Kayl: “Avropa İttifaqına qayıdış Böyük Britaniyanın problemlərini “sehrli şəkildə” həll etməyəcək”

2026/06/1780517553.jpg
Oxunub: 213     00:10     04 İyun 2026    
Böyük Britaniyanın Avropa İttifaqına yenidən qoşulması ölkənin mövcud problemlərini avtomatik şəkildə aradan qaldırmayacaq.

Ordu.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın biznes və ticarət naziri Piter Kayl çıxışı zamanı bəyan edəcək.

Qeyd olunur ki, Baş nazir Kir Starmer daha əvvəl ölkənin ən böyük ticarət tərəfdaşı olan Avropa İttifaqı ilə iqtisadi əlaqələri yaxşılaşdıracağını vəd edib və “Brexit” razılaşmasının vurduğu iqtisadi zərəri tənqid edib.

Bununla yanaşı, o, Böyük Britaniyanın yenidən Avropa İttifaqına qoşulacağı ilə bağlı bütün ehtimalları qəti şəkildə rədd edib.

Son yerli və regional seçkilərdə hakim partiyanın uğursuz nəticələri isə Starmerin siyasi gələcəyi ilə bağlı sualları artırıb və Avropa İttifaqına mümkün qayıdış məsələsini yenidən siyasi gündəmin əsas mövzularından birinə çevirib.

“Böyük Britaniyanın gələcəyinin Avropa ilə bağlı olduğuna hələ də inanıram. Amma hesab edirəm ki, hazırda harada olduğumuz barədə dürüst olmalıyıq”, - deyə Kaylın ticarət məsələlərinə həsr olunmuş illik tədbirdə səsləndirəcəyi çıxışında qeyd olunub.

Nazir bildirib ki, 2016-cı ildə keçirilən referendumdan əvvəl bəzi siyasətçilər “Brexit”in Böyük Britaniyanın bütün problemlərini həll edəcəyini iddia edirdilər.

Onun sözlərinə görə, eyni şəkildə sabah Avropa İttifaqına qayıtmaq da bütün çətinlikləri sehrli şəkildə aradan qaldırmayacaq.

“Məni narahat edən odur ki, indi bəzi insanlar eyni səhvi əks istiqamətdə təkrarlayaraq düşünürlər ki, iqtisadi problemlərimizin və digər çətinliklərimizin həlli yalnız Avropa İttifaqına yenidən üzv olmaqdan keçir”, - deyə Kayl vurğulayıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya    


Bizi "telegram"da izləyin