Ordu.az xəbər verir ki, bunu iyunun 9-da jurnalistlərlə söhbəti zamanı Ermənistan Silahlı Qüvvələri Baş Qərargahının rəisi Eduard Asryan bildirib.
O, hərbi polis əməkdaşlarının hava limanında Rusiyadan gələn vətəndaşları məcburi şəkildə hərbi təlim toplanışlarına göndərdiyi barədə yayılan məlumatları şərh edib.
Asryan hakimiyyətin ordudan müxaliflərə qarşı cəza aləti kimi istifadə etməsi barədə ittihamları qəti şəkildə rədd edib. O vurğulayıb ki, 2023-cü ildən etibarən on minlərlə ehtiyatda olan hərbçi planlı üç aylıq toplanışlardan keçib və bu proses sırf hüquqi xarakter daşıyır.
“Əgər şəxs Ermənistan pasportunun sahibidirsə, amma düşünürsə ki, buraya yalnız bir tədbirdə iştirak etmək üçün bir günlük gəlib dərhal geri qayıda bilər, o zaman həmin şəxs səhv edir”, - deyə Eduard Asryan bildirib.
Beləliklə, erməni Baş Qərargah rəisi konkret şəxslərin məqsədli şəkildə hərbi xidmətə çağırılması ilə bağlı suallara, o cümlədən hərbi komissarlığın hərəkətlərində siyasi motiv gördüyünü bildirən erməni müxalif fəal Artur Çaxoyanın iddialarına cavab verib.
Asryanın sözlərinə görə, Hərbi Polis hava limanında yalnız standart funksiyalarını, müşayiət və mühafizə vəzifələrini yerinə yetirir. O qeyd edib ki, yaşayış yerindən asılı olmayaraq qanun qarşısında hamı bərabərdir.
“Baş Qərargah yalnız hərbi mükəlləflərin qeydiyyat siyahılarını rəhbər tutur və ehtiyatda olan şəxslər çağırış vərəqələrinə əsasən qeyd-şərtsiz toplanışlara gəlməlidirlər”, - deyə Asryan qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az