Nüvə məhvi kölgəsində
1947-ci ilin avqustunda Hindistanın İngiltərədən müstəqillik qazanması ilə Hindistan və Pakistan adları ilə iki yeni dövlət yarandı. Əhalisinin çoxu müsəlman olan bölgələr Pakistana, hindu idarəçiliyində olan bölgələr isə Hindistana daxil edildi. Əhalisinin 80 faizi müsəlman olan Kəşmir bölgəsinin Pakistana birləşmək istəməsinə baxmayaraq, Hindistan idarəçiliyi altında qalması bu iradənin reallaşmasına imkan vermədi. Nəticədə, 1947-1948-ci illər arasında baş verən ilk müharibə Kəşmirin iki yerə bölünməsi ilə nəticələndi. Hindistan “Cammu və Kəşmir” ştatlarını qurdu, Pakistan isə “Azad Kəşmir” və “Gilgit-Baltistan” bölgələrinin nəzarətini ələ aldı. Amma iki ölkə arasında davamlı sülh bərqərar olmadı.
1965 və 1971-ci illərdə baş verən müharibələr və ardınca gələn atəşkəs müqavilələri ilə müəyyənləşdirilən “Nəzarət Xətti” yenə də ədalətli sülhün təmin olunmasına imkan vermədi. Soyuq Müharibə dövrünün strateji şəraiti onsuz da dünyanı nüvə məhvi təhdidi altında saxlayırdı. İki nüvə gücü arasındakı bu gərginlik dünya üçün daimi risk elementi olub. 1999-cu ildəki Kargil Müharibəsi “Nəzarət Xətti” üzərində gərginliyin zirvəyə çatdığı və iki nüvə gücünün müharibənin astanasına gəldiyi bir dövr oldu. 2001-ci ildə Hindistan parlamentinə və 2019-cu ildə “Pulwama” terror hücumları iki ölkəni yenidən müharibə vəziyyətinə gətirdi. Tarixi proses göstərir ki, iki ölkə arasındakı gərginlik təkcə sərhəd deyil, həm də din, milliyyət və kimlik əsaslı qarşıdurmalardan qidalanır. Hər yeni böhran keçmişdən miras qalan həssas mövzuları tətikləyərək daha böyük böhranların qapısını açır.
Bu gün Kəşmir üzərindəki həll olunmamış problem sanki partlamağa hazır bir bomba kimi gözləyir. Hindistan və Pakistan kimi iki nüvə gücünün məsələni dini və aşırı millətçi yanaşmalarla idarə etməsi, böhranı daha da mürəkkəb və həllolunmaz edir. İkitərəfli münasibətlər adətən “Qordi düyünü”nə çevrilib. Son hücumla birlikdə isti qarşıdurma ehtimalı da ciddi şəkildə artıb.
Regional və qlobal dinamika
Bu məsələ təkcə Hindistan və Pakistan kontekstində qiymətləndirilməməlidir. Son yaşanan böhranın istiqamətini hər iki ölkənin digər qlobal aktorlarla münasibətləri də müəyyən edəcək. Məsələn, Hindistan-Çin münasibətləri olduqca gərgindir. 2020-ci ildə Qalvan Vadisində baş vermiş silahlı qarşıdurma hələ də davam edən gərginliyin simvoludur. Hindistan Çindən iqtisadi asılılığını azaltmaq istədiyi üçün texnologiya və infrastruktur sahələrində Çin şirkətlərinə sərt tənzimləmələr tətbiq edib. 130 milyard dollarlıq ticarət dövriyyəsi iqtisadi zərurətlə strateji rəqabəti eyni vaxtda bəsləyir. Himalay dağları Hindistan və Çin arasında təbii tampon rolunu oynamasa, bu gərginliyin daha kəskin qarşıdurmalara gətirib çıxara biləcəyi açıqdır.
Digər tərəfdən, Pakistan ilə Çin arasındakı “dəmir qardaşlıq” münasibətləri getdikcə dərinləşir. Çin Pakistana müasir döyüş təyyarələri, Pilotsuz Uçuş Aparatları (PUA) verir və texnologiya transferi edir. Çin Birləşmiş Millətlər platformalarında Pakistanın yanında durur və Kəşmir məsələsində Hindistana qarşı dolayı dəstək verir.
Xüsusilə Qvadar Limanı layihəsi Çin-Pakistan əməkdaşlığının əsas dayağıdır. Qvadar Çinin Hind okeanına açılan qapısıdır. Hörmüz boğazına cəmi 400 kilometr məsafədə yerləşməsi Qvadar limanını strateji mərkəzə çevirir. Bu da Çinin enerji təhlükəsizliyi və dəniz yolları strategiyaları baxımından böyük əhəmiyyət daşıyır. Çinin Hindistanın ABŞ ilə yaxınlaşması və qlobal ticarət müharibəsində mühasirəyə alınması təşəbbüslərinə qarşı Pakistanla əməkdaşlığı daha da dərinləşdirdiyi görünür.
Su böhranı qapıdadır
Hindistanın İndus Suları Anlaşmasını dayandırması bölgədəki ən təhlükəli addımlardan biridir. 1960-cı ildə imzalanan bu müqavilə ilə İndus, Çelum və Çenab çayları Pakistana, Ravi, Beas və Sutlec çayları isə Hindistana buraxılmışdı. Bu tənzimləmə, indiyədək iki ölkə arasında baş verə biləcək mümkün bir su müharibəsinin qarşısını almışdı.
Pakistanın kənd təsərrüfatı və içməli su sisteminin 80 faizdən çoxu İndus çayına bağlıdır. Buna görə də, Hindistanın suyu məhdudlaşdırması Pakistan üçün həyati təhlükəsizlik riski deməkdir. Bu isə Pakistanı Kəşmir cəbhəsində hərbi addımlar atmağa məcbur edə bilər. Üstəlik, bu böhran təkcə Hindistan-Pakistan xəttini deyil, Cənubi Asiyadakı çoxtərəfli su əməkdaşlığını da məhv edə bilər. Çin kimi yuxarı axın ölkələri də bu vəziyyətdən istifadə edərək öz “su kartlarını” daha sərt oynaya bilər.
Neft kranı yoxsa, su kranı?
Əvvəllər ənənəvi müharibələr neft uğrunda aparılırdı. Lakin qlobal istiləşmə və iqlim dəyişikliyi dövründə su yeni müharibələrin əsas cəbhəsinə çevrilir. İçməli su ehtiyatlarının sürətlə tükənməsi suya nəzarəti strateji silaha çevirir. Su böhranının səbəb olacağı miqrasiya dalğaları, ərzaq çatışmazlığı və iqtisadi çöküş təkcə regional deyil, qlobal fəlakətə səbəb ola bilər.
Məşhur ingilis siyasətçi Uinston Çörçill Birinci Dünya Müharibəsində “Bizim üçün bir damla neft, bir damla qandan daha dəyərlidir” demişdi. Bu gün yaşasaydı, Çörçill bəlkə də “Bir damla su, bir damla neftdən daha dəyərlidir” deyərdi. Deməli, bu tarixi prosesdə yaranan yeni tənlikdə “Bir damla su, iki damla qan” deməkdir. Əvəzolunmaz suya görə daha qanlı və sonu görünməyən müharibələrin çıxması artıq çox real görünür.
Fərqanə Vadisi: Həyat mənbəyi, yoxsa müharibə səbəbi?
Hindistan-Pakistan arasındakı su məsələsinin bənzəri Türküstanın Fərqanə Vadisində də yaşanır. Özbəkistan, Qırğızıstan və Tacikistan arasında yerləşən Fərqanə Vadisi Türküstanın ən məhsuldar, lakin ən həssas su hövzəsidir. Vadinin iqtisadiyyatı 70 faiz kənd təsərrüfatına, dolayısıyla su ehtiyatlarına əsaslanır. 2010 və 2021-ci illərdə Qırğızıstan ilə Tacikistan arasında su əsaslı silahlı qarşıdurmalar yaşandı. Özbəkistan zaman-zaman su kartından istifadə edərək qonşularına təzyiq göstərdi. Rusiya, Çin və ABŞ kimi qlobal aktorlar da bu regionu yaxından izləyir. Hindistan-Pakistan arasındakı su razılaşmasının pozulması Fərqanə kimi həssas bölgələrdə də oxşar qarşıdurmaları alovlandıra bilər. Su artıq təkcə həyat mənbəyi deyil, həm də müharibə səbəbidir. Əgər dünyada su siyasəti düzgün idarə olunmazsa, qarşısıalınmaz sərhəd qarşıdurmaları, miqrasiya böhranları və böyük güclərin dolayı müdaxilələri qaçılmaz olacaq.
Sevinc Əliyeva
Ordu.az