Trampın oğulları ilə əlaqəli şirkət ABŞ HHQ-yə önləyici PUA-lar tədarük edəcək

2026/05/Ekran-1777717900.jpg
Oxunub: 392     14:23     02 May 2026    
Erik Tramp və kiçik Donald Tramp ilə əlaqəli ABŞ şirkəti “Powerus” ABŞ Hərbi Hava Qüvvələri üçün açıqlanmayan sayda önləyici Pilotsuz Uçuş Aparatı (PUA) üzrə müqavilə əldə edib.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” şirkətin həmtəsisçisi və prezidenti Brett Veliçoviçin Arizonadakı sınaq poliqonunda keçirilən nümayişdən sonra verdiyi açıqlamaya istinadən məlumat yayıb.

Bu razılaşma “Powerus”un bu növ silahı ABŞ ordusuna ilk satışı sayılır. Şirkət razılaşmanın şərtlərini və həcmini açıqlamaqdan imtina edib.

Xəbər agentliyinin qeyd etdiyi kimi, ABŞ Ordusu tez-tez yeni sistemin xidmətə qəbul edilməsi üçün məqsədəuyğunluğun qiymətləndirilməsi mərhələsində belə müqavilələr bağlayır.

Bu razılaşma ABŞ-nin xeyli daha bahalı raketlər əvəzinə aşağı xərcli önləyicilərdən istifadə edərək kamikadze PUA-larına qarşı mübarizə aparmaq üzrə daha geniş strategiyasına uyğundur. Xüsusilə ABŞ ordusu artıq Yaxın Şərqdə 10 000 “Merops” önləyici PUA-sı yerləşdirib.

Konqresdəki demokratlar Pentaqonu prezidentin ailəsi ilə əlaqəli digər müdafiə podratçıları və texnologiya şirkətləri barədə daha çox məlumat təqdim etməyə çağırıblar. Veliçoviç tənqidləri rədd edərək vurğulayıb ki, “Powerus” texnoloji qabiliyyətləri ilə Hərbi Hava Qüvvələrini təsirləndirib.

“Onlar sistemi investorlar siyahısında kimin olmasına görə seçməyəcəklər. Onlar bunu indi ona ehtiyac duyduqları üçün seçirlər”, - deyə o bildirib.

Martın əvvəlində Brett Veliçoviç açıqlamışdı ki, şirkət Ukrayna PUA istehsalçılarını almaq və ya onların texnologiyalarını ABŞ-də Amerika brendi altında sonrakı istehsal üçün lisenziyalaşdırmaqla bağlı danışıqlar aparır.

“Powerus” artıq üç kiçik şirkət alıb və həm hava, həm də dəniz PUA-ları satır. Şirkət ayda 10 000-dən çox PUA istehsal etmək planlarını açıqlayıb.

“Bloomberg”in qeyd etdiyi kimi, “Powerus” özbaşına birjaya çıxmaq əvəzinə, artıq “Nasdaq”da siyahıya alınmış qolf klubu operatoru “Aureus Greenway Holdings Inc.” ilə birləşməyi planlaşdırır. “Aureus Greenway”in səhmdarları arasında Tramp ailəsinin investisiya fondu “American Ventures”, kiçik Donald Trampın səhmdar və məsləhət şurasının üzvü olduğu “Unusual Machines” və Tramp ailəsi ilə əlaqəli olan investisiya bankı “Dominari Securities” var.

“Powerus”dan əlavə, Erik Tramp İsrail PUA istehsalçısı “Xtend” ilə birləşmə yolu ilə yaradılmış “XTEND AI Robotics” və birjada açıq şəkildə ticarət olunan tikinti şirkəti “JFB Construction Holdings”də strateji investor olub.

XTEND Pentaqondan süni zəka ilə işləyən FPV PUA-ların 2025-ci ilin noyabrına qədər sürətli inkişafı və təhvili üzrə sifariş alıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ   PUA  


Bizi "telegram"da izləyin