Ordu.az xəbər verir ki, bunu iyunun 1-də sosial şəbəkədə yayımladığı videomüraciətdə məzuniyyətdə olan Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
“Vətəndaş Müqaviləsi” partiyasının namizədlər siyahısına rəhbərlik edən Paşinyan qeyd edib ki, hazırda bu seçim nəzəri xarakter daşıyır və nəzəri seçimi referenduma çıxarmaq ciddi yanaşma deyil.
O qeyd edib ki, bu səbəbdən hakimiyyət Avrasiya İqtisadi Birliyində sakit və soyuqqanlı şəkildə fəaliyyətini davam etdirəcək, çünki burada hələ istifadə olunmamış potensial mövcuddur.
Paşinyan balanslaşdırılmış xarici siyasət modelinə də geniş toxunaraq bildirib ki, son illərdə bu mövzu barədə tez-tez danışır və onun fəaliyyət mexanizmini izah etməyə çalışır.
Onun sözlərinə görə, dövlət beynəlxalq münasibətlərin subyekti kimi yalnız digər ölkələrlə qarşılıqlı əlaqə kontekstində mövcud olur.
Ermənistanın Baş naziri bu balansı kosmik cazibə qüvvələri ilə müqayisə edib.
“Planetlər və digər səma cisimləri müəyyən cazibə münasibətləri əsasında mövcud olur və fəaliyyət göstərir. Bu münasibətlər pozulduqda və balans itdikdə fəlakətlər baş verir”, - deyə Paşinyan bildirib.
Ermənistanın hökumət başçısı erməni mühəndislər tərəfindən hazırlanmış xüsusi qurğunu nümayiş etdirərək balansın pozulmasının və tərəzinin bir gözünün əhəmiyyətli üstünlük qazanmasının “çökməyə və qəzaya” səbəb olduğunu izah edib.
Paşinyan vurğulayıb ki, balanslaşdırılmış xarici siyasət kəskin addımlar nəzərdə tutmur.
Onun sözlərinə görə, həm balansın qurulması, həm bərpası, həm də yeni balansın formalaşdırılması maksimum dərəcədə mərhələli şəkildə həyata keçirilməlidir ki, proses idarəolunan olsun və başqa tipli qəzalar baş verməsin.
Eyni zamanda Ermənistanın hökumət başçısı Rusiya ilə münasibətlərin vacibliyini vurğulayaraq bildirib ki, bu münasibətlər hazırda transformasiya mərhələsindədir.
“Bu transformasiya mərhələsini müsbət hesab edirəm. Bəli, yeni şəraitdə biz Rusiya ilə yeni münasibətlər qururuq və əminəm ki, bu işdə uğur qazanacağıq. O cümlədən ona görə ki, Rusiya ilə münasibətlərimiz açıq və səmimidir, bu münasibətlərdə heç bir qaranlıq məqam saxlamamışıq”, - deyə Paşinyan bildirib.
İqtisadi siyasətin mexanizmlərindən danışan Paşinyan qeyd edib ki, “təhlükəsizlik və ya müstəqillik az sayda tərəfdən asılılığın çoxsaylı tərəflərdən asılılıqla əvəz edilməsidir”.
O şərti nümunə gətirərək bildirib ki, əgər hər gün dörd litr su yalnız bir nəfər tərəfindən gətirilirsə, həmin şəxs qəzaya düşə, xəstələnə və ya suyu gətirə bilməyə bilər.
Ermənistanın Baş naziri deyib ki, belə halda həmin təchizatçı bunun təsir vasitəsi olduğunu anlayaraq qeyri-bərabər şərtlər irəli sürə bilər.
Paşinyanın sözlərinə görə, tərəfdaşların sayının artırılması riskləri minimuma endirir və dövlətə qiymət və həcm məsələlərində seçim imkanı yaradır.
O vurğulayıb ki, məhz bu məntiqlə 2022-ci ildən sonra Ermənistan əvvəllər diplomatik münasibətlər qurmadığı ölkələrlə, o cümlədən Səudiyyə Ərəbistanı və Pakistanla diplomatik əlaqələr yaradıb.
“Hakimiyyət hazırda Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılması istiqamətində ciddi iş aparır. Həmin istiqamətlərdə mövcud olan “boş tərəzilər” balanssızlıq yaradır və bu balansın bərpası şıltaqlıq deyil, dövlətin fəaliyyəti üçün zərurətdir”, - deyə Paşinyan bildirib.
Alpər Mövludoğlu
Ordu.az