Ordu.az xəbər verir ki, bunu Belarusun baş nazir müavini Natalya Petkeviç bildirib.
O, “Belarus-1” televiziya kanalının efirində 2026-cı il mayın 28-29-daAstanada keçirilmiş Avrasiya İqtisadi Birliyi sammitinin nəticələrini şərh edib.
“Xüsusilə prezident Aleksandr Lukaşenko beynəlxalq fəallıq, müşahidəçi statusunun verilməsi və ölkələrin Avrasiya İqtisadi Birliyinə qoşulması imkanlarını müzakirə edərkən bildirib ki, bu məsələyə çox diqqətlə yanaşmaq lazımdır. Avrasiya İqtisadi Birliyinə üzvlük çətin olmalıdır”, - deyə Petkeviç qeyd edib.
Onun sözlərinə görə, hər hansı müşahidəçi statusu təqdim edilərkən və ya sazişlər imzalanarkən həm birlik, həm də tərəfdaşlar üçün nəticələr dəqiq hesablanmalıdır.
“İstənilən qoşulma və ya status real nəticə verməli, səmərəli olmalıdır. Sadəcə status naminə status olmamalıdır”, - deyə o vurğulayıb.
Baş nazir müavini hesab edir ki, Avrasiya İqtisadi Birliyinin mövcud müqaviləsində bir çox mexanizmlər nəzərdə tutulmayıb.
“Ermənistanla bağlı vəziyyət də, Moldova ilə bağlı vəziyyət də göstərir ki, bu gün birliyin tam fəaliyyət göstərməsi üçün yeni rıçaqlara ehtiyac var. Dövlət başçısı bu məsələləri qaldırdı və tərəfdaşları da bunu dəstəklədi”, - deyə Petkeviç bildirib.
O qeyd edib ki, sammit çərçivəsində artıq 20 illik fəaliyyət tarixçəsinə malik Avrasiya İnkişaf Bankının nəticələri də müzakirə olunub.
“Burada da müəyyən problemlər və balanssızlıqlar üzə çıxdı. Bank kommersiya qurumudur, lakin inteqrasiya strukturu çərçivəsində yaradıldığı üçün sırf kommersiya bankı ola bilməz. Aleksandr Lukaşenko da bu barədə geniş danışdı”, - deyə baş nazir müavini vurğulayıb.
Petkeviçin fikrincə, praktiki baxımdan ən mühüm məsələ sənaye kooperasiyası və aqrar-sənaye kompleksində əməkdaşlığa dair hüquqi tənzimləmələrin tamamlanması olub.
“İdeya mövcud idi, lakin mexanizmlər formalaşdırılmamışdı. Bu gün dövlət başçıları bunun üçün zəruri olan qalan sənədləri imzaladılar. Yeni maliyyə imkanları, yeni qaydalar və daha çevik mexanizmlərlə bu alət artıq aqrar-sənaye kompleksini də əhatə etməklə tətbiq oluna biləcək”, - deyə o əlavə edib.
Alpər Mövludoğlu
Ordu.az