Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Trampın sözlərinə görə, İran hazırda “çox pis vəziyyətdədir” və faktiki olaraq artıq hərbi imkanlara malik deyil.
“Onların artıq hərbi gücü yoxdur. Əllərində qalan yeganə şey yaxşı danışmaq bacarığı və feyk mediadır. Feyk xəbərlər yəqin ki, onların ən böyük üstünlüyüdür”, - deyə Tramp bildirib.
Onun sözlərinə görə, əgər ABŞ İranın hərbi infrastrukturunu, donanmasını, hava qüvvələrini, hava hücumundan müdafiə sistemlərini və rəhbərliyini tamamilə məhv etsə, İran isə təslim olmağa məcbur qalsa, bəzi ABŞ media qurumları bu vəziyyəti belə İranın xeyrinə işıqlandıracaq.
“Əgər İran ağ bayraq qaldırıb desə ki, “ABŞ-nin böyük və güclü ordusuna təslim oluruq”, “The New York Times” yazacaq ki, İran qəhrəmancasına döyüşdü və ABŞ-ni məğlub etdi. İşıqlandırma çox qərəzlidir”, - deyə Tramp vurğulayıb.
O bildirib ki, ABŞ mediasının bir hissəsi hərbi uğurları məğlubiyyət kimi təqdim edir və bu, ölkənin maraqlarına zərər vurur.
“Ölkənin həqiqətən böyük olması üçün ədalətli mediaya ehtiyacı var. Bizdə isə belə media yoxdur. Onların bacardığı yeganə şey yalan danışmaqdır”, - deyə ABŞ Prezidenti qeyd edib.
İranla mümkün münaqişənin Respublikaçılar Partiyasına aralıq seçkilərdə problem yaradıb-yaratmayacağı ilə bağlı suala cavabında Tramp bildirib ki, hərbi qərarlar seçki təqviminə əsasən verilməməlidir.
“Əgər bu məntiqlə hərəkət etsəydik, seçkilərin bitməsini gözləməli və yalnız sonra addım atmalı idik. Amma İranın nüvə silahına malik olmasına yol vermək olmaz. Mən düzgün hesab etdiyim şeyi edirəm”, - deyə Tramp əlavə edib.
Sevinc Əliyeva
Ordu.az