Ordu.az xəbər verir ki, Tramp yüksək mürəkkəblik dərəcəsinə malik təsdiqlənmiş idrak testindən keçdiyini və mümkün olan 30 baldan 30 bal topladığını bildirib.
Onun sözlərinə görə, bu, həyatı boyu keçdiyi dördüncü belə test olub və hər dəfə qüsursuz nəticə göstərib.
“ABŞ-nin digər prezidentlərindən fərqli olaraq, onlardan heç biri təsdiqlənmiş yüksək mürəkkəblikli idrak testindən keçməyib. Mən isə 30 mümkün baldan 30 bal toplamışam ki, bu da ekstremal intellekt hesab olunur”, - deyə Tramp yazıb.
O həmçinin bildirib ki, ümumilikdə ardıcıl dörd test zamanı 120 sualın hamısına düzgün cavab verib.
ABŞ lideri bu nəticəni olduqca nadir hal kimi qiymətləndirərək onu yüksək əqli qabiliyyətlə əlaqələndirib. Bundan əlavə, o, yenidən Demokratlar Partiyasının nümayəndələrini tənqid edib və paylaşımında onları “Dumocrats” adlandırıb. Bu ifadə partiyanın adı ilə ingilis dilindəki “dumb” (axmaq) sözünün birləşməsindən yaranmış söz oyunudur.
Tramp həmçinin idrak testlərinin ABŞ prezidenti və vitse-prezidenti vəzifələrinə namizəd olan bütün şəxslər üçün məcburi edilməsini təklif edib.
Onun fikrincə, belə bir tələbin irəli sürülməsində Konqres və Demokratlar Partiyasının nümayəndələri təşəbbüs göstərməlidirlər.
Sevinc Əliyeva
Ordu.az