Dünya İqtisadi Forumunun (WEF) İllik Toplantılarının 56-cısı “Dialoq ruhu” mövzusu ilə fövqəladə geosiyasi çalxantıların yaşandığı bir dövrdə Davosda başlayıb. 2026-cı ildə keçirilən yüksək səviyyəli zirvə ABŞ Prezidenti Donald Trampın Qrenlandiya mövzusundakı israrı və yenilənmiş gömrük rüsumları təhdidləri fonunda baş tutub. Fransa Prezidenti Emmanuel Makron deyib: “Zorakılıqdan daha çox hörməti üstün tuturuq”.
ABŞ Prezidenti Donald Tramp Dünya İqtisadi Forumunda etdiyi çıxışda ABŞ-nin Qrenlandiya üzərindəki tələblərini yenidən səsləndirib, danışıqların dərhal başlanmalı olduğunu bildirib və NATO-nu ABŞ-nin genişlənmə planına mane olmamaq barədə xəbərdar edib. Tramp Qrenlandiyanın ABŞ-dən başqa heç bir dövlət və ya dövlətlər qrupu tərəfindən qoruna bilməyəcəyini, təhlükəsizliyinin təmin edilə bilməyəcəyini iddia edib və deyib: “Strateji milli təhlükəsizliyimiz və beynəlxalq təhlükəsizlik üçün Qrenlandiyaya ehtiyacımız var”.
Davosdakı zirvədə çıxış edən Tramp Danimarkaya qarşı hədələyici ifadələr işlədib. Tramp Danimarkanı nankorluqda ittiham edib və Qrenlandiyanı yalnız ABŞ-nin qoruya biləcəyini müdafiə edərək deyib: “Qrenlandiyanı verməsəniz, unutmarıq”. ABŞ-nin bir hissəsinə çevriləcək Qrenlandiyanın NATO üçün təhlükə yaratmayacağını, buna görə də ABŞ-nin ərazilərini genişləndirmə planının NATO tərəfindən əngəllənməməli olduğunu müdafiə edən Donald Tramp adanın müdafiəsi üçün Qrenlandiyanın ABŞ-nin bir hissəsi olması gərəkdiyini bildirib və qeyd edib: “Bu, Avropa üçün də yaxşı olacaq”.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ-nin Avropa İttifaqına tətbiq edəcəyi yeni gömrük rüsumlarının səhv olacağı barədə xəbərdarlıq edib. ABŞ nümayəndə heyəti artıq Davosda olub və qlobal nizamı sarsıdan “Öncə Amerika” gündəmini müdafiə edib. Səkkiz Avropa ölkəsi Ağ Evin mövqeyini dəyişməyəcəyi təqdirdə təhlükəli aşağı yönlü spiralın yaşana biləcəyi barədə xəbərdarlıq edib.
Tramp Venesuela Prezidenti Nikolas Maduronun tutulması üçün hərbçilər göndərib, Ukraynanın sülhü qəbul etmək mövzusunda Rusiyadan daha istəksiz olduğunu iddia edib və etirazların davam etdiriləcəyi təqdirdə İrana hücum edəcəyi ilə hədələyib. Tramp Qrenlandiyanın ilhaq planını dəstəkləməyəcəkləri halda Böyük Britaniya da daxil olmaqla müttəfiqlərinə cəzalandırıcı gömrük rüsumları tətbiq edəcəyi ilə Avropa liderlərini təəccübləndirib.
Çıxışında həmçinin Avropanı məhv etdiyini düşündüyü “yaşıl aldatma”, “nəzarətsiz kütləvi miqrasiya” və “sonsuz xarici idxal” mövzularına qarşı hücumlara yer verib. O, səhnəyə çıxarkən deyib: “Avropanı sevirəm və Avropanın yaxşı işlər görməsini istəyirəm, amma düzgün istiqamətdə irəliləmir”.
Prezident Trampın geosiyasi tənlikdə önə çıxardığı Qrenlandiya adasını “böyük, gözəl buz parçası” kimi xarakterizə etməsi Çin-Rusiya cütlüyünə qarşı yüksələn təhlükəsizlik strategiyaları narahatlıqları səbəbilə ABŞ-nin adaya sahib olması fikrinə sərt şəkildə qarşı çıxan və adaya qoşun göndərən NATO müttəfiqləri ilə ABŞ arasında mümkün silahlı qarşıdurma ehtimalı gündəmə gəlib. Bununla yanaşı, “gələcək bir razılaşmanın çərçivəsinə” çatıldığına dair açıqlama bəzi Avropa dövlətləri tərəfindən məmnunluqla qarşılanıb və bu vəziyyət Soyuq müharibədən sonrakı Atlantik İttifaqının yeni reallıqlarla üz-üzə qaldığını göstərib.

“Davos 2026” dünyanın elitalarının eyni vaxtda və bir-biri ilə əlaqəli iki təhdidlə üzləşmək üçün toplandığı bir növ fövqəladə toplantıya çevrilib. Birinci təhdid Prezident Donald Tramp və onun ticarət müharibəsini alovlandırması, ikinci isə qlobal nizamı sabitsizləşdirmək təhlükəsi yaradan və K-şəkilli iqtisadiyyat kimi tanınan daha mürəkkəb güc olub. İqtisadçı Piter Atvoter tərəfindən populyarlaşdırılan bu anlayış 2020-ci ildən etibarən varlılarla yoxsullar arasındakı artan uçurumu ifadə edib. Pandemiya hər kəsi eyni vaxtda təsirləndirsə də, bu şokdan çıxış prosesi iki fərqli istiqamətdə inkişaf edib, varlılar daha da varlanıb, yoxsullar isə daha da yoxsullaşıb.
Trampın Venesuela, Qrenlandiya və İran kimi fərqli mövzulardakı açıqlamaları və siyasətləri, aqressiv gömrük rüsumları siyasətləri ilə birlikdə dünya nizamını alt-üst edib və ABŞ-nin dünyadakı rolu ilə bağlı suallar yaradıb.
Fransa Prezidenti Emmanuel Makron sürətlə dəyişən geosiyasi mənzərəni “dərin qlobal transformasiya mərhələsindən keçirik” sözləri ilə dəyərləndirib və bildirib: “Dünyanın amansızlaşması qarşısında Fransa və Avropa təsirli çoxtərəfliliyi müdafiə etməlidir, bu həm bizim, həm də güc tətbiqinə boyun əymək istəməyən hər kəsin maraqlarına xidmət edir”.
Digər tərəfdən, sürətlə artan mürəkkəblik, yüksələn parçalanma və eksponent yeniliklərlə səciyyələnən bir dövrdə etibarlı və tərəfsiz dialoq platformasına olan ehtiyac heç vaxt bu qədər böyük olmayıb. Müzakirələrin əsas diqqət mərkəzlərindən biri süni zəka və kvant hesablamadan yeni nəsil biotexnologiya və enerji sistemlərinə qədər texnologiyadakı paradigma dəyişikliyi olub, bu dəyişiklik həyat və iş tərzimizi yenidən formalaşdıraraq yeni inkişaf mühərrikləri yaradıb.
Siyasi və iqtisadi elitaları bir araya gətirən illik zirvə Avropa üçün Vaşinqtonla münasibətlər, iqtisadi model və təhlükəsizlik arxitekturası baxımından indiyədək qarşılaşılan ən böyük sınaqlardan biri kimi qiymətləndirilib. Davos iştirakçılarına görə, dünyanın ən böyük iqtisadi və siyasi zirvəsi öncəsi dövr əvvəlki illərdən fərqli olaraq olduqca hərəkətli keçib. Bu ilki Dünya İqtisadi Forumunun əvvəlki illərdən tamamilə fərqli olacağına dair güclü gözləntilər formalaşıb.

Normalda sakitliyi ilə tanınan İsveçrənin bu dağ şəhərciyində dünya liderlərinin gəlişi ilə hiss edilən gərginlik getdikcə artıb. Zirvənin mövcud beynəlxalq nizamın əsaslı şəkildə sorğulanacağı bir dönüş nöqtəsinə çevriləcəyi gözlənilir. Tramp qısa müddət əvvəl Danimarkadan Qrenlandiyanı alma təşəbbüsünə dəstək verməyən avropalı NATO müttəfiqlərinə gömrük tarifələri tətbiq etməklə hədələyib. Bu açıqlamalardan sonra bəzi Avropa ölkələri Qrenlandiyaya hərbi heyət yerləşdirib. Bu addımlar Avropa paytaxtlarında ciddi narahatlıq yaradıb. Avropalı liderlər “istəsələr də, istəməsələr də” Qrenlandiyanın nəzarət altına alınmasına yönəlmiş bu yanaşmanın NATO-nun təməl prinsiplərini zəiflətdiyini və İkinci Dünya müharibəsi dövründə formalaşan transatlantik ittifaqı risk altına saldığını düşünürlər.
Avropa İttifaqı liderləri Trampın Qrenlandiyanı ələ keçirmə cəhdinə qarşı yeni gömrük rüsumları tətbiq etmə təhdidini “şantaj” kimi qiymətləndirib.
“Prezident Donald C. Trampdan daha çox NATO üçün nəsə etmiş heç bir şəxs və ya Prezident olmayıb. Əgər mən gəlməsəydim, hazırda NATO olmazdı. Tarixin zibilliyində olardı. Acınacaqlıdır, amma həqiqətdir!”.
Tramp ittifaqın yalnız “özünün sayəsində” ayaqda qaldığını öyünərək dilə gətirərkən və regionun satın alınmasını nəticələndirmək üçün planlaşdırılan bir görüşü elan edərkən, Ursula fon der Lyayen “qırmızı xətt” çəkib, Trampın gömrük rüsumları ilə bağlı təhdidlərini “səhv” adlandırıb və Vaşinqton bu istiqamətdə irəliləyərsə, “güzəştsiz” cavab veriləcəyini bildirib.
Tramp Qrenlandiya barədə deyib ki, ABŞ və NATO-nu “çox xoşbəxt edəcək” bir həll tapılacaq. Prezident Donald Tramp mətbuat konfransında Vaşinqton və NATO-nun Qrenlandiya mövzusunda “hər iki tərəfi də qane edəcək” bir razılaşmaya nail olacağına inandığını söyləyib. Tramp deyib: “Düşünürəm ki, NATO-nun çox məmnun qalacağı və bizim də çox məmnun qalacağımız, amma təhlükəsizlik üçün ehtiyac duyduğumuz bir həll tapacağıq”. O, ittifaqın ABŞ olmadan çox güclü olmayacağını əlavə edib.
Atlantik okeanındakı Qrenlandiya adası Avropa-ABŞ ittifaqını dağıda bilərmi?

Tramp İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda Qrenlandiya ilə bağlı bir razılaşma çərçivəsi üzərində razılığa gəldiyini və bu məsələ ilə əlaqədar Avropa ölkələrinə tətbiq olunması planlaşdırılan gömrük rüsumlarından imtina etdiyini bildirib. O, həmçinin Avropa mallarına tətbiq ediləcəyi ilə hədələdiyi gömrük rüsumlarından geri çəkilib. Bu açıqlama Trampın Qrenlandiyanı ələ keçirmək üçün ABŞ-nin hərbi müdaxiləsini rədd etdiyi, lakin bölgəni əldə etmək üçün danışıqlar aparılması tələblərini yenidən səsləndirdiyi çıxışından bir neçə saat sonra verilib. Tramp Danimarkanı ərazini verməkdən imtina etdiyinə görə “nankor” adlandırıb.
Danimarkanın xarici işlər naziri Trampın hərbi müdaxilə və ya gömrük rüsumlarından yayınma addımını “müsbət” kimi dəyərləndirib, lakin Qrenlandiya ilə bağlı mübahisənin hələ bitmədiyini xüsusi vurğulayıb. NATO sözçüsü Danimarka, Qrenlandiya və ABŞ arasında danışıqların davam edəcəyini təsdiqləyib.
NATO-nun baş katibi Mark Rütte mövcud qarışıqlığın dünyanın diqqətini Moskvanın Ukraynada davam edən total müharibəsindən yayındırdığını söyləyib: “Hazırda əsas məsələ Qrenlandiya deyil, əsas məsələ Ukraynadır. Digər mövzulara bu qədər fokuslanarkən topu taca ata biləcəyimizdən bir qədər narahatam”. Rütte, həmçinin qeyd edib: “Onların indi, sabah və birigün bizim dəstəyimizə ehtiyacı var. Avropalı müttəfiqlərin bu mövzuya diqqətini davam etdirməsini istəyirəm”.
Avropa İttifaqının sədri Ursula fon der Lyayen xüsusi bir çıxışında Avropanın yeni ticarət əlaqələri qurmaq və ABŞ-nin tətbiq etdiyi gömrük rüsumları və proteksionizm dövrünə uyğunlaşmaq səylərini ətraflı şəkildə izah edib: “Avropa hər zaman dünyanı seçəcək və dünya da Avropanı seçməyə hazırdır”. ABŞ-nin Qrenlandiyanı ələ keçirmə təhdidinin davam etdiyi bir vaxtda fon der Lyayen Avropanın “yeni təhlükəsizlik arxitekturasına uyğunlaşmalı olduğunu” qeyd edib.
Zirvə çərçivəsində Fransa Prezidenti Emmanuel Makron çıxış edərək ABŞ Prezidenti Donald Trampın Avropanın Qrenlandiyanın ələ keçirilməsinə icazə vermədiyi təqdirdə yüksək gömrük rüsumları tətbiq edəcəyi təhdidini kəskin şəkildə tənqid edib və Avropanın zorakılara boyun əyməyəcəyini, qorxudulmayacağını bildirib. Digər avropalı liderlər transatlantik qarşıdurmanın dərinləşməsinin qarşısını almaq üçün daha ölçülü mövqe tutmağa çalışarkən, Makron daha sərt xətt nümayiş etdirib. Fransa və Avropanın “güclünün qanununu passiv şəkildə qəbul etməyəcəyini” deyən Makron Davosdakı Dünya İqtisadi Forumunda əks halda “vassallaşma” riski ilə üzləşəcəklərini vurğulayıb. Makron bunun əvəzinə Avropanın “qaydasız dünyaya sürüşmə” kimi xarakterizə etdiyi vəziyyətə baxmayaraq, ərazi suverenliyini və hüququn aliliyini müdafiə etməyə davam edəcəyini bildirib. Bu yanaşma Avropa İttifaqının öz sərt ticarət sanksiyaları ilə cavab verməsini də ehtiva edə bilər. Makron deyib: “Zorakılara qarşı hörməti seçirik”. O, “zorakılığa qarşı hüququn aliliyini seçirik” fikrini irəli sürüb.
Almaniya kansleri Fridrix Merts isə ABŞ ilə ticarət gərginliyini azaltmaq mesajı verərək deyib: “ABŞ ilə ticarət davası istəmirik. Lakin uyğun olmadığını düşündüyümüz gömrük rüsumları ilə üzləşsək, cavab vermək məcburiyyətində qalacağıq”. Eyni şəkildə Almaniyanın maliyyə naziri Lars Klinqbeyl də “Biz, Almaniya və Fransa, şantaja boyun əyməyəcəyimiz mövzusunda həmfikrik” sözləri ilə Avropanın ortaq mövqeyini vurğulayıb.
Davosda ABŞ və NATO arasında çətin uzlaşma formulu
Dünya İqtisadi Forumu səbəbilə Davosda olan ABŞ Prezidenti Donald Tramp Qrenlandiya böhranında yüksələn gərginliyi azaldan açıqlamalar verib. Daha əvvəl heç bir prezident xalqının iradəsinə məhəl qoymadan Avropanın suveren bir ərazi hissəsini ələ keçirməklə hədələdikdən sonra Atlantiki keçməyib. Trampın Qrenlandiyanı ələ keçirmə təşəbbüsü dünyanın ən uğurlu hərbi ittifaqı sayılan NATO-ya bərpası çətin olan zərər vurub. ABŞ-nin Avropa ilə əvvəllər paylaşdığı dəyərlərə, o cümlədən beynəlxalq hüquqa qarşı nümayiş etdirdiyi antipatiya yeni bir qırılma riskini də özü ilə gətirib. ABŞ liderləri bu cür səfərlərə hazırlaşarkən nadir hallarda bir britaniyalı Baş naziri “böyük bir axmaqlıq” etməkdə günahlandırıb və ya bir Fransa Prezidentini təsirsiz lider kimi xarakterizə edib. Lakin Tramp və onun ətrafı sərhədsiz şəxsi və milli güc hissi ilə qidalanan aqressiya dalğası içində bunları və daha artığını edib. ABŞ-nin bu transformasiyası ABŞ-ni xilaskar, qoruyucu və tərəfdaş kimi görən Avropadakı bir çox insanı təəccübləndirib. İndi verilən sual ABŞ-nin hələ də dost olub-olmaması deyil, düşmənə çevrilib-çevrilməməsidir.
ABŞ-nin maliyyə naziri Skott Bessent Davosda müttəfiqlərinə müraciət edərək Prezident Donald Trampın NATO müttəfiqi və Avropa İttifaqı üzvü olan Danimarkadan yarı muxtar NATO ərazisi sayılan Qrenlandiyanın nəzarətini, hərbi müdaxilə də daxil olmaqla istənilən vasitə ilə geri alma təhdidlərinə görə “refleksiv qəzəbdən” çəkinməyə çağırıb. Bessent Dünya İqtisadi Forumundakı liderlərə “Dərin bir nəfəs alın, gördüyümüz bu refleksiv qəzəbə və bu amansızlığa qapılmayın” tövsiyəsini verib və qeyd edib: “Niyə oturub Prezident Trampın buraya gəlməsini gözləmirlər və onun arqumentlərini dinləmirlər?”.
Bessent Avropa Komissiyasının sədri Ursula fon der Lyayenin blokun Trampın amansız təzyiq kampaniyası qarşısında “güzəştsiz” olacağını deməsindən və Fransa Prezidenti Emmanuel Makronun ABŞ liderini “zorakı” adlandırmasından sonra Avropa İttifaqı və Fransadan gələn son reaksiyaları “təhrikedici” kimi tənqid edib.
Tramp deyib “On bir ay əvvəl bir qarışıqlıq qəbul etdim və onu düzəldirəm”. O, “Dünya indiyədək görmədiyi bir iqtisadi partlayışa hazırdır” sözlərini səsləndirib. 2026-cı il ölkədə Nümayəndələr Palatası və Senat üzərində nəzarəti müəyyən edəcək aralıq seçkilərə doğru irəlilənən bir dövrdə Trampın liderliyi üçün sınaq ili olub. NATO-nun baş katibi ilə görüşdükdən sonra bir qədər təəccüblü şəkildə Qrenlandiya məsələsində bir razılaşma layihəsinə gəldiklərini bildirib. O, həmçinin “Truth Social” platformasında bu razılaşmanın ABŞ və bütün NATO ölkələri üçün möhtəşəm bir razılaşma olacağını qeyd edib. Bu açıqlama Trampın Qrenlandiya planlarına qarşı daxili ictimaiyyətdə yaranan güclü reaksiyalardan sonra verilib. Respublikaçı senatorlar əgər Tramp doğrudan da Qrenlandiya üçün ordudan istifadə edərsə, bunun impiçment üçün əsas ola biləcəyini deyiblər.
Qrenlandiyanın ABŞ-yə keçməsinin NATO-ya zərər vurmayacağını müdafiə edən ABŞ Prezidenti Tramp bu halda NATO-nun daha da güclənəcəyini vurğulayıb. ABŞ-nin Qrenlandiya ilə bağlı “mülkiyyət və sahiblik hüququ” tələb etdiyini izah edən Tramp bir əraziyə sahib olmadan onun real mənada müdafiə edilə bilməyəcəyini bildirib və qeyd edib: “Bir yeri icarə müqaviləsi ilə müdafiə edə bilməzsiniz, hüquqi baxımdan bu cür müdafiə mümkün deyil. Ora sizin mülkiyyətiniz olmalıdır”. Tramp Arktika bölgəsinin gələcəkdə baş verə biləcək istənilən münaqişədə mərkəzi rol oynayacağını və raketdən müdafiə planlaşdırılması üçün kritik əhəmiyyət daşıyacağını bildirərək deyib: “Bir müharibə başlasa, toqquşmaların böyük hissəsi bu buz parçasında baş verəcək. Düşünün, raketlər həmin buz parçasının düz ortasından uçacaq”.
Tramp Qrenlandiya məsələsində bir razılaşma çərçivəsinə gəldiklərini və buna görə Avropa müttəfiqlərinə təsir edəcək gömrük rüsumlarından imtina edəcəyini söyləyib. Tramp qeyd edib: “Qrenlandiya və hətta bütün Arktika bölgəsinə dair gələcək bir razılaşmanın çərçivəsini formalaşdırmışıq. Bu razılaşma həyata keçərsə, ABŞ və NATO ölkələri üçün çox müsbət nəticələr verəcək”. Bu razılaşma xəttinə uyğun olaraq fevralın 1-də qüvvəyə minməsi planlaşdırılan gömrük rüsumlarını tətbiq etməyəcəyini bildirən Tramp deyib: “Qrenlandiyanı da əhatə edəcək şəkildə “Qızıl Günbəz” layihəmizlə bağlı danışıqlar davam edir”.
NATO-nun baş katibi Mark Rütte ABŞ Prezidenti Donald Trampa deyib: “ABŞ hücuma məruz qalarsa, müttəfiqlərinizin sizinlə birlikdə olacağından tam əmin ola bilərsiniz”. Rütte avropalılara hər zaman ABŞ-nin NATO-ya sadiq qaldığını vurğuladığını bildirib və “yeganə narahatedici məqamın” Avropanın müdafiəyə ABŞ qədər vəsait ayırmaması olduğunu, lakin bunun Haaqa sammitində həll edildiyini qeyd edib. Rütte Trampın “ABŞ hücuma məruz qalsa, Avropanın köməyə gəlib-gəlməyəcəyinə şübhə etdiyi” yönündəki açıqlamasına cavab olaraq bildirib: “Sizə bunu deyə bilərəm, köməyə qaçacaqlar və bildiyiniz kimi Əfqanıstanda da qaçıblar. ABŞ-dən həlak olan hər bir əsgərə qarşılıq başqa bir NATO ölkəsindən, xüsusilə Niderland, Danimarka və digər ölkələrdən ailəsinə qayıda bilməyən bir əsgər olub”.

Digər tərəfdən, qlobal hərbi xərclər hazırda 2,7 trilyon dollara çatıb ki, bu da illik 9,4 faiz artım deməkdir və Soyuq müharibənin bitməsindən etibarən müşahidə olunan ən kəskin yüksəliş sayılır. Dünyanın müxtəlif ölkələri Rusiya, Çin və ABŞ-dən qaynaqlandığı düşünülən təhdidlərə və təkcə 2026-cı il hadisələrinə cavab olaraq hərbi xərcləri artırmaq yarışına qoşulub. BMT-nin baş katibi Antonio Quterreş Davosda dünya liderləri 2026-cı il prioritetlərini nəzərdən keçirərkən deyib: “Liderlər beynəlxalq hüquqa məhəl qoymadıqda, hansı qaydalara əməl edəcəklərini seçdikdə, təkcə qlobal nizamı sarsıtmırlar, eyni zamanda təhlükəli presedent yaradırlar”. Rusiya Ukraynanı işğal etməklə bu prosesi başlatmış ola bilər, Yaxın Şərqdəki münaqişə isə ciddi narahatlıqlar yaradıb, lakin müharibədən sonrakı beynəlxalq nizamı uçurumun kənarına gətirən əsas davranış ABŞ-nin mövqeyi olub. Quterreş bildirib: “Beynəlxalq hüququn aşınması kölgələrdə baş vermir”.
Bu kontekstdə Çinin iqtisadi əlaqələrə cavabdeh Baş nazir müavini Hı Lifınq ilə Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyevanın çağırışları diqqət çəkib. Georgiyeva deyib: “Ən yaxşı yol razılaşmaya aparan bir cığır tapmaqdır, bu, hər kəs üçün faydalı olacaq”. Hı Lifınq isə ABŞ Prezidenti Donald Trampın dünya ticarətini yenidən formalaşdırmağa çalışdığı bir dövrdə çoxtərəfli beynəlxalq ticarət sisteminin qorunmasına çağırış edib.
Nəticə
Qlobal fond bazarları yenidən yüksəlib, ABŞ Prezidenti Donald Tramp Qrenlandiya ilə əlaqəli gömrük tarifləri təhdidlərindən geri çəkilib. Trampın legitim təhlükəsizlik narahatlıqlarını aradan qaldırmaqla yanaşı NATO müttəfiqlərinin suverenliyinə də hörmət edən bir razılaşma üzərində uzlaşmaya gəlməsi İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun illik zirvəsində əsas mövzulardan biri olub. Tramp NATO-nun baş katibi Mark Rütte ilə görüşdükdən sonra Qrenlandiya ilə bağlı “gələcək bir razılaşmanın çərçivəsi” üzərində razılığa gəldiklərini deyib.
ABŞ-nin burada və geosiyasi səhnədə nümayiş etdirdiyi güc nümayişi milyard dollarlıq razılaşmalar, bahalı tədbirlər və çoxtərəfliliklə azad ticarət mövzularında keçirilən texniki panellərlə yadda qalan bir tədbirdə Trampı qaçılmaz gündəm mövzusuna çevirib. Bu vəziyyət eyni zamanda Trampın ikinci prezidentlik dövrünün ilk ilində qlobal nizamı necə alt-üst etdiyini, proqnozlaşdırılması çətin, şəxsiyyətə əsaslanan və müxalifətə çox az yer verən idarəçilik tərzi ilə dünya liderlərini necə həm cəlb etdiyini, həm də narahat etdiyini göstərib. Ursula fon der Lyayen verdiyi açıqlamada bildirib: “Nostalji köhnə nizamı geri qaytarmayacaq. Əgər bu dəyişiklik qalıcıdırsa, Avropa da qalıcı şəkildə dəyişməlidir. Bu fürsəti dəyərləndirməyin və yeni, müstəqil Avropa qurmağın vaxtı çatıb”.
Almaniya kansleri Fridrix Merts isə bu çərçivədə verdiyi qiymətləndirmədə Davosu “daha böyük mənzərəyə” baxmağa çağırıb. Merts qeyd edib: “Ətrafımızdakı dünya misli görünməmiş sürətlə dəyişir. Aldığı istiqamət bizi narahat etməlidir. Böyük güclərin dünyası yeni reallıqdır. Avropa bu mesajı alıb. Almaniya bu mesajı alıb. Bu çağırışın öhdəsindən gəlməliyik və gələcəyik. Bu tarixi vəzifə qarşımızda durur. Almaniya bu vəzifəni yerinə yetirməkdə açar rol oynamaq istəyir”. Almaniya kansleri bu açıqlaması ilə Avropanın Yeni Dünya Nizamı üçün hərəkətə keçdiyi mesajını verib.
Sevinc Əliyeva
Ordu.az