Deməli, ehtimal etmək olar ki, problem ya ABŞ-də, ya İranda, ya da hər iki tərəfdədir. Bu, üç görüşdən sonra tərəflərin fasiləsidir, yoxsa İranla bağlı diplomatik həll yollarından narazı olan qüvvələrin uğurudur? Çünki belə həll yolları onların prosesdən kənarda qalmasına səbəb ola bilər.
Burada ilk növbədə, əlbəttə, İsrailin adı çəkilir, baxmayaraq ki, narazı qüvvələr təkcə İsraillə məhdudlaşmır. Hər bir tərəfin öz narazılıq səbəbləri və məntiqi var ki, bunlar da eyni deyil. Məsələn, ABŞ-İran prosesi ən azı Avropa üçlüyü – London, Berlin və Paris üçün narahatlıq doğurur. Onlar əvvəllər imzalanmış nüvə sazişinin tərəfləri idilər. Lakin o zaman ABŞ administrasiyası Barak Obamanın prezidentliyi dövründə Avropa ilə koordinasiyalı fəaliyyət göstərirdi. Tramp isə artıq onlarla sərt qarşıdurma kursundadır.
Fransa xarici işlər naziri iki həftə əvvəl bəyan etmişdi ki, İranla bağlı yeni proses Avropanın maraqlarını da nəzərə almalıdır. Amma Tramp bu maraqları nəzərə alırmı, yaxud buna hazırdımı? Məsələn, Trampın xüsusi nümayəndəsi İran naziri ilə görüşdən əvvəl – iki dəfə – Moskvaya səfər edib və Putinlə danışıqlar aparıb, lakin Avropa istiqamətində belə təmaslar olmayıb.
Digər tərəfdən, İranın xarici işlər naziri bildirmişdi ki, Avropa paytaxtlarına səfər etməyə və üçlük ölkələrinin xarici işlər nazirləri ilə danışıqlar aparmağa hazırdır. Görəsən, Əraqçinin bu mövqeyi Trampın xoşuna gəlməyib və o, məhz bu səbəbdən ritorikasını sərtləşdirərək İrana qarşı yeni sanksiyalar tətbiq edib? Yoxsa İran bu yanaşması ilə Avropa ilə işləməyə hazır olduğunu göstərərək ABŞ-yə “şantaja boyun əyməyəcəyini” çatdırmağa çalışır?
Bu prosesdə ayrıca məsələ Türkiyədir. O, bu danışıqlarda iştirak etmir, lakin İranla bağlı istənilən inkişaf onun Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiyada perspektivlərini ciddi şəkildə müəyyənləşdirə bilər. Bu baxımdan Ankara da Avropa ilə ortaq maraqlara malik ola bilər. İran ətrafında vəziyyət nə qədər qeyri-sabit və turbulent olsa, Türkiyənin regional çəkisi və rolu bir o qədər yüksələ bilər.
Eyni zamanda, istisna deyil ki, Vaşinqton və Tehran üç görüşdən sonra elə bir mərhələyə gəlib çatıb ki, bu nöqtədən sonra artıq “ev tapşırığı” formatında müəyyən hazırlıqlar aparılmalı və proses daha yüksək səviyyəyə qaldırılmalıdır. Əgər belədirsə, sual yaranır: niyə bu barədə açıq elan verilmir? Ola bilər ki, əks reaksiya və müqavimətin səviyyəsini artırmamaq üçün bu mərhələ gizli saxlanılır.
Asif Cəfərov
Ordu.az