keçirilib-keçirilməyəcəyi də hələlik məlum deyil və bu məsələdə tələskənlik müşahidə olunmur.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Paşinyan    


Bizi "telegram"da izləyin