İclasda hansı ölkələr iştirak edib?
Prezident Donald Trampın müharibələri sona çatdıran lider imicini möhkəmləndirmək baxımından xüsusi önəm verdiyi bu toplantının həm geniş iştiraklı olmasına, həm də güclü görüntü təqdim etməsinə diqqət yetirildiyi aydındır. Təxminən 50-yə yaxın ölkə müxtəlif səviyyələrdə iclasa qatılıb. Qəzza Sülh Şurasının iyirmidən çox üzvü ilə yanaşı müşahidəçi statusunda olan aktorlar da toplantıda yer alıb. İsrail iclasa Xarici İşlər naziri səviyyəsində qatılıb. İsrailin Baş naziri Benyamin Netanyahu toplantıya qatılmayıb, lakin İsrailin Sülh Şurasına üzv olması müzakirələri dərinləşdirib. Xüsusilə maliyyə naziri Bezalel Smotriç və milli təhlükəsizlik naziri İtamar Ben-Qvir İsrailin Sülh Şurasına üzvlüyünə sərt reaksiya göstəriblər. Toplantıda Fələstin tərəfindən hər hansı nümayəndənin iştirak etməməsi diqqət çəkib. İştirakla bağlı digər məqam isə bəzi Avropa aktorlarının üzvlükdən imtina etmələrinə baxmayaraq, bəzi ölkələrin müşahidəçi qismində toplantıya qatılması olub.
İclasın nəticələri nələrdir?
Qəzza Sülh Şurasının ilk iclasında yenidən qurmanın maliyyələşdirilməsi və Sabitləşdirmə Qüvvəsinin strukturu ilə bağlı müəyyən ipucları ortaya çıxıb. Tramp ABŞ-nin Qəzza Sülh Şurasına 10 milyard dollar töhfə verəcəyini bildirib. Qətər, Mərakeş, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Səudiyyə Ərəbistanı, Azərbaycan, Özbəkistan və Küveytin isə ümumilikdə 7 milyard dollardan artıq ianə öhdəliyi götürdüyü açıqlanıb. Qəzzanın bərpası üçün ümumilikdə 75 milyard dollar ianə toplanacağı və bu vəsaitlərin Dünya Bankının nəzdində yaradılan Qəzza Yenidənqurma və İnkişaf Fondunda cəmlənəcəyi bildirilib. Qəzzada humanitar böhranın aradan qaldırılması və bölgənin yenidən dirçəldilməsi üçün maliyyə mənbələrinin formalaşdırılması böyük əhəmiyyət daşıyır. Digər tərəfdən, İsrailin Təhlükəsizlik Kabinetinin naziri Zeev Elkin Sülh Şurasına maliyyə töhfəsi verməmək qərarı aldıqlarını açıqlayıb.
Digər mühüm məsələ Qəzzada təhlükəsizliyin təmin olunması üçün nəzərdə tutulan Beynəlxalq Sabitləşdirmə Qüvvəsinin strukturu ilə bağlı olub. Qüvvənin komandanlığı ABŞ tərəfindən həyata keçiriləcək, müavinlik funksiyasını isə İndoneziya icra edəcək. İndoneziyanın 8 min hərbçi ilə iştirak edəcəyi, ümumilikdə Sabitləşdirmə Qüvvəsinin 20 min hərbçi və 12 min polis əməkdaşından ibarət olacağı gözlənilir. İndoneziya ilə yanaşı Mərakeş, Qazaxıstan, Albaniya və Kosovonun da hərbçi göndərmək öhdəliyi götürdüyü açıqlanıb. Misir və İordaniyanın isə polis hazırlığı təmin edəcəyi bildirilib. Türkiyənin xarici işlər naziri Hakan Fidan ölkəsinin Sabitləşdirmə Qüvvəsinə töhfə verməyə hazır olduğunu bir daha bəyan edib. Lakin İsrailin xüsusilə Türkiyənin hərbçi göndərməməsi istiqamətində ABŞ qarşısında ciddi təzyiq göstərdiyi məlumdur.
Qəzzanın gələcəyi
Yanvar ayında Qəzzadakı humanitar böhranı dayandırmağı hədəfləyən atəşkəs prosesinin ikinci mərhələsinə keçildikdən sonra formalaşdırılan Qəzza Sülh Şurasının çoxsaylı qeyri-müəyyənliklərlə üzləşdiyini qeyd etmək lazımdır. Kağız üzərində Trampın münaqişələrin həlli üçün yaratdığı çərçivənin işlək olması və Qəzzaya ümid verməsi gözlənilir. Lakin bu qədər müxtəlif komponentlərin və mürəkkəb amillərin eyni vaxtda və ahəngdar şəkildə hərəkətə gətirilməsi asan görünmür.
Bununla yanaşı, Qəzza Sülh Şurasının iclasında Trampın HƏMAS-a dair açıqlamaları və təşəkkürü diqqət mərkəzində olub. HƏMAS-ın üzərinə düşən öhdəlikləri yerinə yetirdiyini və girovların təhvil verilməsi məsələsində sözünə əməl etdiyini vurğulayan Tramp atəşkəs prosesində hər hansı pozuntunun baş vermədiyini və planın sağlam şəkildə irəlilədiyini qeyd edib.
Tramp əslində Qəzza vasitəsilə qlobal səviyyədə ABŞ diplomatiyasının yenidən nizamqurucu rolunu nümayiş etdirməyə çalışır. Lakin bu yanaşma problemin mahiyyətinin kölgədə qalmasına səbəb olur. Sonradan bildirildiyi kimi, Qəzza Sülh Şurasının yalnız Qəzza üçün deyil, dünyadakı bütün münaqişələr üçün platforma rolunu oynayacağı vurğusu da məhz buna işarə edir. Şübhəsiz ki, Qəzzadakı böyük dağıntı və humanitar böhran tək bir ölkənin öhdəsindən gələ bilməyəcəyi miqyasda iqtisadi və təhlükəsizlik dəstəyi tələb edir. Qəzza Sülh Şurasının prestij və nüfuz mexanizmindən kənara çıxması üçün ilk növbədə Qəzza ərazisində konkret addımların atılması vacibdir. Əks halda zirvələr və iclaslar silsiləsindən ibarət reallıqla üzləşmək mümkündür.
Nəticə etibarilə, Qəzza Sülh Şurası həm institusional quruluşu, həm də fəaliyyət mexanizmi baxımından Trampın öz dövrünün ən mühüm diplomatik layihəsi kimi təqdim olunur və bununla yanaşı ABŞ-nin qaydalara əsaslanan dünya nizamını bərpa etməyə yönəlmiş yol axtarışının tərkib hissəsidir.
Sevinc Əliyeva
Ordu.az