Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, “Birləşmiş Ermənistan” partiyasının rəhbəri, hərbi ekspert Vahan Badasyan baş verən hadisələrə öz münasibətini bildirib.
O, ötən gün “Yerkrapah” birliyinin qurultayı və idarə heyətinə keçirilən seçkilərdə Sasun Mikaelyanın sədr seçilməsinə və birliyin nüfuzunun bərpasına nail oluna bilib-bilməyəcəyi ilə bağlı verilən sualı cavablandırıb.
Badasyan qeyd edib ki, “Yerkrapah”a qarşı onun daim mənfi fikri olub. O, “Yerkrapah”la tarazlığı qorumaq üçün işğal altında olan Qarabağda Veteranlar birliyi yaradıldığını, daha sonra “Azatamartiklər” birliyinə (könüllü döyüşçülər) çevrildiyini xatırladıb.
“Yerkrapah” təşkilatının özəyini döyüşçülərin təşkil etdiyini vurğulayan partiya rəhbəri, onun sonradan hakimiyyətin qorunub saxlanılmasına bir vasitə kimi istifadə edilməyə başlandığını söyləyib: “Vaxtilə ölkənin qorunub saxlanmasına heç bir aidiyyəti olmayan şəxslərin “Yerkrapah”a daxil olmasından sonra qurum daha da nüfuzdan düşməyə başlayıb”.
Özünün veteran olduğu, döyüş iştirakçısı olduğu, lakin bu qurumlara üzv olmadığını diqqətə çatdırıb və bunun nə demək olduğunu anlamadığını qeyd edib: “Ümumiyyətlə ağlı olan veteranlar bu birliklərə daxil olmurlar”.
Badasyan qeyd edib ki, indiki hakimiyyət bu qurumlara ehtiyac duymur. O, eyni zamanda “Yerkrapah”ın artıq ləkələndiyinə görə onu ləğv edib, başqa bir təşkilat yaradılmasının da mümkün ola biləcəyini vurğulayıb.
Sasun Mikaelyanın çıxışında “Yerkrapah”ın bundan sonra heç zaman hakimiyyətin attaşesi olmayacağını vurğulamasına münasibət bildirərkən, Badasyan qeyd edib ki, “Yerkrapah” ləkələnmiş, sabiq hakimiyyətin maraqlarına xidmət edən bir təşkilata çevrilib.
“Bu təşkilatın fəaliyyətinin əsas məqsədi könüllülük prinsipindən çıxış edərək müharibə yerinə ilk çatmaq və dəstək vermək olmalıdır. Lakin 2016-da belə olmadı. “Yerkrapah” məlum rəhbərinin başçılığı altında gəldi və yalnız şəkil çəkdirməklə məşğul oldu. Serj Sarkisyan “Yerkrapah”ı kirli məqsədləri üçün istifadə edib”, - deyə o sözlərini yekunlaşdırıb.
Alpər Mövludoğlu
Ordu.az