Yunanıstan və Ukraynanın PDS danışıqları dalana dirənib

2026/05/Ekran-1777713818.jpg
Oxunub: 357     16:18     02 May 2026    
Afina ilə Kiyev arasındakı PDS danışıqlarının Ukraynanın sistemlərin mümkün yenidən satışı və istifadəsində söz sahibi olmaq tələbinə ilişdiyi irəli sürülür.

Ordu.az Yunanıstanda yerləşən “Kathimerini” nəşrinə istinadən xəbər verir ki, Yunanıstan və Ukrayna arasında PDS sahəsində əməkdaşlıq danışıqlarında problemlər ortaya çıxıb.

Danışıqlardan əldə olunan məlumata görə, insansız dəniz platformalarına yönəlmiş əməkdaşlıq razılaşmasında son mərhələdə çətinliklər yaşanır, bəzi kritik başlıqlarda fikir ayrılıqları davam edir.

Bu kontekstdə texnologiyaya sahib tərəf kimi Kiyev rəhbərliyinin PDS-lərin mümkün yenidən satışına dair lisenziyalarla bağlı bir sıra tələblər irəli sürdüyü bildirilir. Lakin Yunan tərəfi baxımından əsas maneənin Kiyevin Yunanıstan Silahlı Qüvvələrinin bu sistemlərdən necə istifadə edəcəyi üzərində söz sahibi olmaq istəməsi olduğu iddia edilir.

Bu məqamda Afinanın sözügedən şərti qəbul etmədiyini bildirən “Kathimerini” Yunanıstan rəsmilərinin xüsusilə hərbi toqquşma zamanı silah sistemlərinin başqa bir ölkənin tətbiq etdiyi məhdudiyyətlər altında istifadə edilə bilməyəcəyini müdafiə etdiyini qeyd edir. Xəbərə mövzu olan mübahisəli maddənin Kiyevə Ukraynada istehsal edilən və ya Ukrayna texnologiyası ehtiva edən sistemlərin istifadəsini faktiki olaraq əngəlləmə səlahiyyəti verəcəyi ifadə edilir.

Ukraynanın bu mövqeyi ilə bağlı ictimaiyyətə dəqiq açıqlama verilməsə də, Yunanıstan mediası məsələnin ümumilikdə Kiyevin Türkiyə ilə qurmağa çalışdığı balansla əlaqəli olduğunu bildirir. Bununla birlikdə “anlaşmazlığa baxmayaraq danışıqların dalana dirəndiyi düşünülmür” deyən Yunanıstan qəzeti ordu rəsmilərinin daha əvvəlki mərhələdə Kiyevə gedərək proqramla bağlı texniki məsələlər üzrə geniş danışıqlar apardığını da əlavə edir.

PDS sahəsində əməkdaşlıq gündəmdə idi

Yunanıstan ilə Ukrayna arasında daha əvvəl Yunanıstan gəmiqayırma zavodlarında insansız dəniz vasitələrinin (PDS) birgə istehsalına yönəlmiş mühüm addım atılmışdı. Yenə “Kathimerini”nin xəbərinə görə, bu inkişaf Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə Ukrayna Prezidenti Volodimir Zelenski arasında noyabrın 16-da keçirilən görüşün diqqətçəkən nəticələrindən biri kimi qiymətləndirilmişdi.

Sözügedən razılaşma çərçivəsində həm Ukrayna, həm də Yunanıstan ordusu üçün PDS tədarük edilməsi və Yunanıstan gəmiqayırma zavodlarında bu platformaların istehsal edilə biləcəyi yeni xəttin qurulması planlaşdırılmışdı. İstehsalın bir hissəsinin Ukrayna Ordusuna, qalan hissəsinin isə Yunanıstanın inventarına qazandırılması nəzərdə tutulurdu.

Proqramda iştirak edəcək Yunanıstan şirkətlərinin elektron sistemlər, optik avadanlıqlar, sensorlar və lazım gəldikdə partlayıcı komponentlər təmin etməsi gözlənilərkən, birgə istehsal ediləcək modelin Ukraynanın döyüş sahəsində test etdiyi sistemlərin təkmilləşdirilmiş versiyası olması planlaşdırılmışdı. Bundan əlavə, tərəflər növbəti prosesdə əməkdaşlığı pilotsuz sualtı vasitələri də əhatə edəcək şəkildə genişləndirmək ehtimalını qiymətləndirmişdi.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yunanıstan   Ukrayna  


Bizi "telegram"da izləyin