Avropa Müharibə Ərəfəsində?| NATO-nun Yeni Müdafiə Arxitekturası və Qitədə Səfərbərlik Dalğası

2025/11/1764157285.jpg
Oxunub: 763     15:38     26 Noyabr 2025    
Almaniyada koalisiya hökumətinin yeni hərbi xidmət qanunu üzrə razılığa gəlməsi Avropa təhlükəsizlik arxitekturasının yavaş, lakin davamlı şəkildə “müharibə iqtisadiyyatı” və “ictimai səfərbərlik” dövrünə daxil olmasına dair güclü əlamətlərdən biridir. Berlinin Rusiya təhdidinə qarşı NATO-nun yeni müdafiə planlarını həyata keçirmək məqsədilə ordu ehtiyatını 80 min nəfər artıraraq 260 minə çatdırmaq istəməsi və qadınlara könüllü hərbi xidmət seçimini təqdim etməsi qitənin müdafiə anlayışında kritik dönüşü təmsil edir. Lakin əsas sual belədir: bu dəyişiklik yalnız Almaniyaya xas bir təhlükəsizlik islahatıdır, yoxsa bütün Avropa müharibə ərəfəsində yeni bir düşüncə dəyişikliyinə hazırlaşır?

Avropanın strateji oyanışı

Rusiyanın 2022-ci ildə Ukraynaya hücumu Avropanın Soyuq Müharibədən sonra rahatlama dövrünün qəti şəkildə sona çatdığını göstərdi. Aİ və NATO üzvləri üçün təhdid qavrayışı demək olar ki, tamamilə yenidən müəyyənləşdirildi. Bu baxımdan Almaniyanın atdığı addımlar təkcə milli siyasətin deyil, daha geniş Avropa transformasiyasının bir hissəsidir.

Bu gün Avropanın bir çox ölkəsində hərbi potensialın artırılması müzakirələri siyasi gündəmin üst sıralarında yer tutur. Estoniya, Finlandiya, Norveç, İsveçrə və Yunanıstan kimi ölkələr artıq hərbi xidməti gücləndirən dövlətlər sırasındadır.

Norveçdə məcburi hərbi xidmət artıq mövcuddur və 2013-cü ildə qadınların da hərbi xidmətə daxil olmasına icazə verildi. Beləliklə Norveç həm kişi, həm də qadın hərbi xidmətini təmin edən ilk NATO ölkəsi oldu. Litva 2008-ci ildə ləğv etdiyi məcburi hərbi xidməti 2015-ci ildə yenidən tətbiq etdi. İsveç 2017-ci ildə bu tətbiqi 8 illik fasilədən sonra bərpa etdi. Latviya 2006-cı ildə məcburi hərbi xidməti ləğv etmişdi, lakin 2023-cü ildə geri gətirdi, qadınlar isə könüllü ola bilirlər. Danimarka 2025-ci ilin iyulundan etibarən qadınlar da daxil olmaqla məcburi hərbi xidməti genişləndirdi. Xorvatiya Parlamenti isə oktyabr ayında 17 illik fasilədən sonra məcburi hərbi xidməti yenidən tətbiq etdi.

Digər tərəfdən, hərbi qulluqçu sayını artırmaq və ordunu daha hazırlıqlı vəziyyətə gətirmək üçün addımlar atan ölkələr də mövcuddur. Polşa 2008-ci ildə məcburi hərbi xidməti ləğv etsə də, hələlik bu xidməti yenidən məcburi etməyib. Hazırda NATO-nun ən böyük üçüncü ordusu olan Polşa ordusu 2035-ci ilə qədər 300 min hərbçiyə çatmağı hədəfləyir. Polşa həmçinin 14-16 yaş arası uşaqlara dövlət təhlükəsizliyi, qəza və fəlakət zamanı xilasetmə işləri ilə yanaşı həftədə təxminən bir saat silahdan istifadə təlimi verir.

Fransada 1997-ci ildə ləğv edilmiş məcburi hərbi xidmət əvəzinə son plan prezident Emmanuel Makron tərəfindən tətbiq edilən Ümumi Milli Xidmət (SNU) proqramıdır. 15-17 yaş arasında olan gənclərə yönəlmiş bu proqram qismən Fransa ordusu tərəfindən həyata keçirilir, həmçinin sosial və vətəndaş mövzularını da əhatə edir. Ordu Makron hökuməti tərəfindən gücləndirilir və hərbi potensial artırılmağa çalışılır. Bununla yanaşı, ehtiyatda olan hərbçilərin sayının 2035-ci ilə qədər iki dəfədən çox artırılaraq 46 mindən 105 minə çatması gözlənilir.

Beləliklə, Almaniyanın qəbul etdiyi qərar Avropanın hər yerinə yayılan daha geniş strateji oyanışın bir hissəsidir. Almaniya 2011-ci ildə məcburi hərbi xidməti dayandıraraq yalnız könüllülərdən ibarət orduya keçdi. Həmçinin azalmaqda olan hərbi personal sayını artırmaq üçün könüllü hərbçilərə ödənişi əhəmiyyətli dərəcədə artırmağı qərara aldı. Yeni plan üzrə 18 yaşındakı bütün kişilər hərbi xidmət üçün uyğun olduqları barədə sorğu doldurmalı və tibbi müayinədən keçməlidir. Qadınlar üçün eyni metod könüllü olaraq tətbiq ediləcək. Yeni qaydalara görə, hərbi xidmət məcburi deyil, lakin bu model məcburi hərbi xidməti də əhatə edir. Yəni təhlükəsizlik vəziyyəti dəyişərsə və ya kifayət qədər könüllü olmasa, Almaniya hökuməti məcburi hərbi xidməti həyata keçirə bilər.

NATO-nun yeni müdafiə dizaynı: 360 dərəcə təhdid qavrayışı

Avropa ölkələrini bu istiqamətdə addım atmağa məcbur edən əsas amil NATO-nun 2023 Vilnius Zirvəsində qəbul edilmiş yeni müdafiə planlarıdır. Soyuq Müharibədən sonrakı dövrdə NATO ilk dəfə Rusiyanı “birbaşa və ən böyük təhdid” olaraq tanıdı. Bu çərçivədə 300 min nəfərlik yüksək hazırlıq qüvvəsinin yaradılması, Avropa ərazilərinin regional müdafiəsi üçün ətraflı əməliyyat planlarının hazırlanması və üzv ölkələrin müdafiə xərclərini ÜDM-lərinin ən azı 2 faizinə çatdırması hədəfləndi. Çox qısa müddətdə müttəfiq dövlətlər bu hədəfə hələ çatmağa başlamamışkən, 2025-ci ilin Haaqa Zirvəsində NATO ölkələrinin 2035-ci ilə qədər illik ÜDM-lərinin 5 faizini müdafiəyə xərcləməyi hədəfləməsi qərara alındı.

Artımın sürəti Avropanın yalnız “strateji ritorik” deyil, ciddi bir “hərbi hazırlıq” dövrünə keçdiyini göstərir. Bütün bu dövlətlərin hərbi personal sayını artırmaq istəyi ilə yanaşı, İsveç və Finlandiyanın NATO üzvlüyü ilə müdafiə inteqrasiyasını dərinləşdirməsi qitənin kollektiv müdafiə refleksinin gücləndiyini göstərir.

İctimai qavrayış: Təhdid və müdafiə səviyyələrində fərqlilik

Avropa hökumətləri müharibə potensialını artırmaq istiqamətində sürətli addımlar atarkən, cəmiyyətin psixoloji hazırlığı eyni sürətlə irəliləməyib. Bir tərəfdən Rusiyanın təhdidi qəbul edilir, digər tərəfdən Avropa cəmiyyətləri təxminən yetmiş ildir sülh, rifah və aşağı təhlükəsizlik xərcləri dövrünə alışıb.

Almaniyada aparılan araşdırmalar gənc əhalinin böyük hissəsinin məcburi hərbi xidmət ideyasından uzaq olduğunu göstərir. Fransada cəmiyyətin 60 faizindən çoxu mümkün NATO-Rusiya münaqişəsinə birbaşa qoşulmaq istəmir. İtaliya və İspaniyada isə təhlükəsizlik xərclərinin artırılması ictimaiyyət tərəfindən tənqid olunur.

Buna baxmayaraq, Baltik ölkələri və Finlandiya kimi Rusiya ilə sərhəd paylaşan dövlətlərdə ictimai motivasiya daha yüksəkdir. Latviya və Estoniyada gənclərin orduya könüllü qatılmasında ciddi artımlar müşahidə olunur. Bu iki fərqli tendensiya Avropanın şərqi ilə qərbi arasında təhlükəsizlik qavrayışı baxımından dərin fərqin olduğunu göstərir.

Avropa müharibəyə hazırlaşır, yoxsa müharibənin kölgəsinə öyrəşir?

Avropada bu gün baş verən inkişafları “yaxın gələcəkdə isti müharibəyə hazırlıq” kimi şərh etmək hələ tezdir. Lakin dəqiq olan odur ki, Avropa sülh dövrünün vərdişlərindən sürətlə uzaqlaşır. Məcburi hərbi xidmət müzakirələri, müdafiə büdcələrində artımlar və orduların yenidən qurulması qitənin özünü uzunmüddətli geosiyasi rəqabət dövrünə hazırladığını göstərir.

Avropada hökumətlər hazırdır, lakin cəmiyyətin bütün təbəqələrinin bu dəyişikliklərə nə qədər uyğunlaşacağı hələ də qeyri-müəyyəndir. SSRİ-dən sonrakı dövrün “komfortlu sülh rejimindən” çıxmaq asan deyil. Üstəlik, bu vəziyyət rifahdan imtina nöqtəsinə çatsa, hökumətlərin qarşılaşacağı ilk problem ictimai motivasiya olacaq. Avropanın gələcəkdəki təhlükəsizlik uğuru yalnız hərbi modernləşməyə deyil, həm də ictimai davamlılığın gücləndirilməsinə və siyasi liderliyin cəmiyyəti bu uzunmüddətli təhlükəsizlik çağında nə qədər yaxşı yönləndirə biləcəyinə bağlı olacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Müharibə   Ordu  


Bizi "telegram"da izləyin