“Asiyanın ürəyinə xəncər”: amerikalı generalın ehtiyatsız sözləri diplomatik qalmaqala səbəb olub

2026/05/1780204886.jpg
Oxunub: 473     09:58     31 May 2026    
ABŞ-nin Cənubi Koreyadakı hərbi kontingentinin komandanı Ksavye Bransonun bəyanatları diplomatik qalmaqala səbəb olub və Cənubi Koreya hakimiyyətini həm Vaşinqton, həm də Pekin qarşısında izahat verməyə məcbur edib.

Ordu.az xəbər verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Qalmaqala səbəb generalın ABŞ Ordusu Hərbi Kollecinin podkastına verdiyi son müsahibə olub. O, Cənubi Koreyanı “Asiyanın ürəyinə xəncər” adlandırıb.

Bu bəyanat Çin tərəfinin sərt reaksiyasına səbəb olub. Çinin Seuldakı səfirliyi belə sözlərin “həddi keçdiyini” bildirib.

Cənubi Koreya prezident administrasiyasının məlumatına görə, milli təhlükəsizlik müşaviri Vi Son Lak, eləcə də müdafiə və xarici işlər nazirliklərinin nümayəndələri ABŞ tərəfinə Seulun rəsmi mövqeyini çatdırıblar.

Mesajın məzmunu açıqlanmasa da, təhlükəsizlik üzrə ekspertlər hesab edirlər ki, burada yaranmış diplomatik münaqişə ilə bağlı təəssüf ifadə olunub.

Prezident administrasiyasının nümayəndəsi təsdiqləyib ki, Cənubi Koreya və ABŞ arasında bu məsələ ilə bağlı müxtəlif diplomatik və hərbi kanallar vasitəsilə əlaqələr davam etdirilir.

General daha sonra sözlərinin yaratdığı təsiri azaltmağa çalışıb. O, Sinqapurda keçirilən Şanqri-La Dialoqu təhlükəsizlik forumunda çıxışı zamanı bildirib ki, sadəcə regionda ABŞ qoşunlarının fəaliyyət göstərdiyi operativ vəziyyəti təsvir etməyə çalışıb və siyasi bəyanat vermək niyyətində olmayıb.

Bu, Bransonun ilk belə ifadəsi deyil. O, ötən il Cənubi Koreyanı Hind-Sakit okean regionunda ABŞ-nin “batmayan aviadaşıyıcısı” adlandıraraq ölkənin Asiyada Amerika hərbi mövcudluğu üçün strateji əhəmiyyətini vurğulamışdı.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Cənubi-Koreya   Asiya  


Bizi "telegram"da izləyin