NATO təlimləri istisna olmaqla bu iki qırıcı heç vaxt birbaşa toqquşmayıb. Bu səbəbdən Hindistan-Pakistan gərginliyi qlobal hərbi müşahidəçilərin diqqətini cəlb edib.
F-16: Pakistan Hərbi Hava Qüvvələrinin Əsas Gücü
1981-ci ildə ABŞ “Peace Gate” proqramı çərçivəsində Pakistana F-16A/B satışı üçün razılıq verdi. Bu təyyarələr o dövrdə “fly-by-wire” idarəetməsi, yüksək manevr qabiliyyəti və AIM-9L “Sidewinder” raketləri ilə müasir hesab olunurdu.
PAF-ın F-16-larında olan AMRAAM raketləri uzun müddət Hindistan üçün narahatlıq mənbəyi olub. Erkən model AIM-120A/B raketlərinin mənzili 75 kilometrə qədər çatır. Lakin 2010-cu ildə Pakistan 100 km mənzilli AIM-120C-5 raketləri ilə bir partiya aldı.
1989-cu ildən sonra ABŞ-nin nüvə fəaliyyəti səbəbilə tətbiq etdiyi embarqo Pakistanın F-16 parkına mənfi təsir göstərdi. Ehtiyat hissələrinin çatışmazlığı təyyarələrin texniki baxımını və döyüş qabiliyyətini məhdudlaşdırdı. 1999-cu il Kargil münaqişəsində bu çatışmazlıqlar açıq şəkildə hiss edildi.
2000-ci illərdə Türkiyə ilə əldə olunan razılaşmalar sayəsində PAF parkındakı 41 ədəd F-16A/B təyyarəsi TUSAŞ tərəfindən Orta Ömür Yüksəldilməsi (MLU) proqramına alındı. Radar modernizasiyası, radioelektron mübarizə sistemləri və struktur gücləndirmələri ilə təyyarələr 8000 saatlıq xidmət ömrü üçün yenidən konfiqurasiya edildi.
2016-cı ilin mayında Pakistan və Türkiyə PAF-ın F-16-larını modernləşdirmək və gecə əməliyyatlarına uyğunlaşdırmaq üçün 75 milyon dollarlıq müqavilə imzaladı. Tramp administrasiyası isə ikinci dövründə F-16 parkını dəstəkləmək üçün 397 milyon dollarlıq yardım paketini təsdiqlədi.
F-16-ların üstünlükləri arasında daha uzun uçuş məsafəsi (4220 km vs 3700 km) və aşağı əməliyyat xərcləri yer alır. 4600-dən çox istehsal edilən bu təyyarələr 25 ölkənin xidmətindədir, bu da onun etibarlılığını göstərir.
Hazırda Pakistan təxminən 85 ədəd F-16 istifadə edir. Lakin bunların əksəriyyəti köhnə nəsil A/B modelləridir və müasir döyüşlərdə məhdudiyyətlərlə üzləşə bilər.
“Rafale”: Hindistanın Texnoloji Üstünlüyü
Hindistan Hava Qüvvələrinin “Rafale” döyüş təyyarələri Meteor BVRAAM raketləri, AESA radar sistemi, SPECTRA elektron müharibə kompleksi və “X-Guard” fiber optik müdafiə sistemləri ilə təchiz olunub. Bu texniki üstünlüklər “Rafale”i Cənubi Asiya səmasında özünəməxsus edir.
“Meteor” raketi 120 km məsafədə hədəfləri vurmaqla AMRAAM-la silahlanmış F-16-lara qarşı üstünlük yaradır. “Rafale” bu silahla F-16-ları öz vuruş məsafəsinə salır. Pakistanın hava gücünün əsasını təşkil edən JF-17-lər belə “Rafale”lərə qarşı müdafiəsiz qalır. “Rafale”, həmçinin “Hammer” ağıllı bombaları, SCALP qanadlı raketləri və gecə-gündüz əməliyyat bacarığı ilə strateji hədəfləri dəqiqliklə vurur.
“Thales” istehsalı RBE2 AESA radarı “Rafale” pilotlarına daha uzaq məsafədən təhlükələri aşkar etməyə imkan verir. Radioelektron mübarizə sistemləri köhnə sistemlərə, o cümlədən F-16-lara kilidlənmə imkanı vermir.
SPECTRA kompleksi 145 km məsafədə 40 hədəfi aşkar edir, düşmən radarlarını çaşdırır və onların işini pozur. Bu isə F-16-nın hədəf seçmə qabiliyyətini azaldır. F-16-nın APG-83 radarı 136 km məsafədə 20 hədəfi izləyə bilir.
“Rafale”in yarı-stels texnologiyası F-16-da olmayan bir üstünlükdür. Bundan əlavə, “Rafale” 14 xarici asqı stansiyasına sahibkən, F-16-da bu göstərici 9-dur. Bu isə “Rafale”in daha çox silah və yanacaq daşıya bilməsi deməkdir.
F-16-lar yaxın məsafəli “it dalaşında” effektiv olsa da, “Rafale”in BVR üstünlüyü bu imkanın istifadəsini çox vaxt əngəlləyir. “Rafale”lər uzun müddətli tapşırıqlarda özünü sübut edib. Fransa-Hindistan fasiləsiz uçuşları və 8-10 saatlıq tapşırıqlar “Rafale”in döyüş məsafəsində də üstün olduğunu göstərir.
F-16 ilə “Rafale” üz-üzə: Pilot Bacarığı, yoxsa Texnologiya?
Nəticə etibarilə, Pakistan Hava Qüvvələrinin F-16 döyüş təyyarələri məhdud modernizasiya ilə xidmət göstərsə də, yaxın məsafəli qarşıdurmalarda hələ də təsirlidir. Digər tərəfdən Hindistanın “Rafale” təyyarələri radioelektron mübarizə sistemləri, BVR imkanları və inkişaf etmiş sursat çeşidi ilə strateji üstünlük təmin edir.
Bəzi hərbi ekspertlərə görə, bir “Rafale”ə qarşı Pakistanın ən azı iki F-16 istifadə etməsi tələb olunur. Bu fikrin əsasında “Rafale”in AESA radarı və 150 km məsafəli “Meteor” raketi kimi üstün texnologiyaları durur.
Lakin pakistanlı ekspertlər məsələyə fərqli baxır. Müdafiə və təhlükəsizlik analitiki Faruq Raşid Bat pilot bacarığının təyyarə texnologiyasından daha vacib olduğunu vurğulayır. Onun fikrincə, pakistanlı pilotlar tarix boyu daha köhnə təyyarələrlə belə yüksək nəticələr göstəriblər.
Məsələn, Pakistanın əfsanəvi pilotu M. Alam 1965 Hindistan-Pakistan müharibəsi zamanı bir dəqiqədən az müddətdə beş Hindistan təyyarəsini vurub. Pakistanlı pilotlar Ərəb-İsrail və Əfqanıstan müharibələrində də köhnə platformalarla uğurlu əməliyyatlar aparıblar. 1967 Altı Günlük Müharibədə pakistanlı pilot Saif-ul-Azam Misir və Suriya tərəfində vuruşaraq üç İsrail “Mirage” təyyarəsini vurub.
Batt, həmçinin “Rafale”lərin hələ real döyüş təcrübəsi olmadığını, əksinə F-16-nın sübut olunmuş döyüş keçmişinə malik olduğunu vurğulayır. Pakistan ötən il 1 “MiQ-21”, bu gün isə 1 “Su-30” və 2 “Rafale” daxil olmaqla müxtəlif modellərə məxsus ümumilikdə 5 Hindistan təyyarəsini vuraraq bu sahədəki bacarığını bir daha nümayiş etdirib.
Dəyanət Ağalarlı
Ordu.az