Ordu.az Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, İsveç hökuməti sərmayəni yaxın vaxtlarda təsdiq edəcəyi Ukraynaya hərbi yardım paketinin bir hissəsi kimi həyata keçirəcək.
Ukrayna Müdafiə Nazirliyinin verdiyi açıqlamada bildirilib ki, Ukrayna müdafiə nazirinin müavini Sergey Boyev İsveç Müdafiə Materialları İdarəsinin direktoru briqada generalı Yohan Akselson ilə görüşüb və razılıq əldə olunub.
Nazirliyin məlumatına görə, bu yeni hərbi yardım paketində silahla təmin etməklə yanaşı, Ukraynanın müdafiə istehsalına, xüsusilə də uzun mənzilli imkanların artırılmasına investisiyaların daxil ediləcəyi gözlənilir.
İnvestisiya çərçivəsində Ukrayna ərazisində uzun mənzilli zərbə tipli pilotsuz uçuş aparatları və “Neptun” qanadlı raketləri kimi elementlər istehsal olunacaq.
Maliyyələşdirmə Ukrayna Müdafiə Qüvvələrinin təklif və ehtiyaclarına uyğun olaraq Ukrayna istehsalçılarından silah almağı hədəfləyən Danimarka modeli çərçivəsində həyata keçiriləcək.
Ukrayna Müdafiə Nazirliyi daha əvvəl elan etmişdi ki, İsveç 2025-ci ildən başlayaraq üç illik çərçivə proqramı çərçivəsində Ukraynaya hərbi yardım üçün 7,5 milyard dollar xərcləməyi planlaşdırır.
Sevinc Əliyeva
Ordu.az