Dünyanın Ən Güclü Hərbi Hava Qüvvələri: Türkiyə 2 pillə yüksəldi

2025/01/1737969502.jpg
Oxunub: 2009     15:28     27 Yanvar 2025    
2024-cü il üçün dünyanın ən güclü Hərbi Hava Qüvvələrinin (HHQ) siyahısı açıqlandı. Bir çox ölkəni geridə qoyan Türkiyənin 2 pillə yüksəlməsi siyahıya damğasını vurdu.

HHQ bir ölkənin strateji və əməliyyat imkanlarını formalaşdıran hərbi gücünün ən mühüm elementlərindən biridir. 2024-cü ilin əvvəlində yenilənən dünyanın ən güclü HHQ siyahısı ABŞ-də yerləşən “Global Firepower” (GFP) tədqiqat təşkilatının qiymətləndirmələrinə əsaslanır.

Sözügedən sıralama 145 ölkəni əhatə edən hərtərəfli araşdırma nəticəsində ortaya çıxıb, qırıcılar, təlim təyyarələri, nəqliyyat vasitələri, xüsusi bombardmançı təyyarələr, yerüstü hücum təyyarələri və xüsusi tapşırıq platformaları kimi elementlər nəzərə alınıb.


Türkiyə isə 2023-cü il məlumatlarına görə iki pillə yüksələrək, diqqətəlayiq bir uğura imza atdı. GFP ölkələrin HHQ-lərinin reytinqini təyin edərkən, təyyarələrin ümumi sayı kimi kəmiyyət məlumatlarını nəzərə alır. Bu qiymətləndirməyə döyüş təyyarələrinin, nəqliyyat təyyarələrinin, təlim təyyarələrinin, helikopterlərin və digər təyyarələrin ümumi sayı daxildir.

GFP-nin məlumatlarında ölkələrin hava qüvvələrinin reytinqləri müəyyən edilərkən, Pilotsuz Uçuş Aparatları (PUA) və zərbə PUA-ları kimi müasir texnologiyaların bu qiymətləndirmələrə nə dərəcədə daxil edildiyi barədə dəqiq məlumat yoxdur. Xüsusilə Türkiyənin PUA və zərbə PUA-sı sahəsində lider rolunu nəzərə alsaq, bu elementlərin reytinqlərdə tam əks oluna bilməyəcəyi düşünülsə də, bu elementlərə baxmayaraq, Türkiyənin sıralaması kifayət qədər diqqəti cəlb edib.

Bundan əlavə, GFP-nin ümumi hərbi güc reytinqi yaradılarkən, təkcə HHQ deyil, həm də quru və dəniz qüvvələri, canlı qüvvə, təbii ehtiyatlar, maliyyə vəziyyəti və coğrafi amillər kimi 60-dan çox detallı komponent nəzərə alınır. Beləliklə, GFP-nin HHQ sıralamaları təyyarə sayı kimi ölçülə bilən məlumatlara əsaslanarkən, ümumi hərbi güc qiymətləndirmələri daha geniş meyarlara əsaslanır. 2024-cü ildə dünyanın ən güclü HHQ-lərinin siyahısı belədir:

10. Fransa

Avropanın ən böyük ordularından birinə sahib olan Fransa 2023-cü ildə hərbi xərclərinə təxminən 50 milyard dollar ayırıb. Aktiv xidmətdə 141 min hərbi qulluqçusu olan Fransanın HHQ-sinin inventarında döyüş təyyarələri, bombardmançı təyyarələr və helikopterlər də daxil olmaqla, ümumilikdə 972 hava platforması var.


9. Türkiyə

Türkiyə HHQ NATO-nun ikinci ən böyük HHQ-sidir. F-16 döyüş təyyarələri ilə təchiz edilmiş parkı yerli istehsal olan TUSAŞ layihələri ilə gücləndirilir. Türkiyə həm müdafiə, həm də əməliyyat missiyalarında regional liderdir. 2023-cü ildə hərbi sərmayələrini artırmaq hədəfi ilə 40 milyard dollarlıq büdcə ayıran Türkiyə təxminən 520 min aktiv personalla yanaşı, 400 minə yaxın ehtiyatda olan hərbi qulluqçuya da sahibdir.

Ümumilikdə müharibə vəziyyətində orduya cəlb edilə biləcək insanların sayının təxminən 43 milyon olduğu təxmin edilir. İnventarında 1069 təyyarə və helikopter olan Türkiyə xüsusilə PUA və zərbə PUA-sı texnologiyalarında önə çıxsa da, sözügedən siyahıda bundan bəhs edilmir. Bundan əlavə, 2200-dən çox tank, 60 minə yaxın zirehli vasitə və raket sistemi ilə seçilən Türkiyənin S-400 hava hücumundan müdafiə sistemi də var.


8. Misir

109 milyon əhalisi olan Misirdə 1,2 milyon hərbi qulluqçu aktiv olaraq xidmət edir. Ölkənin HHQ-sinin inventarına 238 döyüş təyyarəsi, 338 helikopter, 100 hücum helikopteri və 59 nəqliyyat təyyarəsi daxildir.


7. Pakistan

Pakistan ordusu 78 mindən çox aktiv HHQ personalı ilə seçilir. Regional dinamikanı nəzərə alsaq, Hindistanla strateji rəqabət Pakistanın hava gücünü prioritet müdafiə elementinə çevirib. İnventarında 387 döyüş təyyarəsi, 60 nəqliyyat təyyarəsi, 352 helikopter və 52 döyüş helikopteri olan Pakistan HHQ Çinlə əməkdaşlıq çərçivəsində istehsal edilən JF-17 “Thunder” təyyarələri ilə də parkını modernləşdirib.


6. Yaponiya

Yaponiya öz HHQ-sini müdafiəyə xüsusi diqqət yetirərək inkişaf etdirib. ABŞ-dən alınan F-35 təyyarələri və yerli istehsal gücləri ilə Asiya-Sakit Okean regionunda güclü aktordur. Ada ölkəsi 50 minlik HHQ personalı ilə seçilir. İnventarında 217 döyüş təyyarəsi, 56 nəqliyyat təyyarəsi, 577 helikopter və 119 hücum helikopteri olan Yaponiya hava gücü baxımından güclü mövqedədir.


5. Cənubi Koreya

Cənubi Koreyanın HHQ-si texnoloji cəhətdən yüksək səviyyədədir. ABŞ-dən alınan F-35 döyüş təyyarələri və yerli istehsal olan 4,5 nəsil KF-21 döyüş təyyarələri sayəsində Cənubi Koreya bölgədəki təhdidlərə qarşı güclü müdafiə qabiliyyətinə malikdir. 65 min aktiv HHQ personalı ilə regional güclərdən biri kimi önə çıxan Cənubi Koreyanın inventarında 354 döyüş təyyarəsi, 41 nəqliyyat təyyarəsi, 758 helikopter və 112 hücum helikopteri var.


4. Hindistan

Təxminən 1,5 milyard əhalisi olan, dünyanın ən sıx məskunlaşmış ölkəsi olan Hindistan 2023-cü ildə müdafiə xərclərinə 74 milyard dollar ayırıb. 2 milyondan çox aktiv hərbi qulluqçusu ilə seçilən ölkənin inventarında 606 döyüş təyyarəsi, 264 nəqliyyat təyyarəsi, 869 helikopter və 40 hücum helikopteri var. Hindistan HHQ Rusiya istehsalı “Su-30MKI” və Fransa istehsalı “Rafale” təyyarələri kimi müasir döyüş təyyarələri ilə diqqət çəkir.


3. Çin

Çin Xalq Azadlıq Ordusunun HHQ-si son illərdə böyük bir modernləşdirmə addımı atıb. J-20 kimi beşinci nəsil döyüş təyyarələri Çinin artan texnoloji imkanlarını nümayiş etdirir. 227 milyard dollarlıq hərbi büdcəsi ilə qlobal supergüc kimi önə çıxan Çin nüvə tutumu, quru gücü, hava gücü və donanması ilə siyahının üst sıralarında yer tutur. 2,5 milyon aktiv hərbi qulluqçusu olan Çinin inventarında 3300-dən çox döyüş təyyarəsi və helikopteri var.


2. Rusiya

Rusiya HHQ 2024-cü il siyahısında ikinciliyini qoruyub saxlamaqda davam edib. Rusiyanın “Su-57” və “MiQ-31” kimi döyüş təyyarələri güclü tarixi irsə malikdir və modernləşdirmə səyləri ilə gücləndirilib. Bundan əlavə, hipersəs texnologiyaları üzərində iş Rusiya HHQ-ni daha da irəli aparır. Rusiya ordusunun inventarında 809 döyüş təyyarəsi, 1547 helikopter, 559 hücum helikopteri və 453 nəqliyyat təyyarəsi var.


1. ABŞ

ABŞ HHQ dünyanın ən böyük və ən qabaqcıl hava parkına malikdir. F-22 “Raptor” və F-35 “Lightning II” kimi beşinci nəsil döyüş təyyarələri ilə qlobal miqyasda hava üstünlüyünü təmin edir. ABŞ-nin parkları strateji bombardmançı təyyarələr (B-2 Spirit) və böyük logistika imkanları ilə dəstəklənir. 831 milyard dollarlıq hərbi büdcəsi ilə rəqiblərindən seçilən Vaşinqtonun 1 milyon 400 min hərbi qulluqçusu, 13 mindən çox döyüş təyyarəsi və helikopteri var.


Türkiyə HHQ-nin uğuru

Türkiyə son illərdə müdafiə sənayesi sahəsində əldə etdiyi diqqət çəkən inkişaflarla beynəlxalq arenada özünü təsdiq etmiş bir gücə çevrilib. 2023-cü ilə qədər müdafiə büdcəsini 40 milyard dollara yüksəldən Türkiyə bu investisiyalarla öz təhlükəsizliyini təmin etməklə yanaşı, qlobal müdafiə sənayesində də lider mövqeyə yüksəlib.

“Global Firepower” internet saytındakı məlumatlara görə, Türkiyə Silahlı Qüvvələri aktiv və ehtiyat hərbi qulluqçular da daxil olmaqla, ümumilikdə 883 min 900 şəxsi heyətlə əhatəli və nizam-intizamlı bir quruluşa malikdir.

Hava, quru və dəniz qüvvələrinin modernləşdirilməsi layihələri Türkiyənin hərbi potensialını xeyli artırıb. HHQ 1069 hərbi təyyarə ilə hava üstünlüyü təmin etmək gücünə malik olarkən, “Kaan” başda olmaqla, 5-ci nəsil döyüş təyyarələri ilə bağlı planlar bu gücü daha da gücləndirir. Onu da qeyd edək ki, Türkiyənin regional gücünü zirvəyə çatdıran PUA və zərbə PUA-sı sistemləri “Global Firepower”ın siyahısında nəzərə alınmayıb.


Müdafiə sənayesindəki innovativ irəliləyişlər arasında Türkiyənin PUA və zərbə PUA-sı texnologiyaları sahəsindəki uğurları xüsusilə mühüm yer tutur. Bu sahədəki inkişaflar Türkiyə Silahlı Qüvvələrinə kəşfiyyat məlumatlarının toplanması, hədəf aşkarlanması və dəqiq zərbə qabiliyyətləri kimi strateji üstünlüklər verir. Bu insansız sistemlər Türkiyənin müdafiə texnologiyalarında yenilikçi simasını təmsil edir.

Nəticə olaraq Türkiyənin müdafiə sənayesində atdığı addımlar texnoloji tərəqqi təmin etməklə yanaşı, həm də milli təhlükəsizlik və regional sabitlik baxımından kritik əhəmiyyətə malikdir. Türkiyə Silahlı Qüvvələrinin bu təkmil qabiliyyəti ölkənin müdafiə strategiyasında müqavimət və çəkindirmənin mühüm elementini təşkil edir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   HHQ   Qlobal-Reytinq  


Bizi "telegram"da izləyin