Ordu.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 30-da seçkiqabağı görüş zamanı deyib.
Paşinyan qeyd edib ki, qəsdən Azərbaycanın ərazisinin ölçüsünü səsləndirmir.
Onun sözlərinə görə, Ermənistandan fərqli olaraq Azərbaycanın ərazi göstəriciləri Xəzər dənizinin səviyyəsindən asılı olaraq dəyişir.
Ermənistanın baş naziri bildirib ki, delimitasiyanın əsas prinsipləri keçmiş SSRİ sərhədləri və Alma-Ata Bəyannaməsidir.
Bununla yanaşı, o, sərhəd xəttinin insanların gündəlik həyatında problemlər yaratdığı hallarda müəyyən optimallaşdırmaların mümkün olduğunu qeyd edib.
Paşinyanın sözlərinə görə, sərhəddə problemlər yaradan sahələr və tərəflərin qarşılıqlı şəkildə bir-birinin ərazisinə daxil olduğu hissələr mövcuddur.
O bildirib ki, bu məsələlər razılaşdırılmış həll yolları tələb edir.
“Prosesin gələcəyi üçün iki yanaşma mümkündür. Birinci yanaşma qarşıdurma məntiqi ilə hərəkət etmək və gələcəkdə yeni böhranlara şərait yaratmaqdır. İkinci yanaşma isə tarixi mübahisələri birdəfəlik bağlamaq və sərhədi gələcək gərginlik mənbəyinə çevrilməyəcək şəkildə formalaşdırmaqdır. Mənim qənaətimə görə, proses ikinci yol üzrə gedir”, - deyə Paşinyan bildirib.
O qeyd edib ki, tərəflər sərhədin yekun müəyyənləşdirilməsi üçün danışıqları davam etdirməli, uzunmüddətli sabitlik və yeni münaqişələrin qarşısının alınması prinsiplərinə əsaslanmalıdırlar.
Ərazilərin mümkün mübadiləsi ilə bağlı suala cavab verən Paşinyan bu məsələdə hələ yekun razılaşmanın olmadığını bildirib.
Bununla belə, o qeyd edib ki, məsələ bu aspektdən də nəzərdən keçirilir.
Paşinyanın sözlərinə görə, məqsəd sərhədyanı yaşayış məntəqələrinin sakinləri üçün problemlər yaratmayan həll yolları tapmaqdır.
“Hazırda həm Ermənistanda, həm də Azərbaycanda sülhü gələcəyin real və dayanıqlı təməli kimi qəbul edən insanların sayı artır. Nə qədər çox insan sülhə inanarsa, onu möhkəmləndirmək imkanları da bir o qədər artar”, - deyə Paşinyan vurğulayıb.
Ermənistanın baş naziri bildirib ki, əsas vəzifələrdən biri gələcək nəsillərə həll olunmamış problemlər buraxmamaqdır.
Onun fikrincə, bu məsələlərin təxirə salınması əlavə risklər yaradır.
“Edilə biləcək ən pis şey prosesi uzatmaq və “görək Yeni ildən sonra nə olacaq”, “görək sonra nə olacaq” deməkdir. Sonra uşaqlarımız böyüyəcək və soruşacaqlar ki, atalarımız və babalarımız bizim haqqımızda düşünürdülərmi?”, - deyə o bildirib.
Paşinyan çıxışı zamanı Ermənistanın “Qarabağ hərəkatı”nı (erməni separatizmi-red.) davam etdirməməli olduğu barədə əvvəlki mövqeyini də müdafiə etməyə çalışıb.
Onun sözlərinə görə, bu qərar “Qarabağ hərəkatı”nın məntiqi çərçivəsində nəticə əldə etməyin mümkün olmadığını başa düşməsi ilə bağlı olub.
Paşinyan hesab edir ki, münaqişənin daha onilliklər davam etməsi Ermənistanı daha da zəiflədəcəkdi və əsas məsələ yenə də həll olunmayacaqdı.
“Daha 10, 20 və ya 30 il Ermənistanın qan itirməsi belə bu problemi həll etməyəcəkdi”, - deyə Paşinyan bildirib.
O, əvvəlki hakimiyyətlərin yanaşmalarını da tənqid edib.
Paşinyan qeyd edib ki, onilliklər ərzində münaqişənin həlli üçün heç bir dayanıqlı model həyata keçirilməyib.
Ermənistanın baş naziri xatırladıb ki, müxtəlif ssenarilər, o cümlədən Qarabağın Mehri ilə dəyişdirilməsi variantı da müzakirə olunub.
Bu kontekstdə o bildirib ki, belə bir variantın müzakirə olunması faktının özü əvvəlki hakimiyyətlərin də Qarabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul etdiyini göstərir.
“Bu, mənim sənə öz saatımı verib sənin saatını almağı təklif etməyimə bənzəyir. Əgər mən dəyişməyi təklif edirəmsə, deməli, sənin əlindəki saatı sənin mülkiyyətin hesab edirəm”, - deyə Paşinyan bildirib.
Sonda Ermənistanın baş naziri qeyd edib ki, delimitasiya prosesinin həyata keçirilməsi üçün siyasi iradə tələb olunur.
Onun sözlərinə görə, o, sərhədyanı bölgələrdə yaranan narazılıqlara və prosesin mürəkkəbliyinə baxmayaraq bu siyasi iradəni nümayiş etdirib.
Alpər Mövludoğlu
Ordu.az