5 il, 1,2 milyon itki və 116 min km işğal: Rusiya-Ukrayna müharibəsi qlobal sistemi necə dəyişdirir?

2026/02/1772008060.jpg
Oxunub: 877     17:20     25 Fevral 2026    
Hər müharibənin əsas uduzanı insandır, eyni zamanda həmin coğrafiyanın gələcəyidir. Rusiya-Ukrayna müharibəsi 5-ci ilinə qədəm qoyarkən bu reallığı həm cəbhədə, həm danışıqlar masasında, həm də insanların həyatında açıq şəkildə görürük.

Rusiya ilə Ukrayna arasındakı müharibə qəfil yaranmış böhran deyil, uzun illərə yayılan tarixi, geosiyasi və sistem xarakterli gərginliklərin yığılıb qalmasının nəticəsidir. Sovet İttifaqının dağılmasından sonra Ukraynanın müstəqil dövlət kimi Qərblə inteqrasiya istiqamətində atdığı addımlar, xüsusilə NATO-nun genişlənməsi kontekstində Rusiya tərəfindən birbaşa təhlükəsizlik təhdidi kimi qəbul olunur. Bu vəziyyət klassik təhlükəsizlik dilemmasını dərinləşdirərkən, əslində çoxsaylı tərəflərin cəlb olunduğu bir vəkalət müharibəsi reallığını formalaşdırmağa başlayıb. Bu baxımdan müharibə Şərqlə Qərb arasında XXI əsrin şərtləri daxilində yenidən formalaşan bir Soyuq müharibə prototipinə çevrilib.

Dünya tarixi bizə heç bir müharibənin real qalibi olmadığını dəfələrlə göstərib. Hər müharibənin əsas uduzanı insandır, eyni zamanda həmin coğrafiyanın gələcəyidir. Rusiya-Ukrayna müharibəsi 5-ci ilinə qədəm qoyarkən bu həqiqəti həm cəbhədə, həm danışıqlar masasında, həm də insanların həyatında açıq şəkildə görürük. Dağıntı təkcə torpaqları deyil, cəmiyyətləri, nəsilləri və sabahı da əhatə edərək dərinləşir. Buna görə də bu müharibənin yekunu hərbi deyil, insani və tarixi itki kimi qiymətləndirilməlidir. 2026-cı il etibarilə Rusiya-Ukrayna müharibəsində davam edən proses üçün aydın “qələbə-məğlubiyyət” tənliyindən danışmaq son dərəcə çətindir. Çünki bu müharibə artıq yalnız iki aktor arasında aparılan toqquşma olmaqdan çıxaraq həm tərəf dövlətlər, həm də qlobal sistem baxımından uzunmüddətli tükəndirmə müharibəsinə çevrilib.

Rəqəmlərlə müharibə

Rusiya-Ukrayna müharibəsində rəqəmlərin dili olduqca diqqətçəkəndir. Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə 5-ci ilinə daxil olarkən 1450 gündən artıq müddətin geridə qaldığı görünür. Bu müddət İkinci Dünya müharibəsi zamanı nasist Almaniyası ilə Sovet İttifaqı arasında yaşanan genişmiqyaslı toqquşma dövründən belə daha uzundur.

İkinci diqqətçəkən məqam cəbhədəki irəliləyişin doğurduğu nəticələrdir. Bu nöqtədə yenə İkinci Dünya müharibəsi ilə müqayisəli perspektiv qurmaq mümkündür. 2022-ci ilin fevralından etibarən rus hərbçilərinin itkilərinin sayının təxminən 1,2 milyona çatdığı ilə bağlı qiymətləndirmələr mövcuddur. Bu rəqəm İkinci Dünya müharibəsindən sonra hər hansı böyük gücün bir müharibədə verdiyi ən yüksək itkilərdən biri kimi qiymətləndirilir.

Müharibənin humanitar ölçüsü də eyni şəkildə ağırlaşır. Birləşmiş Millətlər Təşkilatının İnsan Hüquqlarının Monitorinq Missiyası 2025-ci ildə Ukraynadakı toqquşmalarla əlaqəli zorakılıq hadisələrində 2 min 514 mülki şəxsin həlak olduğunu və 12 min 142 mülki şəxsin yaralandığını açıqlayıb. Bu göstərici 2024-cü illə müqayisədə (2 min 88 həlak olan, 9 min 138 yaralı) təxminən 31 faiz artım deməkdir. Bu vəziyyət müharibənin mülki əhali üzərində dağıdıcı təsirinin azalmadığını, əksinə yenidən intensivləşdiyini göstərir.

Üçüncü olaraq cəbhədəki hərbi irəliləyişin xarakterinə baxmaq lazımdır. 2024-cü ildən etibarən Rusiya qüvvələrinin ən mühüm hücumlarında gündəlik orta irəliləyiş sürətinin cəmi 15-70 metr arasında dəyişdiyi görünür. Buna baxmayaraq Rusiyanın Ukrayna ərazisində nəzarət etdiyi sahə hələ də kifayət qədər genişdir. Təxminən 116 min kvadratkilometr Ukrayna torpağı, yəni ölkə ərazisinin təxminən 19-20 faizi Rusiyanın nəzarəti altındadır. Müharibə Araşdırmaları İnstitutunun hesabatına görə, Rusiya qüvvələri 2026-cı ilin əvvəlindən bəri əlavə 572 kvadratkilometr ərazini ələ keçirib.

Bütün bu göstəricilər müharibənin başa çatdığınımı göstərir? Əksinə, ortaya çıxan mənzərə müharibənin struktur baxımından qalıcı xarakter aldığını, hələ bitmədiyini göstərir. Çünki cəbhədə irəliləyiş son dərəcə məhdud olsa da, toqquşmaların intensivliyi azalmır, mülki itkilər artır və nəzarət edilən ərazilər sabit şəkildə saxlanılır. Bu vəziyyət klassik mənada cəbhə müharibəsindən çox, zamana yayılan, xərc yaradan və tərəflərin bir-birini tükətməyə yönəldiyi tükəndirmə məntiqinin hakim olduğunu göstərir. Başqa sözlə, müharibə artıq sürətli nəticə əldə etməyə çalışan hərbi əməliyyat deyil, strateji səbir və davamlılıq sınağına çevrilib. Lakin bu davamlılıq ritorikası cəbhədə insan həyatı bahasına əldə edilən məhdud irəliləyişlərə çevrilib.

Bu səbəbdən bu gün verilməli olan sual müharibənin bitib-bitməməsi deyil, bu uzunmüddətli tükəndirmə modelinin nə qədər davam etdirilə biləcəyi və bunun həm regional nizamı, həm də qlobal sistemi necə dəyişdirəcəyidir.

Böyük güclərin yaratdığı böyük gücsüzlüklər

Müharibəyə üçayaqlı əsasda yanaşmaq lazımdır ki, yalnız döyüşən aktorları deyil, müharibənin tərəflərini də görə bilək. Ukrayna baxımından Qərb dəstəyi ilə davam etdirilən bu prosesin zamanla təhlükəsizlik çətirindən daha çox, ölkəni faktiki olaraq bufer zonaya çevirən geosiyasi baxışa transformasiya olunduğunu görmək çətin deyil. Avropa öz təhlükəsizlik narahatlıqlarına fokuslanarkən, ABŞ Prezidenti Donald Trampın formalaşdırdığı yeni dünya nizamı perspektivində böyük güclər iyerarxiyası yenidən müəyyənləşdirilir, bu prosesdə Avropanın Ukrayna ilə apardığı əməkdaşlıq cəbhədə tək qalan Ukrayna profili yaradır.

İkinci olaraq Avropa ABŞ-siz təhlükəsizlik arxitekturası qurmaq axtarışının yaratdığı strateji çətinliklər fonunda istiqamət tapmağa çalışarkən, Rusiya-Ukrayna müharibəsində təsirli və inteqrasiya olunmuş güc kimi ortaya çıxa bilməyib. Yəni Avropa əlindəki diplomatik alətlər və sanksiya mexanizmlərindən başqa cəbhəni birbaşa formalaşdıra bilən aktor mövqeyinə yüksələ bilməyib, bu isə Avropanın geosiyasi potensialı ilə strateji iddiaları arasındakı boşluğu daha görünən edib. Daha da əhəmiyyətlisi, müharibə Avropanın öz daxilindəki fay xətlərini dərinləşdirib. Xüsusilə Macarıstan başda olmaqla bəzi ölkələrin izlədiyi fərqli siyasətlər Qərbi Avropa ilə Şərqi Avropa arasında təhlükəsizlik qavrayışları, təhdid qiymətləndirmələri və Rusiyaya yanaşma baxımından aydın ayrışma xətti yaradıb. Bu vəziyyət Avropanın strateji birlik iddiasını zəiflədərkən, qitə daxilində çoxtəbəqəli və parçalı təhlükəsizlik anlayışının institusionallaşmağa başladığını göstərir.

Nəhayət, ABŞ ilə Rusiya münasibətləri Alyaska Zirvəsindən sonra fərqli müstəviyə keçib və iki aktor getdikcə yenidən formalaşan böyük güc tənliyinə fokuslanıb. Bu mənzərədə ədalətli və dayanıqlı vasitəçilik və ya qalıcı sülh prosesindən çox, Trampın sülh ritorikası altında irəliləyən, lakin Ukraynadan güzəşt gözləntisinə əsaslanan danışıqlar xəttinin önə çıxdığı görünür. Cəbhədəki hərbi reallıq da bu siyasi mənzərəni dəstəkləyir. Rusiyanın quru əməliyyatlarında ərazi irəliləyişi məhdud qalsa da, hava zərbələri vasitəsilə Ukraynanın enerji infrastrukturunu və mülki yaşayış sahələrini sistemli şəkildə hədəfə alan müharibə modeli dərinləşir. Bu isə müharibənin təkcə hərbi deyil, ictimai və humanitar ölçüsünün də getdikcə ağırlaşdığını göstərir. Müharibənin ən ağrılı üzü isə təkcə tərəf dövlətləri deyil, bütün regional nizamı və beynəlxalq sistemi təsirləndirməsidir.

Sabitlik və sülh

Əbu-Dabidə keçirilən son danışıqlar raundları tərəflər arasında əsas məsələlər üzrə, xüsusilə ərazi, təhlükəsizlik zəmanətləri və müharibənin siyasi çərçivəsi ətrafında heç bir irəliləyiş əldə olunmadığını bir daha göstərib. Tramp administrasiyası prosesi sürətləndirmək məqsədilə Rusiya və Ukraynaya müharibənin başa çatdırılması üçün iyun ayını hədəf göstərən cədvəl təqdim edib, lakin tarixi dərinliyi bu qədər mürəkkəb olan münaqişənin həllinin qısa müddətli olacağını gözləmək mümkün deyil.

Türkiyənin müharibənin başlanğıcından etibarən proaktiv vasitəçilik çərçivəsində atdığı addımlar bu tükəndirici dövrü qıra biləcək mühüm diplomatik fürsət yaratmışdı. Lakin hazırkı mərhələdə bu təşəbbüslərin nəticəsiz qalması müharibənin həm cəbhədə, həm də masada dəyişimi çətinləşdirən sərt tarazlıq üzərində dayandığını göstərir. Bu gün ortaya çıxan mənzərə aydındır: Rusiya-Ukrayna müharibəsi hərbi irəliləyişin məhdud, humanitar xərclərin isə davamlı artdığı tükəndirmə dövrünə sıxışıb. Bu dövrü qıracaq struktur dəyişiklik baş vermədiyi müddətdə müharibənin nə cəbhədə, nə də danışıqlar masasında asanlıqla sona çatmayacağı, əksinə beynəlxalq sistemin güc balansını yenidən formalaşdıran uzunmüddətli geosiyasi qırılma kimi davam edəcəyi deyilə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ukrayna   Müharibə  


Bizi "telegram"da izləyin